.....

.....

SMO… – Gülnarə İsrafilin şeirləri

SMO… – Gülnarə İsrafilin şeirləri

Ay ilıq

Sarılıb sarmaş-dolaş, seyri-suluk edərəm,
Nə saat tak-tak edər, nə də zaman var olar.
Sənin hava axını çəkdiyin hər nəfəsdə,
Hissənə, hüceyrənə dönüşərəm doğrular.

Sən olaram gülüşdə, sən olaram kədərdə,
Sındıraram sehirli, sirr doğuran tilsimi.
Narçiçəyi rəngində bəzənərəm, bəzərəm,
Öpüşümlə boyaram dodağına sevgimi.

Ozanqatımda sərib ayağına çilçıraq,
Apararam illərin səndən gedən fəslinə.
Səni ruhuma çəkib edərəm yaza qonaq,
Səni vermərəm yerin, torpağın da əslinə.

Mənim ruhum əbədi yaşanacaq baqidir,
Sən mənim bədənimin tənyarı hissəsisən.
Gözlərimin işığı, hisslərimin güzgüsü,
Zamansız dövrə vuran nəbzimin qu səsisən.

Gəl ömrümə, ruhumu uçurt göyə çərpələng,
Sonra yapış, bərk sarıl, qoparmasın ayrılıq.
Əriyək bir can olaq, bir səs, bir bədən, ətir,
Bizə Günəş işığı gecə gəlsin, ay ilıq.

SMO

xatirələri yığdım bir yerə
blyard daşları kimi. alınan üçbucağın
üç tərəfi və
üç tərəfi birləşdirən üç nöqtə;
S – sən,
M – mən,
O – o.
… dağılar üçbucaq əvvəl-axır.
dağılarsa,
diyirlənər xatirələr hərə bir tərəfə
blyard daşları kimi.
diyirlənərsə xatirələr,
hər xatirə bir hadisə
daşıyar özüylə.
hər xatirə
bir hadisə daşıyarsa,
hadisələr üz alar hərə bir tərəfə.
üz alar
düz xətt boyunca, üstündə
ard-arda üç nöqtə; S, M, O –
sən, mən, o.

Ukrayna

Elburus küçələrin
yastıq qəlpələri
yetim qarnını aclığa aparır.
Zirzəmilərin almaq, culmaq dalğası
düyün hədiyyəsi edir doğmağı.
Yaşamın barıt nəfəsliyində
cütlük imza atır.
Güvən
qanına qəltan edir
binaları.
Diktator gecələrin
hörük saçları
soyumuş səsini oxşayır adamların.
Çərşənbə gecəsinin
keçməyən qanmışıdır Ukrayna.
Bir imza qədər
qurtuluşdu savaşlar,
bir imza qədər
ölümdür doğuluşlar.

Tutun, bərk tutun

Sən ay əlləri boş, çiyələk qadın,
de niyə dinmirsən dilin tutuldu?
ağrıdı saçların sığalsızlıqda,
ovcunmu lillədi, əlin tutuldu?

De hara gedirsən, yolun hardadır,
“dünya tək adamlıq yerdir” demişdin.
nə çoxdur yol üstə ruhu əzilmiş,
nə çoxdur sürüdən ayrılmış adam
sən dik baxışları kimdə əymişdin?

Sən ay əlləri boş, çiyələk qadın,
nəfəs boyda qaldın, nəfəs-nəfəsə.
deyirlər üstündə şam yandıran yox,
qəlbini küsdürmə gül və ağla keç,
tutun, bərk tutun!
səni ovunduran bax gör nədirsə.