.....

.....

Sonsuzluqlara – Həvva Nazim

Sonsuzluqlara – Həvva Nazim

Papaq

Saxta pul sırıyıb bizim qonşuya
Bazarda buxara papaqlı “kişi”.
İnanıb sözünə, bir də papağa
Nə bilsin, saf qonşum fırıldaq işi?!

Sözün yiyəsiydi köhnə kişilər
Vaxt vardı kəlməsi qızıldı, zərdi.
Ağızdan çıxanın hökmü olardı
Yüz-yüz sözləşməyə sözü dəyərdi.

Qanında, ruhunda halallıq gərək
Quyuya ha su tök, quyu dolmazmış.
Haramın yolunu üstün tutandan,
Hər papaq qoyandan kişi olmazmış.

Ərənlərdən ol

Balamsan, göz yumub, görməzdən gəlmə
Haqsızlıq olanda, görənlərdən ol.
Qorxmayıb birbaşa nahaqqın üstə
Haqqın köhlənini sürənlərdən ol.

Çıxdısa rastına kimsəsiz qoca,
Soyumuş bir ocaq, tüstüsüz baca,
Günlərlə ac-susuz dolaşan aca
Bir qarın çörəyi verənlərdən ol.

Uca tut sözünü, ana dilini,
Xalqının dərdinə uzat əlini,
Harada olsan da ucalt elini,
Vətənim söyləyən ərənlərdən ol.

Lal düşüncələr

Əlləri uzanır zülmət gecənin
Boğur bu qaranlıq otaqda məni.
Çevirir o üzə, bu üzə, Allah
Qovurur fikirlər yataqda məni.

Bir yerə çıxammır lal düşüncələr
İlişib ürəyin sirr tərəfinə.
Gözlərim bir sısqa işıq axtarır
Sığınıb ümidin bir tərəfinə.

Nə olar, ruhumun əlindən yapış
Yarımçıq varlığım əsim-əsimdir.
Bəlkə yaxındasan, bəlkə uzaqda
Bir kiçik işarə versən, bəsimdir.

Sonsuzluqlara

Durmuşam dünyanın pəncərəsində
Gözümü atıram sonsuzluqlara.
Ruhumla əl-ələ tutub gedirəm
Özümü atıram sonsuzluqlara.

Mən səbrə, cəfaya açmışdım qucaq,
İndisə dözümdən olmuşam qaçaq.
Alışmaz köksümdə sozalan ocaq,
Közümü atıram sonsuzluqlara.

Dünyaya nə fərqi, varam, ya da yox?!
Könlüm də, gözüm də bu dünyadan tox.
Həvvayam, kəlmələr əlimdə yay, ox
Sözümü atıram sonsuzluqlara.

Yazdım

Heç vaxt incitmədim qələm, varağı
Söz gəlib köksümə dolanda yazdım.
Sarıb-sarmalayıb xoş xatirələr
Qolunu boynuma salanda yazdım.

Duyanda ətrini bağça-bağların,
Sehrinə düşəndə gözəl çağların,
Sığınıb qoynuna uca dağların,
Təklikdə xəyala dalanda yazdım.

Uçub havasıyla əsən küləyin,
Dalınca yetişdim arzu, diləyin.
Ana adındakı gözəl mələyin,
Qoxlayıb qoxusun alanda yazdım.

Gəldikcə üstümə qəm buludları,
Hasartək hörəndə çən hüdudları,
Alıb qara yellər tər umudları,
İztirab notları çalanda yazdım.

Həvvayam, küsdükcə gülən səhərim,
Sıxdıqca sinəmi qəmim, qəhərim,
Tövşüyüb qürbətdə sevinc kəhərim,
Yorulub yollarda qalanda yazdım.