.....

.....

SÜLEYMAN ABDULLANIN ŞEİRLƏRİ

SÜLEYMAN ABDULLANIN ŞEİRLƏRİ

BİRCƏ SƏN…

Əllərin üşüsə çəkinmə, götür,
Barı bir qalamlıq köz ürəyimdən.
Ya tale qarovdur, ya da mənəm kür,
Açanda yaralar göz ürəyimdən.

Bəlkə ərməğandır dərd-qəm kimsədən,
Bəlkə əllərimi üzəm kimsədən.
Mənim nə həddimə küsəm kimsədən,
Hərdən inciyirəm öz ürəyimdən.

Vətən deyiləndə yadı mənimdir,
Ağrının-acının dadı mənimdir,
Ölmüşün quruca adı mənimdir,
Bircə sən alırsan söz ürəyimdən.

KEÇMİŞLƏ GƏLƏCƏK ARASINDA

Gözündəki kədər elə dərin ki…
Yoxdur azca sevinc vurmağa dişə.
Yaxşı gələcəklə aldandıq, dostum,
Qayıtmaq istəyir hamı keçmişə.

Çoxdu üsyan edən göyün hökmünə
Haqsızlıq qoparır ayağı yerdən.
Göyə əl açmaq da yaramır işə
Dost-tanış əsirgər dayağı yerdən.

Bu nə möcüzədir, bu necə sirr, dost,
Evə qəmli dönən çölə şən çıxır.
Hamı bir-birindən şübhəlidir, dost,
Hər küncdən, hər tindən işverən çıxır.

YAXŞI OLAN ŞEİR

Vaxtı çoxdan keçib asi olmağın,
Nə Tanrı razıdır, nə bəndə vaxtdan.
Zamanı yetişib vədə dolmağın,
Zülm ərşə çıxır keçəndə vaxtdan.

Qanunsa dövlətdir, zordusa çətə,
Yoxsa insaf gərək, varsa din gərək.
Başqa necə olur gəlmək lənətə,
Adamın naxışı gətirsin gərək.

Bilmirəm, ya şıxdı, ya pirdi kimsə,
Nə vaxtsa, kiməsə kimsə deyə dur.
Hər şey yaxşı olar deyirdi kimsə,
Bizə yaxşı olur, lap yaxşı olur.

ÇIXMAQ VƏ GETMƏK

Bəzən çıxıb getmək istəyir adam,
Hər kəsdən, hər yerdən çıxmaq və getmək…
O olmaz, bu olmaz, o-bu heç olmaz,
Bütün tabuları yıxmaq və getmək…

Kimsə biri gəlib verməsin öyüd,
Bizim səcdəmizə uyğun deyil büt.
Nə fərqi, azıdır, köpəkdir, ya süd,
Canını dişinə sıxmaq və getmək.

Olur Tanrı küsür, ya bəndə birdən,
Çoxdu düşdüyümüz boş fəndə birdən.
Kim nə aparır ki, gedəndə birdən,
Oları-olmazı yığmaq və getmək.

SÜLEYMAN ABDULLA.