Uzaqsan.
Bir dünyanın içindəyik .
Dünya qədər uzaqsan.
Özümdəsən,sən özümə.
Keçilməzsən,yasaqsan.
Nə yaxınsan,nə də uzaq.
Kölgə kimi varlığım var.
Bu dünyada rahatlığım.
Sənin kimi darlığım var.
Yoxluğun varlığın kimi .
Bəlli deyil,ruh kimisən.
Beynimdə dolaşan fikir
Eşidilməz qəlb səsisən.
Ruhun kölgəsi.
Sən ruhunun kölgəsisən.
Bilirsənmi ,fani bədən?
Hünər billəm,qaranlıqdan.
Keçirsənmi ,fani bədən?
Yaranışdan hər bir kəsə.
Nur verilib,salma səsə.
Beyin ölü,qəlb dinməsə.
Gülürsənmi,fani bədən?
İndini duy,yadına sal.
Axışda qal,payını al.
Görən”göz”ə yoxdur zaval.
Görürsənmi,fani bədən?
Öz içində kainatı.
Daşıyırsan,yaz baratı.
Bu döngünü,bu həyatı.
Sevirsənmi,fani bədən?
Haqq eşqiylə yaranmısan .
Haqq bağına dolanmısan.
Gerçəkmisən,yalanmısan?
Deyirsənmi,fani bədən?
Rəngli-rəngli cümlə qurub.
Saray yarat,sözdən vurub.
Bu dünyadan çox yorulub.
Gedirsənmi,fani bədən?
Bu cahanda qəlbdən sevmək.
Tək-tək olur,Yaradantək.
Cəsarətdir,sevib “ölmək”
Ölürsənmi,fani bədən?
Payız.
Həzin laylay çalıb,incə ruhunla
Ruhuma sözünü deyirsən,payız
Mən özüm özümə uzaqlaşdıqca.
Sən mənə özümü verirsən ,payız.
Enən buludların köksünü dəlib.
Əlini uzadıb,üzümə gülüb.
Dumanla yol gəlib,yerlə sürünüb.
Yenə də dünyama gəlirsən, payız.
Dəyərin artdıqca doğmalaşırsan.
Böyütmək istərəm ,uşaqlaşırsan
Səbəbsiz könlümlə hey ağlaşırsan.
Niyə göz yaşını sevirsən,payız?
Hər solan yarpaqda çiçək gizlənir.
Külək amansızdır,çiçəyin dərir.
Qar yağır üstünə,nura bələnir.
Sarı çiçəyinlə ölürsən,payız.
Unutmaq istədim yağışlarını.
Bağlamaq istədim ,baxışlarını.
Silmək istəyərkən naxışlarını.
Bəs niyə ömrümə dönürsən, payız?
Üzün çox qəmgindir,rənginsə sarı.
Vaxtın ötüb keçir,ömrünsə yarı
Qəlbində qalmasın ,sözün de barı.
Batan Günəşimtək sönürsən, payız.
İçimdə fırtına,yağışım sənsən.
Mən dəli küləyəm,axışım sənsən.
Mənim iki gözüm,baxışım sənsən.
Həsrəti,hicranı görürsən , PAYIZ .
Qəlbin yuxusu.
Məst oluram asta-asta.
Mən qəlbimin yuxusuyam.
Bəzən dostam,bəzən düşmən
Öz -özümün qorxusuyam.
Uzaqların naləsi var.
Səsi məni kar eyləyir.
Görünən kölgədir vücud.
Ruhum cana dar eyləyir.
Məkan nədir,zaman nədir?
Özümüzdən qoymuşuq ad.
Sən ruhunla birləşəndə.
Beynin edər dəli fəryad.
Görünməzlər içindəyəm.
Yolum uzun,azdır vaxtım.
Qəlb sarayım dağılmasa.
Qurulacaq sözdən taxtım.
Hardasan?
Nə əlim çatır,nə ünüm yetir .
Deyə bilmədiyim,sözüm,hardasan?
Məni həbs etmisən,sən geri gətir .
İçimdən qaçmısan,özüm hardasan?
Xəbərin almıram,əlacım yoxdur
Zamana tabeyəm,heç gücüm
yoxdur.
Özümə qızğınam,yox, öcüm yoxdur.
Şeirə düzülən ,yazım,hardasan?
Yolların gözləri niyə kor olur?
Tapmıram ünvanın,həsrət doğulur.
Nəfəs ala bilməm,ruhum boğulur .
Dünyada çoxluğum,azım,hardasan?
Səsim sükutuma qarışıb yaman .
Sükutla hayqırıb,sayıram zaman.
Nə yaman insafsız oldun,ay aman.
Yoxluğun bir dərddir,nazım, hardasan?
Qələmlə sirdaşam,qarşımda durur.
Həsrətin susuzluq,bağım soldurur.
Bu bir sınaqmıdır, sualım budur?
Varlığım,yoxluğum,gözüm, hardasan?