***
Bu sevginin sonu yoxmuş, əzizim,
Ocağım da sənsən, közüm də sənsən.
Sənintək kimsəni sevə bilmərəm,
Məni mən eləyən özüm də sənsən.
Hərdən dalaşırıq uşaqlar kimi,
Küsməyin bir ayrı, nazın bir ayrı.
Sən mənim ömrümün hər tərəfisən,
Qışın bir ayrıdır, yazın bir ayrı.
Sən məni bağışla, xəyallarının
Bilirəm, bəzisin puç eləmişəm.
Mən sənə xoşbəxtlik verməkdən ötrü
Vallahx öz ömrümü heç eləmişəm.
Hərdən dalaşırıq uşaqlar kimi,
Qırıram qəlbini, yalan olmasın.
Sənin ürəyinin qadasın alım,
Alım ki, ağrısı qalan olmasın.
Bu sevginin sonu yoxmuş, əzizim,
İçmişik badəsin səbirdən belə.
Bizi ayrılıq da ayıra bilməz,
Yanımda yerin var qəbirdən belə.
***
Sənsizliyə də öyrəşdim,
Sənsiz də yaşayıram.
Məni sən öldürəndən
Sonsuz da yaşayıram.
Əsərinə baxginən,
Qatil olan sevgilim.
Öldürənlər ağlamaz,
Gözü dolan sevgilim.
Heç olmasa, unutma,
Xəyalında qalım, qız.
Bir yol məzarım üstə
Gəl, qadanı alım, qız.
***
İtib getdik bu şəhərin içində,
Bu şəhərin vətəndaşı olmadıq.
Yerdən göyə minarələr ucaltdıq,
Divarının bircə daşı olmadıq.
Bu şəhərin ətəyində Xəzər var,
Sahilləri mamırların qoxusu.
Dalğaları qan ağlayır gecələr,
Pozulubdur bu şəhərin yuxusu.
Bu şəhərdə körpülərin altında
Ər oğullar boynubükük dayanır.
Bu şəhərdə neçə körpə ac-susuz
Gün doğmamış dilənməyə oyanır.
Bax o qıza, gözlərində təlaş var,
Bu şəhərin görüm üzü ağ olsun.
Göz önündə gələcəyim məhv olur,
Qalx ayağa, denən, Vətən sağ olsun!
Daşa dönür bu şəhərdə adamlar,
Küsənləri bir-birilə barışmaz.
Yüz il keçsə, mənim kimi adamlar
Qaynasa da, bu şəhərə qarışmaz
***
Günahımız silkələndi,
Oxu çıxdı bu dünyanın.
Halalına haram qatdıq,
Qoxu çıxdı bu dünyanın.
Bu nə dərddir, qazı qaldı,
Oxunmamış yazı qaldı.
Torpaq altda azı qaldı,
Çoxu çıxdı bu dünyadan.
Namus, qeyrət, arı getdi,
Ha dalınca zarı, getdi.
Əllərindən varı getdi,
Yoxu çıxdı bu dünyanın.
***
Tullayıb gedəsən ayaqlarını,
Gedəsən gizlicə, görən olmaya.
Yada mismarlana qapı pəncərən,
Bir də ürəyinə girən olmaya.
Ölsən bir sübh çağı səhər mehindən,
Bir ovuc göz yaşı üzünə dəyə.
Bütün arzuları götürüb gedən
Sonuncu nəfəs də gözünə dəyə.
Nəşinin dalınca ulaya itin,
Dartına zəncirdən, hürə bir ağız.
Küçənin başında dayanan qadın
Şaxsey deyənlərə verə bir ağız.
Şəmsəddin Həkəri