.....

.....

Sahib İbrahimli – Zəhmət əllərimi yonub daş kimi

Sahib İbrahimli – Zəhmət əllərimi yonub daş kimi

ÇIXIB

Güldüm ötənlərə, güldüm yaşıma,
Rast gəldim bazarda satlıq başıma.
Bu ömür yolunda mənim qarşıma
Adamtək yaşamaq əzabı çıxıb.

Sözə yaxın oldum gözlə qaş kimi,
Haqqa könül verdim bir sirdaş kimi.
Zəhmət əllərimi yonub daş kimi,
Əlimdən gözəl bir gülqabı çıxıb.

Gör mən nə sayıram, fələk nə sayır,
Bir ümid nurunu ömrümə yayır.
Dərdim dəli olub, dəli bir şair,
Onun ürəyimtək kitabı çıxıb.

Bir vaxt baxışımı göydən asmışdım,
Buludlar qoynunda itib, azmışdım.
Tanrıya bəxtimdən sual yazmışdım,
Alnımda “yox!” kimi cavabı çıxıb.

Niyətim bu qışdan o yaya idi,
Əyilən qürurum sərt qaya idi.
Mənim son gümanım dünyaya idi,
Deyəsən, onun da xarabı çıxıb.

BU GECƏ…

Yenə də gecədir…Elə bil, zaman
Yeraltı keçiddən adlayır bu dəm.
Yenə ürək dostum, həmdəmim olan
Sağ olmuş sükutla söhbət edirəm.

Qələmim yanımda dayanıb indi,
Məni tənha qoyub yatmır o yazıq.
Saat da elə bil, ağacdələndi,
Döyür divarımı, döyür tıqhatıq.

Dönür xəyallarım uzaq səfərdən,
Dilimi yandırır sözün nəfəsi.
Əllərim köksümü örtüb ki, birdən
Balamı oyadar qəlbimin səsi.

İndi baxışlarım kirpiklərimi
Qoymur qapanmağa bilmirəm nədən?
Övladdan nigaran bir ana kimi,
Yuxumun yolunu gözləyirəm mən.

Bir layla yayılıb sakit gecəyə,
Divara dırmaşıb daş qulaq asır.
Yadlar oxumasın, görməsin deyə,
Sevənlər gecəyə xatirə yazır.

Küçədə xan çınar çaşıb, duruxub,
İtən kölgəsini arayır yenə.
İtlər elə hürür, ulduzlar qorxub,
Siniblər göylərin dərinliyinə.

Deyəsən, üşüyür dərədə bir çay,
Gecəni əyninə geyib aparır.
Tənha bir qayıqdır göy üzündə Ay,
Səhər limanını gəzib axtarır.

Yollar bu zülməti, bu qaranlığı
Çırpır üst-başından küləklər ilə.
Yoxdur ev-eşiyi gecənin, axı
Olsaydı küçədə qalmazdı belə.

GÖZLƏYİR

Düşdüm odlar içinə,
Eh, kimin nə vecinə.
Gözüm dostlardan heç nə,
Bircə salam gözləyir.

Bar gördüm təzə-tərdi,
Yazıq əlim nə dərdi?!.
Gətirin dustaq dərdi,
Ürək-qalam gözləyir.

Daha qələm nə yazar,
Əl əsamdır qəm, azar.
Məni çöldə bir məzar,
Evdə balam gözləyir.

DÜŞÜB

İblis tünlüyündə boğulur xeyir,
Məni yalqız görüb dərdlər “can” deyir.
Başımdan göy basır, ayağımdan yer,
Vay-vay!..Yazıq ürək araya düşüb.

Eh, niyə yarandım bu qədər həlim,
Məni məndən aldı “baş üstə”m, “bəli”m.
Təbrizin üstündən sürüşən əlim,
Köksümdə qövr edən yaraya düşüb.

Hansı gün, hansı il doğub günahı,
Kim ağrı içində qoyub sabahı?!.
Tanrı öz yanından qovub tamahı,
O da gəlib, yerdə saraya düşüb.

Ayılar əl açır ağlın kalına,
İlan dodaq büzür beçə balına.
Mən necə yanmayım ağın halına,
İndi ağın işi qaraya düşüb.

Zaman qabağına qatıbdı məni,
Söz adlı ocağa çatıbdı məni.
Tale bu dünyaya atıbdı məni,
Amma bilmir Sahib haraya düşüb.

AĞLIMA

Yaxşı seçir hər doğmanı, hər yadı,
Öz içində boğulubdur fəryadı.
Hərdən elə bilirəm ki, dəryadı,
Axır Kürüm, xan Arazım ağlıma.

Üzdə nəydi, elə qaldı xəlvətdə,
Acgözlərə daşınmadı səbətdə.
Çoxdan-azdan payım vardı sərvətdə,
Qurban getdi çoxum, azım ağlıma.

Gündüz Günəş, gecə Ayla vuruşur,
Adı böyük, özü zayla vuruşur.
Silahlanıb bu dünyayla vuruşur,
Görən harda səngər qazım ağlıma?!.

Neçə qapı bağlanıbdır üzümə,
Gördüklərim kül üfürür gözümə.
Qənim olub, bəla olub özümə,
Özgə düşmən nəyə lazım ağlıma?!.

Çox yalvardım, qoyma bağrım qanaya.
Bu yiyəsiz dərdlər məni tanıya.
Nə müddətdir səsim çatmır Tanrıya,
Dürüm özüm dua yazım ağlıma.