.....

.....

Səni mən uydurmuşam – Təhminə Mübariz

Səni mən uydurmuşam – Təhminə Mübariz

Səni mən uydurmuşam

Səni mən uydurmuşam,
Qarışıq keçmişimdən,
Bulanıq gələcəkdən,
Qəlbin tükənmişindən..

Bu dəyər libasını,
Mən biçmişəm əyninə..
Getsəm, donacaq ruhun,
Bu heç gəlir eyninə?..

Bilirəm, səndə deyil,
Bu sürgünün günahı..
Aydınlığa qovuşmur,
Hər gecənin sabahı..

Gözünün aynasından,
Mənə baxan o qızı,
Qaranlığın içinə,
Tərk edilmiş yalnızı,
Bəyənmədim, gedirəm..


Döngü

Yenidən bu döngünün,
İçində nə gəzirsən?
Eyni səhvlər içində,
Nə yenilik sezirsən?

Tanrı sınağı deyil,
Elədiyin seçimlər.
Xəstə ruhu sağaltmaz,
Nə dərman, nə həkimlər..

Üzləşməkdən qorxduğun,
Keçmişinin ağrısı,
Sən qaçdıqca azalır?
Heç dinirmi yanğısı?

Bitir bu qarmaşanı,
Yol tükənir, az qalıb..
Keçdin payızı, qışı,
Bir nəfəslik yaz qalıb..

O məşuq süründürür..

Kədərini anlayar,
Dənizində üzənlər.
Lap dayazda boğulur,
Ümiddən əl üzənlər..

Gecənin zülmətindən,
Rəbbə pənah aparan,
Bilirəm, çox ağrıdır,
Qaşındıqca o yaran.

Aldığın hər bir nəfəs,
İynə kimi sancılır.
Qismətinin şərbəti,
Zəhər kimi acıdır.

Bu hicrana dözməyə,
Demə məndə can hanı?!
O məşuq süründürür,
Sevdiyi hər cananı..

Mən rüzgarın özüyəm..

Qorxuda bilməz məni,
Gedişin, yox oluşun..
Mən dibindən çıxmışam,
Zülmət dolu yoxuşun..

O əllər də olmasa,
Ətəksiz qalmaram mən..
Mənim olmayan qəlbə,
Çətin ki, yalvaram mən..

Məhəbbət əngin dəniz,
Heyif, qırıq yelkənin..
Mən rüzgarın özüyəm,
Əssəm, yıxaram səni..


Təhminə Mübariz