.....

.....

“Sən gəlməz oldun” – Mədinə Gülgün (şeirlər)

“Sən gəlməz oldun” – Mədinə Gülgün (şeirlər)

DURNALAR QAYITDI

Deyirdin baharda görüşərik biz,
Bahar gəldi, getdi, sən gəlməz oldun.
Daşlaramı dəydi sındı əhdimiz,
Aylar gəldi, getdi sən gəlməz oldun.

Dedin, durnalarla gələrəm mən də,
Durnalar qayıtdı sən gəlməz oldun.
Saraldı yarpaqlar çöldə, çəməndə,
Payız fəsli çatdı sən gəlməz oldun.

Deyirdin qapına qonaram quş tək,
Quşlar cəh-cəh vurdu,sən gəlməz oldun,
Yaşamaq eşqiylə vəcdə gələrək
Quşlar yuva qurdu sən gəlməz oldun.

Dedin nəğmələrlə dönərəm geri,
Min nəğmə ucaldı, sən gəlməz oldun.
Tükəndi ömrümün bahar günləri,
Könlüm sənsiz qaldı sən gəlməz oldun.

Sənsiz dönə-dönə yollara baxdım;
Gözlərim qaraldı,sən gəlməz oldun.
Ay mənim taleyim,ay mənim baxtım,
Söylə,bu nə haldı sən gəlməz oldun.

Dərdimi ahəstə çaldım, sevgilim,
Susdular çaylar da sən gəlməz oldun.
Axı necə deyim, heç gəlmir dilim,
De bəs qaldın harda sən gəlməz oldun?

Sən dönük deyildin,dönük deyilsən,
Yəqin…eh nə deyim, sən gəlməz oldun.
Dözümlü olsam da, darıxır hərdən,
Ovunmur ürəyim-sən gəlməz oldun.

Fəqət inanıram, bir gün olacaq
Mən deməyəcəm sən gəlməz oldun,
Qəmim o həsrətli gündə qalacaq.
Kim deyir sən xəyal, ya bir səs oldun.
Gün gələr demərəm sən gəlməz oldun…

KİM DEYİR

Kim deyir bitməmiş qalacaq nəğməm,
Kim deyir sınacaq könül tarım da.
Elə alovludur, odludur sinəm
Qalmaz arzularım, qalmaz yarıda.

Kim deyir bu günüm olacaq röya,
Sabah unudulub gedəsiyəm mən?
Qarışıb nə qədər şirin arzuya
Yenə də, yenə də ötəsiyəm mən

Kim deyir… inanma hər deyilənə,
Mən böyük dənizin bir damlasıyam.
Yazmağı öz xalqım öyrətdi mənə,
Mən onun danışan, dinən sazıyam.

Kim deyir bu gün var, sabah yoxuq biz,
Hər deyilən sözə inanmayın ha.
Həyat bir dalğalı, haraylı dəniz,
Dalğalar gah enər, gah qalxar şaha.

Ləpələr bir insan ömrünə bənzər,
Ləpələr bitməmiş, ləpələr gələr.
Sahil qumlarına səpildikcə zər
Suların qoynundan nəğmə yüksələr.

Bu səhər dünyaya ilkin göz açan
Gör neçə oğul var, gör neçə qız var.
Kim deyir qonaqdır dünyada insan
Bizim sabahımız, sabahımız var.

Həyatda daş üstə daş qoyan kəsin
Ömrü qara daşa dönərmi deyin.
Bu insan nəfəsli torpağın, ərzin,
Odu, hərarəti sönərmi deyin.

Kim deyir bitməmiş qalacaq nəğməm,
İnanma, inanma hər deyilənə.
Beşikdə qımışıb, ağlayan körpə
Sanki şirin mahnı oxuyur mənə.

Kim deyir bu günüm olacaq röya,
Sabah unudulub gedəsiyəm mən.
Qarışıb nə qədər şirin arzuya
Yenə də, yenə də ötəsiyəm mən.

HƏRDƏN

Kimsə bir dost kimi yad edir məni
Hardasa nəğməmi oxuyan olur.
Elə bil dünyanın məhəbbətini –
Mənə bəxş edirlər, ürəyim dolur.

Bəzən məclislərdə düşürəm yada,
Deyirəm əməyim getməmiş hədər.
Kiçik bir damlayam coşqun sularda,
Haqqım var sevinim bir damla qədər…

Bəzən həzin-həzin çalıb ötürəm,
Hardasa, kiminsə kövrəlir qəlbi.
Bəzən müjdələrə çevrilir nəğməm,
Döyür qapıları qaranquş kimi…

Dönüb saf gülüşə qonuram bəzən
Kiminsə üzünə yox olur qəmim,
Kiminsə qəlbində yaşayıram mən,
Demək, yaşamağa haqqım var mənim…

Mənim sevinməyə haqqım var, haqqım,
Damlayam, yaşadar nəhrlər məni…
Sevin, sən də sevin, Vətən torpağım,
Kimsə, haradasa yad edər məni…