.....

.....

Səadət Cahangirin şeirləri

Səadət Cahangirin şeirləri

Mən Bakı havasına bənzəyən bərbad adam,
tutulduğu dünyanın qəfəsinə yad adam…

yenə sübh açılandan əhvalım darmadağın,
ortalıq tör-tökülü,
bir az əvvəl zəhrimar hava necə döndüsə,
külək vurub apardı divardakı şəkili…

özümü danlayıram – “çıx bu qara dəlikdən”,
fikrim qarmaqarışıq, kitablar aralıqda,
keçən çərşənbə günü pərdələri asanda
büdrəyib yıxılmışam, üç barmağım sarıqda…

itirmişəm başımı, ağıl gedib, huş qaçıb,
dünən pəncərələri örtməyi unutmuşam,
Allah bəlamı versin, qəfəsdəki quş qaçıb…

o gün poçtalyon qadın qəfil qapını döydü,
bilmədim ortalığı toplayım, ya tələsik
ütüsüz paltarımın qırışını gizlədim.
elə sən də gələndə əvvəldən xəbər eylə,
nə vaxtdır yağış vurub, eyvan çirk-pas içində,
yudurdub təmizlədim…

hardan girdi ağlıma
bu gün köhnə sobada şirin çörək bişirmək?
qablar düşdü əlimdən, yer-göy bütün un oldu,
vallah, daha məndən heç hünər gözləmə, oğlum,
anan nə fərli şair, nə evdar xatun oldu…


Zayı çıxıb yaşamağın, yanıldır inancı da,
xəbərlərdə yağış dedi, yağmadı bir damcı da…

nə hissdi bu cəhənnəmdə Tanrıya inandıran?
minarədə azan verən, kilsədə şam yandıran?..

səmt azdıran qaranlığın qapısında kilid var,
deyir, getmə o tərəfə, orda qara bir it var…

üzü yansın qaranlığa hürən qara itin də,
yolumuza pusqu quran kələkbaz ifritin də…

yer üzündə ədaləti qızıl bildik, mis çıxır,
bu düzənin qarasına necə söysən, pis çıxır…

boğuluruq, kim buraxıb içimizə tüstünü?
necə örtək üzə çıxan paxırların üstünü?

qalayçılıq deyil, deyək, bir az qalay gətirsin,
ehh, nə dünya düzələndi, nə bizim bu halımız,
otur, qarson hərəmizə bir fincan çay gətirsin…


Bu axşam yalnızlığı,
bu həyat ucuzluğu,
alıcısız dükanlar, bahalı vitrinlər,
köhnə afişaların pozuq yazılarında
günü keçmiş filmlər…

təqvimdə qış, çevrədə nə quş səsi, nə çiçək,
bütün mövsümlər belə…
sənsizlik havasına
beton göydələnlərin kölgəsində üşümək…
nəfəsində isitmək soyuğun rənglərini,
küçə fənərlərinin sarısını titrədən
xəzri küləklərini…

talemi görüşdürür, yolmu ayırır bizi,
sanki bu boz şəhərlər ölümün qıyısından
çəkib başına yığmış
ayrılıq rüzgarına dağılmış adamları,
neçə aprel sabahı günəşin salamına
gözümüzü açmamış,
bənövşə arzuları vurub getdi yaz qarı…

indi sənə yol gedən soyuq məsafələrdə
yuxusuz gecələrin oyaq qatarlarıdı
dolaşıq fikirlərim,
indi sən ayrılıqsan, uzaqsan,
içimdə bu,
bir adamın yoxluğundan –
üç milyonluq bir şəhərin boşluğu…


Fənərini söndürdü ağ kirəmitli evin sarmaşıqlı balkonu,
iki yuxusuz canlısı qaldı gecənin- atəş böcəyi və mən,
çiynimə toxunan qarağacın yarpaqlarını titrədir içimdəki səs:
sən ki qaranlıqlara dağıtdın gözlərindəki ulduzları,
nədən bir böcək qədər işığı qalmamış dünyanda kimsənin…

həyatın ipçəkdi oyununda acılara dartınır qollarım,
yaşamaq- rüzgarda dənizə açılmaq qorxumun ürkmüş qayığı,
azadlığım- balıqları üzən akvarium kimi bulanıq,
ruhunu canavar pəncəsinə təslim etmiş talesiz yurdumun
qanı sıçramış üstümə,
hər yerdə qan qoxusu almış sülək bir yırtıcı izimdə…

