Son görüş
Yadındamı son görüş?..
Bütün istilikləri noyabr soyuğunda gizlətməyə çalışdıq.
Son dəfə son görüşdə sonsuzluğa aparan sonralardan danışdıq…
Guya ki, biz, beləcə, tale ilə barışdıq…
Eh, kimi aldadırdıq?
10 dəqiqə keçməmiş hisslərimiz qarışdı.
Qucaqladım… Ağladın…
Boynumu qollarında yenə əsir saxladın…
…Yadındamı o anlar?-
-Dodağımın küncünü yanağından süzülən yaşında saxlamışdım…
Təslim edib ruhumu gözlərinin rənginə,
Barmağımın ucunu qaşında saxlamışdım.
Bütün təlatümləri, bütün həyacanları
ürəyimdə cəmləyib, başımda saxlamışdım…
Saçından 3 tel qırıb maşında saxlamışdım…
…Sonra sahilə getdik…
Mən qaçıb qumun üstə ürək şəklini çizdim,
O ürəyin içində sən əl izi saxladın.
Mən fırtına qopar(t)dım, sən dənizi saxladın.
…Yıxıldın, yaralandın…
Yaylıqla yelpiklədim dizindəki ağrını.
Tərs kimi çox sıxırdı təzə başmaqların da barmağının bağrını.
Yadındamı, şirindil, gülərüzlü qaraçı, yaralı göyərçinin qanadın sarıyırdı?
Ondan bir az aralı yerə uzanmış halda bir səfil zarıyırdı…
*
Bax, ordan o tərəfi mənim yadımda deyil,
bəs sənin yadındadır?
O gündən bu günədək fikrim Tanrı yanında,
Gözüm-könlüm hələ də sən adlı qadındadır!
Mən səni tanıyandan
dilimə şəkər qatıb
sözümü ləl edirəm.
Ən mürəkkəb tənliyi
asanca həll edirəm.
Hasili də, cəmi də,
hətta bölünməzi də
bölürəm sənin üçün.
Hərdən oxumdan çıxıb
nizamsız olsam belə
istinad nöqtəsinə
dönürəm sənin üçün.
Eh, neçə illərdi(r) ki,
yaşayıram özümçün,
ölürəm sənin üçün…!
İncəbellim, ahugözlüm, ayüzlüm,
Gündüz ötdü, düşdü gecə…darıxdım.
Nə uzunmuş ürəyinə gedən yol,
Döngə-döngə, küçə-küçə darıxdım.
Həsrət qaldım Ay üzünün bədrinə,
Gün yandırdı, qovuşmadım ətrinə,
Ay Ürəyim, ürəyinin xətrinə
Ürəyimi qoyub küncə, darıxdım.
Fəryadımı eşitmədi, of, Xudam,
Gərək özüm öz könlümü ovudam.
Gülüm, çox da sənə qarşı kobudam…
Xəfif-xəfif, incə-incə darıxdım.
Ürəyimdə lap yuxarı başdasan,
Dözəsiyəm, dönüb-dönüb daşlasan.
Sən nə zaman darıxmağa başlasan,
Unutma ki, səndən öncə darıxdım!
Qadası
Bu gecənin gecəsinin xətrinə
Dərdlərimi atasıyam, qadası.
Bu şəhərin küçəsinin xətrinə
Əllərindən tutasıyam, qadası.
Bu gün bütün tabuları qırmışam,
Saatımı sonsuzluğa qurmuşam,
Gözlərinə dəniz deyib durmuşam,
Baxıb-baxıb batasıyam, qadası.
Dodaqlarım yanağının acıdır,
Baxışların ürəyimin sacıdır,
Nə olsun ki, dilin bir az acıdır,
Öpüncə bal qatasıyam, qadası.
Mən bu eşqi bilib şərəf, gəlirəm,
Sən bir kitab, mən sənə rəf, gəlirəm!
Məndən çıxıb sənə tərəf gəlirəm,
Nə qalıb ki, çatasıyam, qadası.
Neçə ildir gözüm qalıb yuxusuz,
Aşiqinə rəvadırmı bu xüsus?
Gözlərindən gözlərimə yuxu süz,
Ürəyinə yatasıyam, qadası.
Ürəklərin ahsızlığı
Dərd gələn ana kimidi.
Kafirin Allahsızlığı
Tənha qalana kimidi.
Yaşadıqca bildim bunu-
Kor ləl bilər bulduğunu.
Dost da, yar da, umduğunu
Səndən alana kimidi.
Yol var- gedir dərin-dərin…
Yol var- gəlir üzü bəri.
Yol var- yarır üfüqləri,
Yol var- dalana kimidi.
Mənasızdır alışdığın,
Vuruşduğun, çalışdığın…
Düzlüyün də danışdığın
Şirin yalana kimidi.
Bitib-tükənməz tamahı,
Əbədi bilər sabahı.
Vəzirin vəfası, şahı
taxtdan salana kimidi.
Haqqın da bir üzü hər an-
Yalan! Yalan! Yalan! Yalan!
Babandan atana qalan
dərdlər balana kimidi!