.....

.....

Sən yenə özümüzünküsən, İlahi… Xəyalə Sevil (şeirlər)

Sən yenə özümüzünküsən, İlahi… Xəyalə Sevil (şeirlər)

***

Hansı ölüm yaxşıdı
Ölümlərin içində?
Bir dinclik tapmayıb
Yorulub ölmək?
Yoxsa
Onun gözlərinə, baxışlarına
Vurulub ölmək?

Ürəyimin içindədi,
Əlimin çölündə yoxdu,
İlahi, məni başa sal,
İlahi, bilim dəə, yoxdu.

Ayağımdan çəkildi yol,
Yıxıldım ürəyin üstə.
Mən onun məhəbbətinə
Tutuldum, heç nəyin üstə.

***

Birdən soyuyur adam
Yaşadığı evdən,
Getdiyi yoldan,
Alışdığı adamdan.
Sonra hamı bir-birini
Əvəz etməyə başlayır-
Bəlkə sən də kiminsə
Əvəzi idin,
İndi çıxıb yadımdan.
Vaxt keçir!
Neçə yaşı qocaltmışam
Bu yaşıma gəlmək üçün?
İndi anlayıram ki,
Qılığı olmalıymış insanın
Taleyin xoşuna gəlmək üçün.
Darıxıram və görürəm ki,
Ən çox getmək istədiyim yer
Uzaqlardı..
Sən yenə özümüzünküsən, İlahi,
Yad öldürsəydi, nolardı?

***

Ürəyindən bərk yapış,
Sözünü tut, deyirəm…
Bu nə yükdu gözümdə?
Mən ki bulud deyiləm.

İşdi, ayrılıq gəlsə,
Unutmaram- qətidi.
Sevə bilmək insanın
Ən yaxşı cəhətidi.

Ürəksizəm- nəyim var,
Səndə qoyub getmişəm.
Gör mən sənə nə gözəl
Sevilmək öyrətmişəm.

***

Ürəyimdə bir müsiqi səslənir,
Sözləri məndəndi, avazı səndən.
Yaman üşüyürəm bu son zamanlar,
Bir azı qışdandı, bir azı səndən.

Gəlsəm, yolum çatar, çağırsam, səsim,
Gəlmirəm, dinmirəm- gör nə deyirəm.
Uzaqdan-uzağa sevirəm səni,
Yaxından-yaxına qəribsəyirəm.

Nə qədərəm ürəyimdə bəs sənin?
Boydan-boya, endən-enə ölç, görüm.
Qəliz işdi mənim səndən keçməyim,
Yol yaxınkən özün məndən keç, görüm.