“Küsgün “
Dinmirəm, danışmıram,
Könlüm küsüb sözümdən.
Eyləməyin təsəlli —
Əsər yoxdur dözümdən.
Ahım ürəkdə yanır,
Ruhum cismimi danır.
Görənlər ölü sanır —
Nə deyim ki, özümdən?
Əlim çatmır sabaha,
Batdım hansı günaha?
Dilləndirir qəm daha —
Üz görübdü üzümdən.
“Dostum”
Həyat yaman qısadır,
Qədrin bil,yaşa dostum.
Çalış şərəflə çatdır,
Bir ömrü başa,dostum.
Uyma nəfsə,bəd işə,
Faydalı ol həmişə.
Öyrən vaxta,gərdişə,
Düşmə qar,qışa dostum.
Gen ol şərdən,yalandan,
Dava,nifaq salandan.
İkiüzlü olandan,
Eylə sən haşa dostum.
Olma lillənib axan,
Əllərdə qalar yaxan.
El malına xor baxan,
Düşər qarğışa dostum.
Xeyiri şərə qatma,
Haqqı nahaqqa satma.
Səadəti unutma,
Gəz dolan qoşa dostum.
“Sənin üçün darıxanda”
Əlim çatmır ürək yanır,
Ruh bədəndən aralanır,
Göz yalşarım sıralanır
Sənin üçün darıxanda
Təsəllilər vermir aman,
Xoş günlərə qalmır güman,
Gözlərimi tutur duman
Sənin üçün darıxanda.
Şirin, şərbət dadar zəhər ,
Kim nə desə boğur qəhər ,
Ömr edirəm mən bir təhər
Sənin üçün darıxanda.
“Sevdim”
Səni elə sevdim elə bağlandım
Çoxdan tandığım əziz kəs kimi .
O qədər yaxınsan o qədər doğma
Xoş bir avaz kimi şirin səs kimi
Sən sınıq qəlbimə məlhəm çilədin
Qaranlıq dünyama işıq ələdin
Üşüyən ruhumu eşqə bələdin
Olmadın ötəri bir həvəs kimi
Görməsəm əhvalım tamam pozular
Şirin yuxularım tərsə yozular
Cismimə sanki bir məzar qazılar
Gərəksən.. gərəksən bir nəfəs kimi
“Bəsimdir”
Demirəm çiçəkli baharım ol sən
Soyuq payızım da olsan bəsimdir
Əs dəli rüzgartək mənim ömrümdən
Xəzan yarpaqları salsan bəsimdir
Demirəm gerçək ol, qal ,yuxu kimi.
Valeh et ətrinlə xoş qoxu kimi
Ruhumu oxşayan saf duyğu kimi
Axıb ürəyimə dolsan bəsimdir.
Demirəm ulduzum ya da, ayım ol
Nə də ki qismətim, tale payım ol
Əlçatmaz Günəştək uzaq, daim ol.
Sən elə dünyamda qalsan bəsimdir.