Ayrılıqlar Şəhəri
Ayrılıqlar şəhəridir bu şəhər,
Burda gözlər nələr görür İlahi .
Adamları tez yorulub, sustalır
Çiçəkləri nə tez ölür İlahi.
Küləyindən dəli olar dənizi,
Ulduzları səmalara səpilməz.
Qurumaz ki, adamların göz yaşı,
Buludları başı üstə çəkilməz.
Bu şəhərdə yağış döyər saçına,
Gözlərinin giləsində dərd doğar.
Bu şəhərin bilinməz e qibləsi,
Hər yerinə günah yağar, şər yağar.
Tanrı çoxdan əlin çəkib üstündən,
Mələkləri bir də girməz içəri .
İblisin sol əlindədir a dostum,
Bu torpağın bu şəhərin açarı.
DE NECƏ EDƏK…
(İllər öncə yazılıb)
Mən necə sındırım həsrət buzunu,
Qəlbimin istisi qəlbinə düşsün
Mən necə edim ki, eşqin alovu,
Sənin buz qəlbini bir az isitsin.
Mən necə edim ki,niskilin,qəmin,
Biryolluq başından silinib getsin.
Gileylə açılan səhərin günün,
Sevinclə başlayıb sevgiylə bitsin.
Sən necə edəsən xatirələri,
Yadıma saldıqca köks ötürməyim.
Bizi ayrı salan həsrət izləri,
Nə qarşıma çıxsın nə də görməyim.
Sən necə edəsən ayrılıq qarı,
Qara saçlarımda bəyaz olmasın
Çıxar ürəyimdən ayrılıqları,
Qalıb ürəyimdə buz bağlamasın.
Biz necə edək ki bu hicran yükü,
Bizim çiynimizdə təpələnməsin.
De necə qoruyaq müqəddəs eşqi
Ayaqlar altına səpələnməsin.
***
Yağış, yağış ağlayıb
Bulud,bulud doluram
Budaq,budaq tökülüb,
Yarpaq,yarpaq soluram.
Sevinc ilməsin söküb,
Qəmə köynək tikirəm.
Soyuqluğun önündə
Dizlərimi bükürəm.
Bax,Çiskinli həsrətin
Ürəyimdə üşüyür.
Hicran küləklərindir,
Yollarımda şütüyür
Bir qucaqlıq baharı
Alıb verdin yelə sən.
Xəzəl xəzəl sovruldun
Payız niyə beləsən?
***
Düşürsən mürəkkəb damcısı kimi,
Könül dəftərimin varaqlarına.
Səni ürəyimə möhürləyirəm,
Yazıram adını dodaqlarıma.
Saçımda qoxuyur əlinin ətri,
Gözümdə xəyalın yenə canlanır.
Əksinmi görünən ayna qəlbimdə,
Ruhunmu bilmirəm,günəştək yanır.
DAHA GƏNC DEYİLİK
Daha gənc deyilik əvvəlki kimi,
Çöhrəmiz günəş tək sustalır, sönür
Gücümüz o deyil qıra tilsimi,
Ümidlər çırpınan bir quşa dönür.
Ürək döyünsə də yanıb odlanmır,
Arzu gözümüzdə yol çəkir ancaq.
Günlər uçub gedir, ömür şadlanmır,
Həftələr qayğılı, illər utancaq.
Könül evimizin qapısı bağlı,
Dumana qarışıb, çəndə itirik.
Əlləri qoynunda sinəsi dağlı
Hicran ucaldırıq, həsrət tikirik.
Baxırıq ötüşən xatirələrdən
Bələdçi oluruq görünməz izə.
Nə gücdən əsər var, nə də hünərdən,
Belə yaşamaqsa ar gəlir bizə.