ŞÜKÜR
Şükür bu günümə, Allah,
Şükür hər anıma, şükür.
Şükür havama, suyuma,
Gecəmə, danıma şükür.
Şükür mənə verdiyinə,
Vermədiyinə də, şükür.
Haqq-hesabsız qul olurmu?
Dərdinə, sərinə, şükür.
Şükür getdiyim yoluna,
Çıxdığım dağına şükür.
Şükür gözəl xəyalıma
Şükür bu çağıma, şükür.
Şükür, dilimi açana,
Qəlbimi bilənə şükür.
Şükür yoluma çıxana
Doluna, selinə şükür.
Şükür, şükür, şükür, Allah,
Şükür Əş-Şəkür adına.
Şükür, bütün adlarına,
Şükür Əş-Şəfi adına.
Dilim, qəlbim, gözyaşımla
Şükr edirəm Sənə, Allah!
Sənsən bu mülkün sahibi,
Darda qoyma məni, Allah!
SƏN MƏNİM NAĞIL DÜNYAMSAN
Sən mənim nağıl dünyamsan
Gerçək olmadın, olmadın.
Qəlbimdəki naxışlartək
Göyçək olmadın, olmadın.
Xəstəyə dərman deyilsən,
Nə olsun ki, inadın var.
Sən də adi adammışsan
Sanırdım ki, qanadın var.
Heyf, nağıl gerçək olmur,
Göyüzünə yad adamsan.
Səni heç qınamıram ki,
Bu dünyanın adamısan.
SƏNİN HEÇ BALAN YOXDURMU?
5 noyabr 2024-cü ildə Qəzzada yenicə doğulmuş və müharibədə məhv edilmiş, yaralanmış körpələrin dilindən…
Dünyaya yeni gəlmişdim
Niyə məni yaraladın?
Adam, qandan doymadınmı
Nə tez məni qaraladın.
Allah Haydı, görür, bilir,
O Cəbbardı, gör neyləyər…
Demirsənmi göy dağılar,
Demirsənmi yer titrəyər…
Dünyaya sığmadın daha
Dünya sənə yaraşmadı.
Mənə etdiyin zülmlə
Yer-göy, heç nə barışmadı.
Günahın dağ kimi ağır
Necə daşıyırsan, adam!
Körpə qanıyla süslənib
Necə yaşayırsan, adam!
Doğrudanmı sən adamsan?
Yox, adam ola bilmədin.
Dünya-aləm yığılsa da
İmana-dinə gəlmədin.
Adam, səndən adam olmaz,
Sən öz qəbrini qazırsan.
Cəhənnəmin atəşini
Öz əlinlə qazanırsan.
Sənin heç balan yoxdurmu?
Balan yoxsa, anan vardır.
Körpəyə necə qıyırsan?
Qəlbin-gözün necə dardı…
Dünya səndən nələr çəkdi
Adam, səni tanıyandan.
Ay qəzəbi qılınc kimi,
Kindən od püskürən adam.