.....

.....

ŞƏHİDİN MƏKTUBU – Şəfa Səfəvi

ŞƏHİDİN MƏKTUBU – Şəfa Səfəvi

ŞƏHİDİN MƏKTUBU

Həzin bir payızın dumanlı çəni,
Gətirdi bir bəla, basdı ölkəni.
Neçə könüllərə edib sitəmi,
Saldı müharibə qəlblərə qəmi.

Çağırış vərəqi gəldi bir səhər,
Aldı ürəyini onun bir qəhər.
Yetişib gəlmişdi əsgər çağına,
Və son qoyacaqdır ömür bağına.

Talehi üzünə gülməmişdi heç,
Həyatdan o bir dad bilməmişdi heç.
Bir az xatirələr boğub qəmində,
Könlü sustlaşırdı hicran dəmində.

Nəhayət, cəbhəyə yol aldı bir gün,
Ürəyi qəhərli, baxışı süzgün.
Hər kəsin yanında vardı bir kəsi,
Tək onun yox idi kimi, kimsəsi.

İstədi təsəlli versin özünə,
Bir saxta təbəssüm saldı gözünə.
Axı bu Vətənin oğluyam mən də,
Onu qoruyacam tufanda, çəndə.

Olmasın tapdağı azğın düşmənin,
Hər dərdi mənimdir, anam Vətənin.
Qəlbində titrədi bir anlıq səsi,
Ona toxunmuşdu ana kəlməsi.

Yetim böyüməyin qəhəri ağır,
Kimsəsiz açılan səhəri ağır.
Birtəhər özünə verib təsəlli,
Ruhu səngərlərə etdi təcəlli.

Vardı atəşlərin içinə cəsur,
Düşmənin önündə dayanıb məğrur.
Hünəri, qeyrəti yeri titrədən,
Qorxusu olmadı topdan, tüfəngdən.

Bir axşam o tağım dostları ilə,
Oturub həsrətin gətirdi dilə.
Hər kəs əzizinə yazır bir məktub,
Onunsa qəlbini bir qəhər tutub.

Hərdən köks ötürüb o ki, dərindən,
Yazırdı ürəyin yanğı yerindən:

Sanıram, ruhum da qanad bağlayıb,
Göylərə üz tutub, eşqi çağlayıb.
Çox yaxın zamanda pərvaz edəcək,
Cismimi Vətənə qurban edəcək.

Nigaran qalmağa kimim var ki bəs?
Bu qədər təlaşım boşuna, əbəs.

Bir gün bu məktubu oxuyar bəlkə,
Mənə də “eşq olsun” toxuyar bəlkə.
Nə olsun, oxuyan bir kimsəm yoxdur,
Mənim bu Vətənə sevdam ki, çoxdur.

Güllələr sovulur bir-bir havaya,
Mən bir el oğluyam, gəldim davaya.
Topların, tankların uğultusundan,
Burda al qan ilə açılır hər dan.

Hər gün yüzlər ilə şəhid xəbəri,
Bürüyür qəlbləri, nalə, qəhəri.
Bilirsiz od altda qaldı necə can?
Bilmirəm, bitəcək bu bəla haçan.

Ölmək istəməyən neçə şəhid var,
Gəldi sinəsinə güllələr də dar.
Kiminin anası boynu bükükdür,
Kiminin yarının qəlbi sökükdür.
Kiminin körpəsi gözü yoldadır,
Bu ölüm gözləri elə aldadır.

Bəlkə də onların dərdi çox ağır,
Baxırsan, gözlərdən bir fəryad yağır.
İlk dəfə təskini vardı bu çağın:
Belə mənim kimi yetim olmağın.

Axı gözüm yolda qalanım yoxdur,
Məndən bircə xəbər alanım yoxdur.
Varsa da bir ölüm ömür payımda,
Qurbandır Vətənə bu gənc çağım da.

Budur hər oğulun işi, vərdişi,
Aldığım hər nəfəs onun bəxşişi.
Bir damla qan belə əsirgəmərəm,
Yağıya, düşmənə imkan vermərəm.

Daha səbrimiz yox, nə də təhəmmül,
İntizar çəkməkdən yaradır könül.

Müjdəsin cücərdək ər igidlərin,
Yayılsın toxumu Mübarizələrin.
Borcluyuq hər anı ana Vətənə,
Verməyək bir damla hər yol ötənə.

Dərin köks ötürüb, xəyala daldı,
Yazdığı məktub da yarıda qaldı.

Axı kimin üçün yazırdı onu?
Sanki damarında sızladı qanı.

Bir cüt göz yaşı da axdı yanağa,
Büküb məktubunu qoydu qırağa.
Apardı xəyallar onu uzağa,
Kimsəsiz böyüyüb dolduğu çağa.

Bir az fikirləşib nəsə düşündü,
Alıb qələmini məktuba döndü:

Burda boyanıbdır hər yan al qana,
Başladı xitaba yenə xalqına.

Burda hücumların zəfəri böyük,
Sanıram, qəlblərdə azalır bir yük.

Hardasa zəfərə yaxınlaşmışıq,
Düşmənin bağrına bir od salmışıq.

Alınıb bir neçə kəndlər, təpələr,
Azadlıq yaxında sevinc səpələr.

Zəfərə addımlar iftixar dolu,
Sarılıb düşmənin artıq sağ-solu.

Bəlkə də qismətim şəhadət olar,
Ömrüm məqamına şərəflə dolar.

Qəlbimdə illərdir boğdum səsimi,
Oxuyub kimlərsə duyar hissimi.

Mən də hamı kimi bir az üzülüb,
İstədim qələmlə sətrə düzülüb.

Kiminsə dilində oxunum bir gün,
Məqamım ölümdür, ya da ki sürgün.

Bəlkə xatirəsi qala dillərdə,
Ruhumun xatiri aça güllərdə.

Bu məktub sizlərə yetişən anda,
Bilin ki, bu ruhum qalmayıb canda.

Sanki son anını hiss etmişdi o,
Qəlbiylə dünyanı tərk etmişdi o.

Yazdığı məktubdan dörd saat sonra,
Bir qəlpə qəlbini almışdı tora.

Qisməti olmadı bu Zəfər onun,
Görmədi o məsum, bu eşqin sonun.

O ki adamışdı ömrü Vətənə,
Bu zalım fələk də eylədi tə’nə.

Dostları haraya yetişən anda,
Artıq hüceyrələr ölmüşdü qanda.

Onu son mənzilə sundular üzgün,
Savaş tarixində 44-cü gün.