.....

.....

ŞÜBHƏLƏRİ VARAQLA – İLQAR TÜRKOĞLU (şeirlər)

ŞÜBHƏLƏRİ VARAQLA – İLQAR TÜRKOĞLU (şeirlər)

ŞÜBHƏLƏRİ VARAQLA
Bu dərdə də bəlkə əlac tapılar,
Bu sevdanı biryolluq göm ürəkdə.
Açıq olsun təki sənə qapılar,
Hələ mənim ağrılarım gömrükdə.

Nə zamandı gülümsəmir heç üzün,
Kədərlənmə bu yanıqlı bəstəmə.
Gözlərində yuva qurub iç üzün,
Heç bilmədim nədən durdun qəsdimə.

Keçəmmirəm, aramızda sayğı var,
Kefin mənsiz, halın mənsiz, necədi?
Bu həyatdı, hər addımda qayğı var,
Ömür tamam zülmət dolu geçədi

Sevən könlüm boyun əyməz hər dinə,
Bir yolum var, öz yolumdan azmıram.
Məlhəm olmur xatirələr dərdimə,
Hər dərdimi, hər ağrımı yazmıram.

O günlərin yarasını közləmə,
Ümidimi, gümanımı itirdim.
Bu sevgidə daha sınaq gözləmə,
İlk “dərs”imi bir sualda bitirdim.

Danışmadım bircə kərə hərcayı,
Ömür ötür qovğalarda, biləsən.
Yolun üstə sızqa axan bir çayı
Dəli keçir, düşünürsən hələ sən…

Elə bilmə küçənizdən keçirəm,
Yol gözləmə ta əzəlki maraqla.
Şərab süzür saqi yenə, içirəm,
Sən hələ də şübhələri varaqla.

Bu dərdə də bəlkə əlac tapılar,
Bu sevdanı biryolluq göm ürəkdə.
Açıq olsun, təki sənə qapılar,
Hələ mənim ağrılarım gömrükdə.

BU SEVDA
Daha qaçıb dadı-tamı aşımın,
Daha gülmür o sevdalı baxışlar.
Azalmayır çən-dumanı başımın,
Sıxıldıqca gözlərimdə yağışlar.

Yol azdırır uçuq-sökük səkilər,
Mən gələnə qədəhləri dəst elə.
Kafelərdə zəhlə tökür saqilər,
Dodağının şərabında məst elə.

Boş yerədi o şübhəli sorğular,
Qısqanırsan hər yazdığım kitaba.
Qoy öldürsün sətiraltı vurğular,
Quzu kəsim dilindəki xitaba.

Sərildikcə ayağına güllərim,
Sevincini gözlərindən içirdim.
Saçlarında dolandıqca əllərim,
Divarları ürəyimdən keçirdim.

Uzaqları çəkib yaxın elədim,
Bilirəm ki, ürəyimə sən ovda.
Saya-saya ulduzları ələdim,
Ötən deyil, bitən deyil bu sevda.
QARAGILƏ
Bu nə ömür, bu nə gündü,
Bu nə səsdi, bu nə ündü.
Qaranlığa hey büründü,
Ha çalışdım üzü gülə.
Daha gecdi, qaragilə!

Günəş çıxdı, oyanmadın,
Yolum üstə dayanmadın.
Töküb zülfün sayammadın,
Sığal çəkdim bir də telə…
Daha gecdi, qaragilə!

Eşqin bahar biçimdəydi,
Qaranquşlar köçündəydi.
Ürəyimin içindəydi,
Bir də düşməz fürsət ələ.
Daha gecdi, qaragilə!

Lalə-nərgiz düzüm-düzüm,
Yollarına düzdüm özüm.
Sönməyibdi odum-közüm,
Bir gecədə döndər külə.
Daha gecdi, qaragilə!

Yüz demədim, min demədim,
Meysiz günə gün demədim.
Şahlığından en, demədim,
Saya-saya gözlə hələ…
Daha gecdi, qaragilə!

Eşq oduna necə saldı,
Sinəm üstən küçə saldı.
Ay üzünə gecə saldı,
Hara gedim indən belə?
Daha gecdi, qaragilə!
YERİN VAR
Ovutmayır daha məni hər qəzəl,
Depressiya qonağımdı hələ də.
Qaranlığa əsir olub bir gözəl,
Bu gecə də ümidləri tələdə…

Yağış altda parıldayır bir küçə,
Qədəh tutub çökəklərə səkilər.
Oyaq qalıb Ayla tənha bir gecə,
Gözləməkdən yollar dara çəkilər.

Ürəyimi kabab edib, demir off,
Elə bil ki, heç qalmayıb insafı.
Məlhəm olur, kömək olur Nemiroff-
Dar günümdə dostlarımın ən safı.

Hələ çoxdu qəzəblənib, hirs udan,
Səbri yoxdu, salıb yenə hay-həşir.
Aradabir içirəm ki, nur “sudan”,
İnciməsin baxıb Ömər əl Bəşir.)

Çəkəmmədim bu sevdanın daşını,
Tənha oda, sakit gecə, mərhaba!
Qeyd edirəm “ayrılığın” yaşını,
Minnətdaram laləyanaq şəraba.

Həm yayına, həm oxuna dözürəm,
Hər hissimi eşqi-subay istəyir.
Həm “çox”una, həm “yox”una dözərəm,
Kənd evimi şəhri Dubay istəyir.

Heç dəymədim bircə kərə xətrinə,
İstəyəndə “asıb-kəsdə” yeri var.
Qoy bələnim qoynundaca ətrinə,
Saxlamışam, gözüm üstə yerin var…

QOŞA DÜŞMÜRÜK
Ay insafsız, bir az da
Tur eşqimdə ovuldum.
Günah görmə Arazda,
Gözlərimdə boğuldum.

Mən körpüyəm, sən divar,
Bu eşq ötəri belə?!
Hər acıma tən də var,
Sevdim kədəri belə.

Daşa dəyir hər addım,
Bu sevda coşa gəlmir.
Ha sınadım, zər atdım,
Bəxtimə qoşa gəlmir.

Sanma daha batmışam,
Gəlib təngdən keçirəm.
Bir günaha batmışam,
Yenə cəngdən keçirəm.

Mindikcə qəm atına,
Çək, göndər ahı mənə.
Çevirib üst qatına,
At hər günahı mənə.