.....

.....

Sevil Ülvinin şeirləri

Sevil Ülvinin şeirləri

***

Bu səssiz gecəni bağrıma basıb, 
Onu balam kimi oxşaya bilsəm.
Yığıb ulduzları göyün üzündən,
Gecəyə bir nənni düzəldə bilsəm.

Yığıb ürəyimdən dərdi-sərimi,
Asmışam gecənin səssizliyindən.
Hər gecə mənimlə dərdləşsin deyə,
Gecəyə can verdim mən iliyimdən.

Qaranlıq gecənin səssizliyində,
İnsanın ruhu da özünə yaddır.
Gecə səssizlikdə boğulan adam,
Səhər görürsən ki, sağ salamatdır.

***

Divardan asdığım şəklin,
İndi bilmirəm hardadır.
Elə bilmə unutmuşam,
Xatirələr yadımdadır.

Evi də dəyişdim, çünki
Hər şey qalmışdı yarıda.
Bütün əşyalar yenidir,
Hətta döydüyün qapı da.

Ən gözəl şeirlərimi,
Sənin eşqinə yazmışdım.
Görüşümüzün ilk günü,
Sizin küçədə azmışdım.

Bir gün sən də az küçəni,
Qapımı döy qonaq kimi.
Yarımçıq qalıb sevgimiz,
İçilməmiş şərab kimi.

Bizi sevgili bilsinlər, 
Davam etdirək oyunu.
Qapını açıq qoyacam,
Gəl, gözləyəcəm yolunu.

Hərdən məni Allah da,
Heç yadına salmasın.
Pəncərənə çörək qoy,
Sərçələr ac qalmasın.

Daha yadıma düşmür,
Hər şeyə ağlamağım. 
Əvvəllər utananda, 
Qızarardı yanağım.

Həsrətlə gözləyərdim,
Nənəmgilin yolunu.
Kimin hələ yadında
Yeddi şüşə oyunu?

Qatarlar aparardı,
Adamları kəndinə.
Uçan boşqablar çıxdı,
Qatarların yerinə.

Təndirdə bişirərdi,
Nənələr çörəkləri.
Unutduq zaman-zaman,
Biz nələri, nələri…

Məni yadına salma,
Deməyimə baxma Sən.
Unutma Sən də Allah,
Xatırlaya biləsən.

Mənim sənə olan eşqin,
Əvvəli var, sonu yoxdur.
Kim deyir ki, bu dünyada, 
Eşqin mükafatı yoxdur.

Sevənlərin gözündə eşq,
Viranəlik, dəlillikdi, 
Sevəndə elə bilirsən
Bu eşq ürəyində ilkdi.

Eşqə bimar düşən gözlər,
Görərmi başqa cəh-cəlal.
Eşqə ucalmaq üçünsə,
Gərəkdir var olsun kamal.

Eşqim sözümü aşacaq,
Nöqtə, vergül qarışacaq.
“Hu”dan bir şeir yazacam,
Hamı məndən danışacaq.

#Hu (هو), ərəpcə “O” anlamına gelen ve Sufi ədəbiyyatında  istifadə olunan bir ifadedir.

***

Ürəyində yer saxla
Öz yerimi tapınca. 
Səni gizli sevəcəm,
Gəlib məni tapınca.

Ona qədər sayarsan,
Ürək desən, çıxacam.
Ayrılıq desən əgər,
Mən oyundan çıxacam.

Birdən aldadarlar ha,
Məni özün taparsan. 
Əgər tapa bilməsən,
Ürəyinə baxarsan.

Məni tapsan səninəm.
Tapmasan da səninəm.
Axı sən ki, bilirsən
Bir oyunluq səninəm.

Nə uzun çəkdi oyun,
Gözlərini aç daha.
Ürək desən çıxardım,
Demədin, küsdüm daha.

***

Pəncərəmin işığı yox,
Gəlsən, qapını döyərsən.
Yüz ildi, səni görmürəm,
Həsrətin gəldi, deyərsən.

Bilənlər bilir ki, necə
Olur həsrətin ağrısı.
Bilirsənmi necə olur,
Gecələr ürək ağrısı?

İlan kimi qıvrılırsan,
Bir saatlıq yuxu üçün. 
Səslər bir-birinə qarışır,
Gecə duaları üçün. 

Qalaq-qalaq şeir yazdım,
Di gəl, oxuyan olmadı.
Soyuq bir qış gecəsində,
Yandırdım, bilən olmadı.

Hamı unudur, ay zalım,
Tək unudan mən deyiləm.
Sanma ki, sənsiz ölərəm,
Unutdum, ölən deyiləm.

***

Dünyadan yorulanda,
Sığınmağa yer də yox.
Üşüyən ürəkləri,
İsitməyə söz də yox.

Mən kimə gileylənim,
Ömrümün bu çağinda.
Dərdimi gizlətmişəm,
Saçlarımın ağında.

Bircə dəfə bəxtimə,
Sığal çəkmədi əlin.
Mənə yol göstər Tanrım,
İzinə düşüm, gəlim.

***

Çağırılmamış qonaqtək,
Gəlmisən, xos gəlmisən. 
Keç, ömrümün başına,
Ömrümə xoş gəlmisən.

Ömürlük gəlmisənsə,
Məni sevməyi öyrən.
Götür qələm, kağızı,
Şeir yazmağı öyrən.

Qısa mesajlar yazma,
Bilirsən ki sevmirəm.
Hər gün məktub yaz mənə,
Yaz ki, səni sevirəm. 

Sevgi könül dərmanı.
Unutmuşam deməyi,
Sən sevəndən tərgitdim,
Daha dərman içməyi. 

Bilirəm ki, sevginin
Dili olmur danışsın.
Barı elə sev məni,
Hamı bizdən danışsın.

***

Yazı masamın üstündə,
Hörümçəyin yuvası var.
Qələmə hörüb torunu,
Söksəm, bilirəm ahı var.

Bəlkə, yeni şeir üçün
İlham pərisisən mənə.
Səni çoxbilmiş, hörumçək,
Otur, şeir yazım sənə.

Biri vardı, biri yoxdu…
Bu cümlələr daha yoxdu.
Pərilərin arasında, 
Niyə hörümçəklər yoxdu?

Adını da söyləmədin,
Elə hörümçək bilirəm.
Çaydan fit çalır, deyəsən,
Gözlə, susdurub, gəlirəm.

Bu boyda evdə torunu,
Masamda niyə hörmüsən?
Bir söz soruşum, hörümçək, 
Sən peyğəmbəri görmüsən?

Mən danışqan, sənsə dilsiz,
Necə dil tapaq görəsən?
İnsan olmaqmı asandı,
Yoxsa hörumçək, görəsən?

Yuxuya getdin deyəsən, 
Cavabsız qaldı sualım. 
Sən rahat yat, mənsə gedim, 
Şama iki çörək alım.