Ürəyim…
Üşüyüb həsrətin küləklərindən,
Sarılıb hicrana, qəmə ürəyim..
Köksümdə dayanmır, sözümə baxmır
Şikayət eyləyir mənə ürəyim..
Nakam məhəbbətin gözləri yaşdı,
Asılıb sinəmdən elə bil, daşdı.
Çölündə bahardı, içində qışdı
Bürünüb dumana, çənə ürəyim..
Yaxına buraxmır, kimi-kimsəni
Anasız uşaqtək axtarır səni.
Dinləmir sözümü, eşitmir məni,
Səni arzulayır yenə ürəyim..
Sən, mənim…
Sən mənim alnıma yazılan yazım,
Sən mənim çin olan arzularımsan..
Sən mənim qəlbimin dərinliyində,
Kök atan ən ülvi duyğularımsan..
Sən mənim ömrümə qarlı-boranlı,
Qışdan sonra gələn ilk baharımsan.
Gözümü açanda ən xoş mənzərəm,
Gözümü yumanda xəyallarımsan.
Keçdiyim yollara nurunu səpən,
Gündüzlər günəşim,gecə ayımsan.
Varlığıyla hər gün qurur duyduğum,
İlahi göndərən sevgi payımsan.
3.Çıxan günəş,saysız ulduz,parlaq ay,
Göy üzünə gözəllikdə yoxdur tay.
Mənbəyini dərərlərdən alan çay
Başdan-başa möcüzədir, möcüzə.
Qəribədir,ağacda yarpaqların,
Ömrü bitib, saralmağı, solmağı.
Buludların bir-biriylə qovuşub,
Yağmur kimi yer üzünə varmağı.
İlahidir kainatı yaradan,
Onda sonsuz ədalət var, qüdrət var.
Odur silən dərdi, qəmi aradan,
Dualarla gerçəkləşir arzular.
Şükür olsun bütün gözəllikləri,
Bəxş eləyib uca yaradan bizə.
Bu sonsuzluq,Allah yaradan hər şey,
Başdan-başa möcüzədir, möcüzə.
Xatirələr
İndinin bər-bəzəyi
Aldadıb insanları.
Heç unutmaq olarmı
Keçən əziz anları?!
Hərdən xatırlayanda
Ötən ayı, illəri,
Xəyalımda göyərir
Keçən ömrün gülləri.
Düşünəndə keçmişi
Bin-bərəkət var idi.
İnsanlarda məhəbbət,
Hörmət, izzət var idi.
İnsanlar bir-birini
Sevərdi bir can kimi.
Hörmət, izzət, məhəbbət
Olmuş həyat hakimi.
Yaz gələndə hamının
Üzü-gözü gülərdi.
Hər bağda, hər bağçada
Gözəllik hökm sürərdi.
Çoban düzə yayardı
Otarmağa sürüsün.
İstəyirdi hər yanı
Qoyun-quzu bürüsün.
Quşların cəh-cəh səsi
Dağı-düzü aşardı.
Hər yerdə, hər tərəfdə
Sevinc coşub-daşardı.
Yasəmənin qoxusu
Bürüyərdi hər yanı,
Sarmaşıq çiçəkləri
Bəzəyərdi eyvanı.
Oynayardıq doyunca,
Atılardıq, düşərdik,
Səhərdən axşamacan
Gün altında bişərdik.
Oynayıb, oxuyardıq
Bənövşə bəndə düşə.
İndi siz deyin görək,
Bizdən sizə kim düşə?
*
Kəndin yazı da gözəl,
Kəndin qışı da gözəl.
Yığışıb oynayardıq
Qartopunu əlbə-əl.
Qonşular yığışardı
Tez-tez təndir başına.
Heç nə çata bilməzdi,
Plovuna, aşına.
Qonşuya pay verərdi
Hər kəs bişən yeməkdən.
Heç kim geri qalmazdı,
Lazım gəlsə köməkdən.
Hər bir evin, ocağın
Çırağı gur yanardı.
Onun şöləsi ilə
Hər yan işıqlanardı.
Axşamlar yığışardıq
İsti peçin yanına.
Şabalıd çırtıltısı
Güc qatar əhvalına.
Hərə öz bildiyindən
Danışardıq, deyərdik.
Şabalıd, qoz-fındıqdan
Ləzzət ilə yeyərdik.
Nənəm rəngli saplardan
Corablar toxuyardı.
Babam boş vaxtlarında
Kitablar oxuyardı.
*
Bu şirin xatirələr
Qurtaran, bitən deyil.
Yaddaşlarda korşalıb,
Silinən, itən deyil.
Bu xəyallar bizləri
Ağuşuna alıbdı.
Bizə isə bu şirin
Xatirələr qalıbdı.
***
Yene şaxta vurub viran qəlbimi,
Həsrət xəncər kimi bağrımı yarır.
Boğulub ümidlər qaranlıqlarda,
Biçarə dərdimə çarə axtarır..
Dağılsa buludlar, çıxsa da günəş,
Solubdu arzular, daha nə xeyri?
Yoxdur bir təbibim dərman söyləyə,
Sancır ürəyimin sən olan yeri..
Səssiz fırtınalar qopur içimdə,
Bilinmir ömrümün baharı,qışı..
Elə bil tersinə əsir küləklər,
Yağır taleyimə hicran yağışı…
Donub gülüşlərim yanaqlarımda,
Mən indi qəlbimin ah-naləsiyəm.
Bütün hisslər mənə ögeyləşibdi
Sanıram, hər kəsin heç kəsəsiyəm..