Sən də gecikdin mənə…
Yenə elə bu gecə,
Özümə ağlamışam.
Hıçqırtım öz içimdə,
Göz yaşıma boğulub…
Səsləşib sükutumla,
Gecənin kor sükutu.
Zülmətin qucağına,
Yeni bir “mən” doğulub.
Fikirlər tikan kimi,
Dəlir, deşir ruhumu.
Çəkilmək bilmir bir an
Gözümün yorğunluğu.
Səhər azan səsilə,
Gözümə gələn yuxu.
Bu nə vaxtın gəlişi?
Sən də gecikdin mənə,
Yuxudan durdu çoxu…
Kağız üşüyər-
Üstünə səpilən soyuq sözlərdən. Nöqtə qoyulduqca
Ümid doğar isinməyə.
Səbəb olar günəşin doğuşu,
Ən kədərli insanda
Səbəbsiz gülməyə…
***
Saçını yola tökən söyüd ağacı,
Birləşməyən yol-
Sonu cığır.
Sevincdən doğan acı-
Qanadı qırıq arzular.
Yüklənmiş beyin-
Beyindən didərgin ağıl.
Gerçək- həyat, Gerisi nağıl.
***
Kəlmələrlə oynayır şair,
Oynadıqca həyat onun hissləriylə.
Yanıldıqca insanlara inamda
Haqlı çıxır mürəkkəb.
Söz-söz kağız üstə yazılaraq
Şeir olur vərəq-vərəq səssizliyi.
Beyin haqlılığın qürurunu yaşadıqca
Şairin üzünə vurulur ürəyinin acizliyi.
***
Lupanın bir üzünü tutsaq ümidimizin ən xırdaca zərrəsinə,
Bir üzünü Günəşə.
Yenidən alov alsa ümidlərimiz,
Buz bağlayan qəlbimizi sarsaq
Ümid dolu atəşə.
Ömrü əmanət etsək
İkicə xoş kəlməyə,
Bir içdən gələn gülüşə
Yaşayıb getsək belə.