Tanrım, cəzamı bu yaşananlar, yoxsa nə?
hər gün haqsızlığa boğulan dünyamın gözləri böyüdü,
üfüqləri kiçildi xəyallarımın.
mən ki yalın ayaqlı çocuğuydum uzaq o kəndin,
çox ağır olmadımı bu uzun yolçuluq?
çoxmilyonlu şəhərlərdə
adamları ayaq səslərindən tanımağı öyrətdin…

ən başından yer üzünə qorxularsız azadlıqdı xəyalım.
böyük sevdam- günəş, yağmur sərinlikli
hürr yaşamaq havası,
yalanamı inandım, boşunamı tükəndim?
üstümə hər tərəfdən qarabasmalar hürür…
və bir gün sən yığış gəl, ey uzağın adamı,
hər şeyi başdan anladım,
bu yaşamaq – bir kəpənək qəfəsi,
öldürür insanı, öldürür…


Bu kasıb məmləkətdə oğrular vəkildisə,
məhkəmələr oyuncaq, hakimlər şəkildisə:
hökmlər ertələnməz, silahlar çəkildisə-
boşalıb, təzədən bir ölümə qurulunca…

“ağ atlı oğlan” deyə, aldandıq bir süvara,
azad fikrin damğası –“sərxoş”, “səfil”, “avara”,
iki gənc küçəmizdə şüar yazdı divara,
polis özün yetirdi, döngədən burulunca…

elə bil həbs yatır bu evlər, bu çatılar,
həyat qaranlığına nə acılar qatılar,
bağlı pəncərələrə hardansa daş atılar,
kimsənin səsi çıxmaz şüşəsi qırılınca…

mürgülü xor içində beş-on oyanıq hələ,
başımdan tüstü qalxır, çəkər bu yanıq hələ,
qarğaşada çalxanan yurdum bulanıq hələ,
lilindən kimlər çıxar suları durulunca…


____________

Bir aldanışdımı
kitablardan öyrənmək yaşamağı,
romanlardan sevdalanmağı,
yazısımı dəyişdi dünyanın,
yazıçımı yalan,
yoxsa biz bilən doğrular
nağılmış, eləcə bir nağıl?..

bəlkə itmiş əlyazmalar
yaddaşını pozmuş zamanın,
böyük zəlzələlər oxunu əymiş Yerin,
bəlkə məcnun sevdalar girmiş araya,
qarşısına keçmiş ucuz ölümlərin…

bəlkə Zevsin qısqanc qızı Afina
gözəl Meduzanı qorqona çevirərkən
lənətləmiş düzlüyü,
bəlkə ölümlüyə aşiq olan Selena
ilahə sevgisiylə pozmuş ölümsüzlüyü…

bəlkə qadın hüsnünün ən yanlış cizgisiydi,
üç gözəl ilahənin qızıl alma uğruna
yaraşıqlı Parisi satın almaq haqları,
ya zavallı Sednanın okeanda balıq olan
kəsilmiş barmaqları…

bəlkə zaman eləcə möcüzə gözləməkdi,
Şaman dualarıyla Tanrıya səs aparan
Ergenekon bozqurdundan
ağacdələnə kimi,
otuz quşla zaman yorub Qaf dağına yetişən
bələdçi şanapipik dönüb gələnə kimi…

bəlkə Tanrı dağından əsən yaz küləyində
gözlərini min ildi uzaqlara dikən var,
qurdların nəfəsiylə əriyən Dəmirdağın
o üzündə müqəddəs,
yeni bir doğuluşa aparan Ötükən var…

bəlkə əfsanələrin yüz min illik ruhudur,
ən mahir oxçuların hamisi Apollonun
eşq oxuyla ovsunlanmış ürəyi,
nifrətlə cadulanmış ceyran gözlü Dəfnənin
Tanrısından ağac olmaq diləyi…

bəlkə ölümsüz eşqlər çiçək olub, səs olub,
nəhəng qasırğalarda
zaman dalğalarından keçib yol gələ-gələ,
bəlkə nərgiz çiçəyinin hüzün hekayəsində
Narkissosla Ekhonun ruhu yaşayır hələ…

duyğularamı yenildik, hisslərəmi qapıldıq,
buracan nələr yaşadıq… nağıl deyildi axı,
misra-misra şeirlərdə sovrulduq rüzgarlara,
bir aldanışdımı
kitablardan öyrənmək yaşamağı?