Qapımı açıq qoymuşam,
Pəncərəmdən qəfəsləri sökmüşəm…
Gözlədiyim oğrunun
Uğruna dua əkmişəm
Ovcumun çat yerində…
Oğru üçün “əl kitabı” da yazıb qoymuşam
Ömrümün bir küncündə…
Gülüşlərin divarların yaddaşında,
Addımların həyətimin hər daşında,
Baxışların əl güzgümdə,
Eşqin də ürəyimdədi…
…Bir heybə də tikmişəm oğru üçün,
Naxışları sənin “dərd” dediyindəndi…
Cənab yeməkpaylayan,
Menyunuzda eşq varmı?
Ədviyyatı səadətdən,
Sousu azadlıq olsun…
Əlimi silməyə kağız gətirmə,
Göz yaşı bəsimdi; sevincdən olsun!
Eşq bulağının suyundan dəmlə çayı,
Süz ovcuma;
Ömrə gəlib-gedənlərə
Yetməz fncan sayı…
Şokolad kağızından qəhqəhə çıxsın,
Dişləyim, ruhuma cüt qanad taxsın…
Uçum-uçum göylərə,
Ömür də Tanrı payı…
…Cənab yeməkpaylayan,
Hesabı yaz… Oldumu?
…Bir ömür xərcləmişəm,
Hesabın düz oldumu?
Qolumda tapammıram,
Ruhumda izi qalıb
Biləyimə dişlərimlə taxdığım saatın…
…Nə gözəl yaşayırdıq ömrü…
Nə gözəl “hesablayırdıq” vaxtı…
“ Quşlar uçanda…”
“Kəpənək qanadında…”
“Lalələr qızaranda…”
“Sərçə içib doyanda…”
… Nə qocalığa işləyir,
Nə yarısı olurdu günümüzün…
Nə ölümə az qalır,
Nə gözü doyurdu ömrümüzün…
… Ruhumda izi qalıb
Biləyimə dişlərimlə taxdığım saatın…
Sonunda sevdalıların
Muradına yetdiyi nağılları söylə mənə…
Arzulardan çay dəmləyim…
Xəyalları film kimi izləyək…
Deyək-gülək…
Ümidlərin dibçəyinə sevinc göz yaşı tökək…
Sonra…
Sonra da çıxaq vüsal şəhərinin
Ən yüksək nöqtəsinə…
Ordan seyr edək həqiqəti;
Ayrılığın ulduz –ulduz parladığı zülməti…
Gözünün yaşı söndürər
Yaşam eşqini; ağlama!
Gülüşün gülə döndərər
Ovcundakı dərdini: ağlama!
Bil ki,
Ömrə gələn gedəsidir; gülümsə…
Sev ki,
Sevgi dünyalararası
Savaşın atəşkəsidir; gülümsə…
Gəl, otur yanıma,
Cənab yeməkpaylayan…
Gəl, ikimiz bir yerdə
Xatirəni haylayaq…
Danış müharibədən…
Yollarına gül deyil,
Güllə səpən taledən…
Söylə, ən yaxın dostun
Qayıtdımı evinə?
Sağ-salamatmı döndü?
Yoxsa sənin çiynində?
…Cənab yeməkpaylayan,
Torpaqdan pay vermədin!
İndi gəlib
Döyüş vaxtı gizlənən,
Savaş nədi bilməyən
Həmyaşıdın üçün sini daşıyırsan…
O, gülür, əmr verir…
Qaşların düyünlənir…
Bilirəm, bu düyündə min kədər yaşayırsan…
Yarı toz, yarı qan əsgər paltarı
Olub xatirəsi ağ köynəyinin…
Küçədə bağrına basan insanlar
İçəridə adıdır dağ göynəyinin…
Şəhidlik asandır, yoxsa şahidlik
Savaşın ən qatı, ən tünd halına?
Söylə, qardaş…
Çəkinmə, dərd bilir səni yaradan!
Adın medallardan daha ucada:
QARABAĞI AZAD EDƏN QƏHRƏMAN!
Gəldin…
Sevdim…
Getdin…
Qırıldı ürəyim, çilikləri izlərinə səpildi…
Ağlım yüz dəfə ürəyimə:
“Unut!”-deyə təpindi…
Getdin…
Sevdim…
Sevdim yenə,
Həsrət əkdim ömür-günə…
Sevmədin…
“Sevdim!”-demədin bir kərə…
Barı, xatırla, unutma,
Bir şair sevdi səni;
Duyğuları bakirə…
Ləçək-ləçək ayırdığım
Çobanyastığı sevindi;
Gəldiyin yollara səpdim…
Qolumun üstə düzdüyüm
Qərənfillər qəhərləndi;
Getdiyin yollara səpdim…
Unutduğun adım olsa,
Unut…
…Dərdinə dönməyim…
Bircə onu unutma ki,
Gözümün bəxtinə düşüb
Çiçəklərə su verməyim…