.....

.....

Şair ürəyindən keçən arzusan – Firdovsi Rəsulun şeirləri

Şair ürəyindən keçən arzusan – Firdovsi Rəsulun şeirləri

Əlfəcin

Men hansi kitabdan oxudum seni?
Sən hansı şeirdə rast gəldin mənə?
Mən hansı nağılda unutdum səni?
Mən hansı ağılla unutdum səni?

Yox, səni həyatda tapa bilmədim
Gərək şeir olum, roman olum mən
Gərək bulud olum, duman olum mən
Beləcə özüm də kitaba hopdum

Hər il həyatımdan bir vərəq qopdu
Hərə bir səhifəmi qatladı mənim
Məni oxumayan adam qalmadı
Araya fəsillər girdi bu dəfə

Bu boyda kitabda səni görməyə,
Sənə sarılmağa fürsət olmadı
Ömrümün ən ağır səhifəsinə
Bir əlfəcin saldın! örtdün, bağladın

Hamı bir nəfəsə oxudu məni
Sən məni yarıda necə saxladın?
Boynuma keçirdim bu əlfəcini
Boynuma doladım kəndir əvəzi

Biz ölüm deyirik, ölüm nədir ki
Kiçik bir əlfəcin ayırdı bizi.
Açığı sənə çox gözəl yaraşdı
Belinə sarıldı bu qırmızı lent,

Bitirdiyin yerdən davam elədim
Gözlədi yoruldu bu qırmızı lent
Götürə bilmədi bu ayrılığı
Yaxşı ki qırıldı bu qırmızı lent.

Taparam səni

Günəş göy üzündə əbədi sönsə
Yer üzü qaralıb zülmətə dönsə
Lap başdan ayağa qara geyinsən
Yenə də axtarıb taparam səni

Heyif bu sevgidən gözünü çəkdin
Qəlbimdə bir hicran toxumu əkdin
Sən dağlar qoynunda zərif çiçəkdin
Ürəyim gəlmədi qoparam səni

Mən ki şəm deyiləm alışım sönüm
Pərvanə deyiləm başına dönüm
Mən mələk deyiləm göylərdən enim
Alım qanadıma aparam səni

Kim deyir torpağın altı soyuqdu?

Deyirlər soyuqdu torpağın altı
Bəs niyə torpağa tələsir hamı?
Axı bu dünyadan sağollaşanda
İsti qarşılayır torpaq adamı.

Gözünü yumursan yanvar ayına
Vallah o məzarda üşümür heç kəs.
Bu soyuq, bu şaxta bu qədər dərin
Torpağın altına necə keçir bəs?

Torpağın üstündə müharibələr,
Bəşər çalışır hey qanlar axıda
Oyatmaz onları toplar, mərmilər
Torpağın altında hamı yuxuda

Kim deyir torpağın altı soyuqdu?
Dünya öz içindən isinir axı.
Bəlkə də öləndə insanlar elə
Özüylə aparır bu soyuqluğu?

Bax o dilənçiyə soyuq düşəndə
Söyür gecələrin qaranlığını.
Küçə lampasının istisi olmur
Allahdan dilənir gün işığını.

Bax o küçələrdə qalan qocaya
Yatmağa isti bir yer axtarır o
Yumacaq gözünü gec-tez dünyaya
İndi qızınmağa gor axtarır o
Kim deyir torpağın altı soyuqdu?

Yaşadım

Sən getdin həsrətin gəldi, nə gəldi
Bütün arzularım içimdə öldü
Sənsiz keçən ömür, ömür deyildi
Mən sənsiz yaşadım, yaşadım ancaq

Min bir oyun açdı başıma fələk
Əllərdən əllərə düşdü bu ürək
Mən elə həmin gün öləydim gərək
Mən sənsiz yaşadım, yaşadım ancaq

Kim pozar bəxtimə yazılanları
Kim geri gətirər ötən anları
Bir zaman səninlə yaşananları
Mən sənsiz yaşadım…yaşadım ancaq

Bizi qovuşduran, ayıran nədir?
Cisim müvəqqəti, eşq əbədidir
Sənin varlığının eşqinə xatir
Mən sənsiz yaşadım, yaşadım ancaq

Şair ürəyindən keçən arzusan

Bir həzin ayrılıq nəğməsi kimi
Şair ürəyindən keçən arzusan
Bir az yalan olar əgər desəm ki
Desəm ki, tamamən unudulmusan

Neçə ayrılıqdan adlayar hər gün
Insan uduzmasa fikirlərinə
Sənin gedişinlə barışmaq üçün
Özümü qoymuşam sənin yerinə

Taleyim bir dərdlə rast saldı məni
Bir nəfər çiyninə götürə bilməz
Daha bu dünyada heç bir kəs səni
Mənim kimi tapıb itirə bilməz

Küləkdən, yağışdan, havadan, sudan
De kimdən soruşum , de kimdən səni?
İnan ki, heç ətir dükanlarından
Duya bilməmişəm sənin ətrini

Xəbərsiz ömrümü elədim davam
Nə yağış gətirdi, nə külək səni
Mən elə bilirəm səni unutsam
Başqası daha çox sevəcək səni