***
Özün öz yoluna baxıb gül indi,
Hansı yol bitmədi, haçalanmadı.
Mənim daş inamım iki bölündü,
Sənin daş inadın parçalanmadı.
Küsmədim könlümün qəm yeməsindən ,
Dərd deyil gözümün yuxusuzluğu.
Bu qərib sükutun vahiməsində,
Qorxuyla yenmişəm qorxusuzluğu,
Bu da quş ömrüdür payızda qovur,
Üşüdür bir qərib yuvada bizi.
Bizi bu dünyaya bir qadın doğur,
Yüz qadın öldürür dünyada bizi.
Neynəsəm mənimki ola bilməyən,
Tuş gəlib bu yetim məhəbbətimə.
Bir qadın könlünü ala bilməyən,
Gülmüşəm şairlik məharətimə…
Özün öz yoluna baxıb gül indi,
Hansı yol bitmədi, haçalanmadı.
Mənim daş inamım iki bölündü,
Sənin daş inadın parçalanmadı.
Otaqda bir künc qalmadı
Bu gün də gözlədim yenə,
Telefonun zəngi çalmadı.
Səninçün darıxmadığım,
Otaqda bir künc qalmadı.
Səndəyəm, səndə deyiləm,
Özgəyik, tanışıq kimi.
Bağlıyam əzizim, sənə
Həyassız sarmaşıq kimi.
Fikir-fikir gəlim sənə,
Udum-udum düşün gedim.
Yolları geyin gözünə,
Pəncərəndə üşün gedim.
Örpəy ört nəzər dəyməsin,
Götürməsin toz saçların.
Mənim oğlan əllərimə,
Bakirədir qız saçların.
Gəl, daha qovuşum sənə,
Gəl, aramız pozulmasın.
Bu gecə yat bir yuxu gör,
Sənsizliyə yozulmasın…
Bu gün də gözlədim yenə,
Telefonun zəngi çalmadı.
Səninçün darıxmadığım,
Otaqda bir künc qalmadı.
***
Daha dinləmirəm laylanı, kiri!
Mənimçün ağlama, daha qəm
yemə.
Şairin həyatı, şairin ömrü,
Sözündən ucuzmuş, anam,
sən demə.
Tanrı öz kefində səbri çox uzun,
Uduzdum nəfsimə savaşdan sonra.
Ağ atlı gözləyən gözəl bir qızın,
Nəyinə gərəyəm bu yaşdan sonra.
Azadlıq istəyir indi quş kimi,
Ruhum uçmaq istər bədəndən daha.
Küsmüşəm vətənsiz vətəndaş kimi.
Kirədə qaldığım vətəndən daha.
Tutum buz əlindən qaynar əlimlə,
Tanrım, gəl cibimdən qopar əlimi.
Əllərim gizlənqaç oynar əlimlə,
Əllərim cibimdə tapar əlimi.
Yendim içimdəki bu bəd qorxunu,
Bu ömrün yenidən yazımı yoxdur.
İndi hər gördüyüm şirin yuxunun,
Ölümdən oyana yozumu yoxdur.
Sözümlə özümü təngə gətirdim,
Sözümdə alışdım, sözümdə yandım.
Sözümlə ömrümü yedim bitirdim,
Sözümlə ölümsüz həyat qazandım…
Vasif Zöhraboğlu