.....

.....

Sənə yazacaqlarım varaqlar üçün deyil – Ruslan Dost Əlinin şeirləri

***

Orucumu pozaram, and içərəm doyunca,
Səni inandıraram bu eşqə yol boyunca.
Deyirsən, sevgi nədi, oyuncaqdı, oyuncaq,
Olsun, bilməlisən ki, uşaqlar üçün deyil…

Baramaqlarını gətir, bir, iki, üç, dörd… sayım,
Adını əzbərləyim, gündüzlər sayaqlayım.
Yaxın dur, dodağına bir kəlmə pıçıldayım,
Mənim deyəcəyim söz qulaqlar üçün deyil…

Tərpənməyə qorxuram, bu eşq ki var canımda,
Bircə addım ataram, boğularam qanımda.
Bu əlləri bəs niyə saxlamışam yanımda?
Ay qız, sənin saçların daraqlar üçün deyil.

Mən tanrıdan nə bir din, nə ayə istəyirəm,
Nə azan oxumaqçün minarə istəyirəm.
Göy üzünü bir günlük kirayə istəyirəm,
Sənə yazacaqlarım varaqlar üçün deyil…

***

Adını da unutdum,
Sevdiyim ətirlərin.
Mən hər işə gedəndə
Səndən vurdum üstümə…
Yaxşı yola gedirdik,
Bircə şeydən savayı,
Sən deyirdin uzundu,
Mən deyirdim, kəsdirmə…

Hirslənəndə tuturdun
Bu şəvə saqqalımnan.
Sonra gəlib öpürdün
Üzümdəki xalımnan.

Gözünü zilləyirdin
Elə uzun-uzadı.
Deyirdin, qoy kəsdirim,
Uzağı bir həftədi,
Bir də gördün uzandı…

Baxardın, saçlarında
Əlim nəsə gəzərdi.
Bəs axı birdən-birə
Bizə belə nə oldu?
Nənəm demiş, nəzərdi.

İndi kimə əl açım,
Qaçım kimin üstünə?
Mən baş aça bilmirəm,
Nətər getmisən ki, sən
Üst-başımda qalmısan, –
Gələn-gedən soruşur:
Nə vurmusan üstünə?..

***

O, sən – iki ürəkdi,
Biri yoxa çıxanda
Birində heç nə qalmır…

Min nəfər tanıyırsan,
Biri gedir ömründən, –
Ömründə heç nə qalmır…

Dindi, imandı sevgi, –
Sevgin yoxa çıxanda
Dinindən heç nə qalmır…

Eşqin riyaziyyatı
Əlbəttə ki, fərqlidi:
2-dən 1 çıxanda
Yerində heç nə qalmır…

***

Yenə oyun çıxardırsan,
Fırlanırsan başıma.
Nə yaxşı arxadan gəldin
Və çıxmadın qarşıma…

Baxma zəif tərəfimsən,
Bu tərəf gücləndirir məni.
İnan, səninlə içdiyim
Su da kefləndirir məni…

Otur, fırlanım başına,
Sən də mənim oyunuma bax:
Əmr elə, boynum vurulsun,
Bir az da dur, boynuma bax…