SƏN YALANDAN GÜLÜRSƏN
Haqsızlıq içrə sən ey, lal olub susan qadın,
Qərib tənhalığında öfkəsin qucan qadın,
Səbri dar ağac edib, özünü asan qadın,
Üzün pak, gözün gülür, hər an təbəssümlüsən,
And ola o Allaha, sən yalandan gülursən!
Günah mənimdir deyib, özünü qınayırsan,
Yaşadığın hər günü qürub Günəş sayırsan,
Təbəssümünlə bəlkə , hər kəsi sınayırsan,
Gecələr yatır, ölür, sübh səhər dirilirsən,
And ola o Allaha, sən yalandan gülürsən.
Yuvasında bir qərib qaranquşa bənzədin,
Baharın ortasinda soyuq qışa bənzədin,
Sərtləsdi əl-ayağın qaya, daşa bənzədin,
Kipriyin kölgəsində sığınıb, gizlənmisən,
And ola o Allaha sən yalandan gülürsən.
O nakam arzuları yada salırsan hərdən,
Qırılan ümidlərə düyün vurursan hərdən,
Ucurub xəyalları, gah da qurursan hərdən,
Sən cənnətin qızısan, buluddan süzülmüsən
And ola o Allaha sən yalandan gülursən!!!….
Bir gün gülər
Soruşursuz necəyəm?
Simsiyah bir gecəyəm.
Gecənin dişlərində
Həsrətin əsiriyəm.
Gücümü azaldıbdır
Beynimdəki kaşkilər.
Gözümə yuxu getmir
Aman vermir bəlkələr.
Üşüyübdür duyğular,
Ürəyimə yağır qar.
Axı sevinmək üçün,
Bu ürəyin haqqı var.
Ruhumun dəyanəti
Ömrümün açarıdır.
Qaranlıq gecələrin
Gündüz tək əlacıdlr .
Könlümün arzuları
Yıxılsa da qalxacaq.
Pərvazlanıb quşlartək
Səmalarda uçacaq.
Köksümdə cücərəcək,
Sevgi ətirli güllər.
Mən sözdən yaranmışam,
Şeirim də bir gün gülər.
İNSAN ÖMÜR BOYU YIXILIB QALXAR
Bir gündə yaşarsan bəzən dörd fəsli,
Bir anda ömründə şimşəklər çaxar.
Bitməz ki həyatın fırtınaları,
İnsan neçə dəfə yıxılıb qalxar?
Susasa ürəyin zəmzəm suyuna,
Dumanlı bir hava çöksə ruhuna,
Hay verməzsə ümid, əğər hayına
İnsan neçə dəfə yıxılıb qalxar?
Fərq etməz ömrünün hansı yaşında,
Səbr bardağın hey ,dolub daşanda,
Çarəsiz olmağa məruz qalanda,
İnsan neçə dəfə yıxılıb qalxar?
Çiynindəki yükün ağır olduqda,
Haqsızlıq içində duyduqlarında,
Məcbur susduğunda, susduqlarında,
İnsan neçə dəfə yıxılıb qalxar?
Dünya boyda dərdi daşıyır insan,
Yıxılsa da qalxıb yaşayır insan,
Bəzən də yenidən başlayır insan,
İnsan ömür boyu yıxılıb-qalxar.
Seir-eşqim
Qorxum yox, öləm qalam,
Bilirəm yoxdan varam.
Ancaq ilham pərimi,
itirməkdən qorxuram.
Yoxsa onsuz yoxam mən,
Fəqət könlü toxam mən.
Arzum, istəyim budur,
Könüllərə axam mən.
Qar altından boylanan,
Bənövşəyə bənzərəm.
Hər şeirim bir ağacdır,
Sıx meşəyə bənzərəm.
Bar verənləri də var,
Verməyənləri də var…
Amma hamısı mənim
Mənim acım-şirinim
Mənim sözüm-söhbətim
Bəzən qəmim-kədərim
Yuxusuz gecəlerim…
Onlar düşüncələrim..
GƏNCLİYİM UZAQDAN BAXIB KÖVRƏLİR
Əllinin əlindən tutub gedirəm,
Gəncliyim uzaqdan baxıb kövrəlir.
Ömür kiprik -kiprik qəmli gözünü
Saçımın ağında sıxıb kövrəlir.
Götür könül – könül oxşa əllimi,
Qəlbimin səsində, ürək səsimdə.
Gəncliyin istisi gülür üzümə,
Bu hicran duyğulu ürkək səsimdə.
Arzular ümüdlə səsləyir məni
Sevginin dilində, eşqin dilində
Ara ətir-ətir baxışlarımı,
Sevdanın gülündə, sevgi gülündə.
Bir həzin nəğmədi kədər avazlı,
Üzümnən boylanan ömür yoxuşu.
Baxıb qırış – qırış gələn qismətə,
Alnımda kövrəlir ömür naxışı.
Ayların illərin qözündə qaldı,
O şıltaq çağımın, sığallı günü.
Əridi zamanın ac dodağında,
Sürməli taleyin o ballı günü.