Qurban hüzuruna, qurban sanına,
Sanma ki mən sənə gəlmirəm, Şuşa…
Niyə buraxmırlar axı yanına?!
Bilmirəm, bilmirəm, bilmirəm, Şuşa…
Günah axtarıram özümdə ancaq,
Nə varsa, var sivri sözümdə ancaq.
Bir damcı yaş qalıb gözümdə, ancaq
Silmirəm, silmirəm, silmirəm, Şuşa.
Mən sənə lap çoxdan gəlməli idim,
Əsgərdim, şəhidin olmalı idim…
Ölməli adamam, ölməli idim,
Ölmürəm, ölmürəm, ölmürəm, Şuşa.
Gah qılınc çəkirəm, gah da ki qını,
Gah başım çatlayır, gah qəlbim sınır.
Kim verib haqsıza gülmək haqqını?!
Gülmürəm, gülmürəm, gülmürəm, Şuşa.
Sənmi uzaqdasan, mənmi, bir danış,
Cavab ver, sən dillən, yaxşı bil, danış.
Doğru söz danışmaq pis deyil, danış,
Dinmirəm, dinmirəm, dinmirəm, Şuşa.
Demirəm, qarşıla, desənə, gəlim…
Demirəm, “Hacı”ya, “Həsən”ə, gəlim.
Deyirəm, vaxtıdır ha, sənə gəlim..,
Gəlmirəm, gəlmirəm, gəlmirəm, Şuşa.
***
Hamı gedir, bizimçün
Şuşaya yol açılmır.
O müqəddəs, o cənnət
Guşəyə yol açılmır.
Üzümüzə bağlıdır
Qapıları oranın,
Məzara yol açılmır,
Beşiyə yol açılmır…
Heç bilinmir, haracan
uzanır qol-budaqlar…
Kimə qaldi o daglar?!
Rişəyə yol açılmır..
Ana məhrum baladan,
Bala məhrum anadan..,
Bağrımızı qanadan
Şüşəyə yol açılmır.
Kimlər gedib isinir
Kimlər yanır ocağa..,
O səmtə, o bucağa
Köşəyə yol açılmır.
Həsrət qalaq o yerə
Nə dağ gülsün, nə dərə..,
Yol açıqdır kədərə
Nəş’əyə yol açılmır.
Gəlsin dövran lənətə,
Baxan yoxdur sənədə..,
Tərifsiz bir sənətə,
Peşəyə yol açılmır.
Susma, danış, şairim,
Nətər olur, qadası,
O şeyə yol açılır,
Bu şeyə yol açılmır?
***
Ortada qalıb, gəl götür,
Köşəli şeir, köşəsiz şair.
Duyğuları kələkötür,
Nəşəli şeir, nəşəsiz şair.
Biri səndi, biri məndi,
Dolaşdı şəhəri, kəndi,
Qafiyəsi, bəhri, bəndi
Qoşalı şeir, qoşasız şair.
İnanma bəxtə, zərə sən,
Aldınsa, gərək verəsən…
Hansı xoşbəxtdir, görəsən,
Şuşalı şeir, Şuşasız şair?!