.....

.....

Sərhəddə Bitən Ağac – Əli Cavadpur

Sərhəddə Bitən Ağac – Əli Cavadpur

YAZIQ

Getmək istəmirsə ürəyin sənin
Zorla apardığın, ayaqlar yazıq !
Gedəndə ayağın yolları deyil-
Yazıq ürəyini ayaqlar, yazıq !

Başını basdıran çiçəyin -otun,
Payını günəşdən ayırmaq çətin.
Yuxusu dağlardan ağır millətin,
Yükünü daşıyan, oyaqlar yazıq.

Bu dünya qurutmaz alın tərini
Dağıdar uçurar hördüklərini
Gündüz gözlərilə gördüklərini,
Gecə yuxusunda sayaqlar, yazıq!

İndi arabaya qoşulan atdan,
Qır Atlıq umusu çıxıbdı yaddan!
İçini yandıran alovdan-oddan-
Necə qızarmasın, yanaqları yazıq!

Sərhəddə Bitən Ağac…

Sərhəddə bitən ağac,
Sən hansı ölkəninsən?
Astanada duran dost,
Nədir səni incidən ?

Bağda dar ağacları,
Ucalır yerdən-göyə.
Boyumuzda çatmadı
Ordan çiçək dərməyə!

Bura kı qar yağırdı,
Ora gün hardan çıxdı !?
biz harda durmuşuq kı-
Göy quru, yer palçıqdı!

Dağın qaşında duran-
ay qaraltı, ay adam;
günəşmi batır bəlkə
mən belə sayıqlıram!

QUŞ ÜRƏYİ  

 
         “Ramiz Rövşən”ə     
                                            
Dərddi,  nədi..?
Bu tikə necə tikədi,
Uddun boğazindan keçmədi
Tüpürdün yerə düşmədi !?

Bu dərd
necə dərddi görən?!
yiyəsi sərxoşdu belə!
o ağac yuxuda nə görüb?
yarpaqlarin verir yelə!

Eşikdə hava sazaqdı, qışdı
Tüpürsən göydə donar,
Gündüz gördüyün quşun,
qanadı sınmışdı
onun gecəsi necə keçdi görən?
quş ürəyi necə dözdü
qışa, daşa?!

Eeeh..səsinə soyuq dəymiş dünya
Səsində tətik çəkilmiş düya !
Səndə, dərdi dərdə salmağa ümüd var bəlkədə,
yaşamağa ümüd var bəlkədə.

yerin ürəyi göydə yanır.
yerlə, göyün arası sazdı hələ,
bir-birinin başına dolanır.

belə getsə bilmək olmaz –
bu gecədə səhər oldu bəlkə
yenədə yuxudan durduq,
yenədə gözümüzü sildik,
yenədə aldandıq,
yaşadıq  bəlkə!…

.