Nənə dürməyi
Qabarlı, qırışlı nənə əlindən
Bir ayrı doğmadır nənə dürməyi.
Çiçəklər qoxuyan südün, qatığın
Üzündən yığmadır nənə dürməyi.
Şəfəqlər süzülür səhər danında,
Kəndli ayaqdadır xoruz banında,
Səhərlər şirinçay gəlsə, yanında
Ən dadlı loxmadır nənə dürməyi.
Qiyməti qalmayıb indi heç nəyin,
Qalaylı sərnicin, misdən sənəyin.
Örüşdən qayıdan Ağca inəyin
Yağından yaxmadır nənə dürməyi.
Ayağa düşdü
(təcnis)
Həyatın hər cürə üzünü gördüm,
Canım bərkə-boşa, ay ağa, düşdü.
Üzə gülümsəyib dalda deyinən
Adamlar gözümdən ayağa düşdü.
Gəl ağdan söyləyim, qaradan yazım,
Geyinib libası qaradan yazım,
Mən də görərəmmi qaradan yazım,
Sıyrıldı zülmətdən, ay ağa düşdü?!
Ömür adındaymış gedən qafilə,
Gahdan dərə ilə, gahdan Qaf ilə,
Bu dərd hardan gəldi məntək qafilə?
Əridi ürəyim, a yağa düşdü.
Söylə
Toqquşdu baxışlar bir payız günü,
Gizlətmə, qəlbini yaxdımı, söylə?!
Kəlmələr lal oldu, gözlər danışdı,
Nəğməsi könlünə axdımı, söylə?!
O vaxtlar şən idim şən ürəyində,
Dönüb oldum güman, zənn ürəyində.
Bir daxma qurmuşdum mən ürəyində,
Başqası uçurub yıxdımı, söylə?!
Gül açmır arzular daha mən adda,
Uçmağa xəyal da yoxdur, qanad da.
Xəzana çevrilmiş illərdən yadda
Tək yarpaq xatirə yoxdurmu, söylə?!
Qələbələr çala
Yaradanım gözəlliyi bol versin,
Gül yaraşar hər yamaca, yala ha.
Hər insana hamar, dümdüz yol versin,
Düzülməsin daş cığıra, yola ha.
Acı sözlər kövrək qəlbə bir oxdur,
Söz getdimi, dönməsinə yol yoxdur.
Dünyamızda dərdli insan nə çoxdur,
Yığ dərdləri, ver atəşə, qala ha.
Kasıba nə varlıların dəbindən?
Qazanc çıxır sanki dəniz dibindən.
Heç bir cavan utanmasın cibindən,
Dost-tanışdan qoy qalmasın dala ha.
Bu dünyada anılarsan rəhmətlə,
Hər kəs ilə bil, davransan hörmətlə.
Halal çörək qazanılar zəhmətlə,
Qüvvət versin Rəbbim ələ, qola ha.
Hər alına zəhmət təri bulana,
Halal ömrə, Həvva, ömür calana.
Yer üzündə haqq-ədalət dolana,
Xeyir şərə qələbələr çala ha.
Sevəndə
Baxışlardan od sıçrayır köksünə,
Qığılcımdan köz tutulur sevəndə.
Əyriliklə sevgi olmur başacan,
Sevgi yolu düz tutulur sevəndə.
Ürəyində bir işıltı doğulur,
Hənir salır, ruhun ilə yoğrulur.
Kəlmələrin boğazında boğulur,
Dilindəki söz tutulur sevəndə.
Bağçasında qönçə-qönçə gül olur,
Onsuz keçən hər saniyən il olur.
Ayrı düşsən, göz yaşların sel olur,
Bulud kimi üz tutulur sevəndə.