.....

.....

Sevda türküsü – Əsmər Hüseyn Xanın şeirləri

Sevda türküsü – Əsmər Hüseyn Xanın şeirləri

Kağız qayıqlar…
(Qərib)

Dönməyimi gözləmə,
Ötüb keçən gün kimi.
Mən ki səndən gedirəm,
Yaşadığın dün kimi.

Mən ki getdiyin yola,
Gözlərimi asmışam.
Qanayan yaraların
Üstünə duz basmışam.

Bir payız axşamında
Düşərəmsə yadına
Susdurarsan qəlbini
Köz basarsan yarana

Çıxararsan yadından,
Surətim unudular.
Dilində quş nəğməsi,
İçində quzğun ular.

Ömrün bundan sonrası,
Üzü ayrılıqlara.
Ümidləri yığmışam
Ağ kağız qayıqlara.

Qərib

Yollar aparar səni,
Dünyanın o tayına.
Bəxtinin bu üzündə,
Həsrət düşər payına.

Yağış da ara verməz,
Elə hey yağar, yağar…
Dünya elə kiçilər,
Ovuclarına sığar.

Qəfil üşütmə gələr,
Titrəyər barmaqların.
Ürəyin gedən yerə,
Aparmaz ayaqların.

Yuvadan ayrı düşən
Qaranquştək sənin də
Cismin orda yaşayar,
Ruhun ana vətəndə.

Yuxuların boyanar,
Gerçəklərin rənginə.
Oyanarsan bir səhər,
Hardasa çox uzaqdan
Gələn kilsə zənginə.

Sevda türküsü…

Sən bu rəngsiz həyatın oktyabır sarısı,
Sən yanvarın soyuğu, iyunun bürküsüydün.
Sən bu dəli, xəstəhal, sən bu havalı qızın,
Dilindən heç düşməyən bir sevda türküsüydün.

Sən də getdin, təqvimlər yarpaq-yarpaq saraldı,
Ruhumda sənə aid hər nə varsa kül oldu.
Sovurdum küləklərə sənli xatirələri,
Bütün yaşadıqlarım ağ-qara şəkil oldu.

Səndən sonra bilmədim kiməm, hara aidəm,
Səndən ayrı bir vətən, səndən ötə ev hanı?
Mən ki bahar ümidli şaxta vuran sərçəydim,
Sən mənsiz necə qurdun yad budaqda yuvanı?