.....

.....

Sonuncu pərdə – Tərlan Əbilov (şeirlər)

Sonuncu pərdə – Tərlan Əbilov (şeirlər)

Sonuncu pərdə

Yorub məni uzaqlara yol çəkmək,
uzaqlara göz dikmək.
Bekarçılıqdan qollarım çiyinlərimə ağ olur,
əllərim qollarıma…
Üzümə ağ olur sənə ünvanladığım sətirlər.
Əvvəlində özümə bir yer saxlamadığımdan
sonumda çox sıxlıqdır indi;
sağa dönürəm işsizlik,
sola dönürəm huşsuzluq,
yumruqlayır kürəyimi arxada asılan şəkillər,
önümdə yamaqdır pəncərədən asdığın pərdə…
Yorub məni yer,
yorub məni göy,
bezdirib məni yaxınlar,
bir qədərdir uzaqlar.
Yer üzündə nə qədər adam var,
o qədərdir uzaqlar…

Keçdi

Keçmədim səndən, könlümdən
nə keçdisə yalnış keçdi.
Dolu gəlmədin ömrümə,
sən də bu ömrü boş keçdin.

Düşdü sevgin iş qapımda,
Dedim göydən düş qapımda.
Duan keçməmiş qapımdan,
canımdan yüz qarğış keçdi.

Hürdü, adamlar hürüşdü,
Baxtın ayağı sürüşdü.
Ovcumda quraqlıq düşdü,
gözlərimdən yağış keçdi.

Qırıldım, səni qırmadım,
Bir addım geri durmadım.
Məni özgələr vurmadı,
üstümdən dost-tanış keçdi

***

Ayrılıq bizə ayrı yaşamağı da öyrətdi,
bir az yuxumuz pozuldu,
bir az özümüz;
mən uzun fasilədən sonra içkiyə aludə oldum,
sən mənsizliyə…

Şeir yazmağa,
şəkil çəkməyə başladım,
səni sevdiyimə görə özümü bağışladım.

Olur da,
bəzən ən ayıq,
ən səliqəli kişi də yoluxur
bir qadının şirin dilinə,
özünü aid edir
ona aid olmayan birinə…

Mən indi bilmirəm sən kimsən, nəsən, harasan,
çoxdan unutmuşam ismin hansı sualına cavab verdiyini.
Çoxdan unutmuşam
sifət kimi necə, nə cür, hansı olduğunu…

Mən indi daha çox
feil kimi ayrılığın hərəkətini bildirirəm,
yazdığım şeirlərə,
çəkdiyim şəkillərə özümü güldürürəm.
Heç özüm də bilmirəm
kimin üçün özümü belə öldürürəm.

O qədər darıxıram ki,
“Nə etmək?”
“Nə etdi?”
“Nə etmişdir?”
“Nə edir?”
“Nə edəcək?”
“Nə edər?”
suallarına cavab verirəm.
Şəxsə, kəmiyyətə görə dəyişirəm,
təsdiqli, inkarlı,
təsirli, təsirsiz oluram…

Sən eşqsən

Sən eşqsən;
zərifliyinin içində
qırılmazlıq,
güc,
dözüm gizlədilmiş eşq…

Saçlarından dəniz,
gözlərindən günəş damcılayır,
dodaqlarından La İlahə İlləllah…

Sən eşqsən,
harda varsan,
ora qiblədir mənə, qadın…