***
Axşam üstü…
Hüznlüdür, özündən əvvəlkilər kimi,
üfüqdən görünür daha bir günün kölgəsi,
Günəşdən keçmişə düşməyə hazırlaşır,
Səndən çıxılacaq gediş haqqı,
Azalacaqsan, ömrün çoxaldıqca keçmiş hissəsi.
Əslində keçmiş heç vaxt ölməyəcəyin yerin adıdır
İnsan gələcəkdən ölür.
Sağ olduğu üçündür, keçmişə qayıtmaq arzusu.
Axşam üstü…
Yerli vaxtla saat
Darıxmağı göstərir.
Yaxşı ki, Ay göyüzündədir,
təsəlli tapıram,
Bilirəm təkcə mən deyiləm
Gecələr, Yuxarıda da birinin
Pəncərəsindən işığı atır özünü
Küçəyə…
Fırlandığım karusel dünyadan
Soruşuram, heeey,
Neçənci dairədə bitir vaxtım,
Saatı qurmusan neçəyə?
***
Gördüm ki, tutmağa özgə yerim yox,
Tutdum yıxılmağa qorxduğum yerdən
(Salam Sarvan )
Qayadakı güldə cəsarətə bax,
Bitib, adamların hürkdüyü yerdən.
Gül ucalığını bəlkə qoruyur
Olmaya çox olub çəkdiyi yerdən.
Mən də qaya idim, qopdun içimdən
Qopdum əllərindən, qopdum saçından.
Bir də boylandım bu köçhaköçündə
Gəlirəm ardınca sökdüyün yerdən.
Tellərim üzümə ağ oldu tək-tək,
Demirəm başıma sığalını çək.
Udmusan! Başıma sağ əlini çək
Saçlarına sığal çəkdiyim yerdən…
…
Tapşırıb evi eşiyi,
Səndən kiçik qardaşına,
Gedəsən günün birində
Beş günlük uşaq yaşına.
Rəşad dayına qoşulub,
Belləyəsən ağacları.
Və bu yolla dəyişəsən
Sən xəttini ovucların.
Daşladığın qurbağanı,
Tapıb, bağışla deyəsən.
Həmin gündən gözlərimdə
Kəsmir yağışlar deyəsən.
Sonra atasan özünü,
Daş atdığın quş yerinə.
Bu dəfə adam olasan
Dən atasan , daş yerinə.
Meyvə qarışıq ağacın
İsası olasan qəfil.
Qoymayasan yaddaşının
Oyana Qabil tərəfi.
Adəm görən bildi onu?
Tutdu şeytanın qarğışı.
Niyə əhəmiyyətsizdir
Kəbədə İsa çağrışı.
Kimin günahı yoxdursa,
O birinci atsın daşı.
Dönə dönə, günah edən
Yolunu dönən qardaşım.
Və tikilə bu dünyanın
Daşlarından qopan yeri.
Ozon qatının ağac və
Quşlarından qopan yeri.
Sonra da qayıdasan
Geri, getdiyin yerdən.
Görəsən dünyan gülür
Sən incitdiyin yerdən.
Güllə ötür adamlar
Güllə ötdüyü yerdən…
…
Yaxşı ki, darıxmaqlar gəlib qatır başımı,
Bu təkliyin əlindən dəli olardım yoxsa.
Mənim darıxmaqlarım adam kimi dil bilir,
Söz verib, gedən deyil, o sən idin e yoxsan.
Yaxşı ki, getdin, onda, gözümü açdın mənim
Yoxsa hələ, kor idim, görəmmirdim heç kəsi.
Və onu da öyrəndim, adam ilk hardan ölür,
Harda gizlənə bilər, sevgi onu görməsin.
Mən səni qınamıram, kimlər atmadı məni,
Elə küsüb ürəyim, bir də çətin barışa.
Məni elə ilk dəfə anam atıb bətnindən,
Anadan olduğum gün, ayrılıqla tanışam.
…
Gah sənin sağlığına, gah adına and içdim
Bir də gördüm yediyim, içdiyim zəhər dadır.
Görüm o gözlərinin ayaqları qırılsın
Haçan baxırsan gəzir dillərdə, yorulmadı?
Qırdı sevgi xətlərin bu ayrılıq küləyi!
Biz arzuya çatmırıq, arzulayaq ölməyi!
Yumruğu boyda deyil adamların ürəyi,
Adamların ürəyi tutduğu əl boydadır.
Bilmirdim ömür yoldu, azar bu yoldan ötən.
Torpağa adam əksəm, yerinə çiçək bitər..
Və sonu “Biri vardı biri yoxduyla” bitən,
Nağılmış sevgi demə, adını qoy “Olmadı”!
Şəhriyar Heydər