Qəlb evim uymaz mənim şadəm ki cənnət eşqinə
Çün yəqin ilə sürər ömrün həqiqət eşqinə
Bəlkə var həqqin yolu ayrı məqam ilə tərəf?
Düz deyil mən getdiyim bu yol bədahət eşqinə
Göz gəzir pünhan dolu aləmdə bürhani-əsl
Kim, sürə ömrün əsl-həqqi-ədalət eşqinə
Çox mələksima riyakar surətin etməz bəyan
Gəl mələk eylər özün gözdə, ibadət eşqinə
Xisləti pak olmayan eylər ibadət qorxudan
Biəlac alnın döyər möhrə qiyamət eşqinə
Ol vəfasız əhlidir didari-qəm gizlər, fəqət
Min cəfa ərz’ qilar tapdiqca fürsət, eşqinə
Öldürər insani ta torpağə dəfn eylər bir an,
Umduğu yerdən əgər gəlsə xəyanət eşqinə
Nə ibadət, nə qiyamət, nə səadət gövhəri,
Ömr edir Təbriz bu gün aləmdə rəhmət eşqinə
***
Aləm gözəlliyin gözüdür, sən də aləmin,
On ali zad(ə) varlığısan bəlkə Adəmin
Ey dil, yığılmış əhli-məhəbbət ki başına,
Kuyində cəm olan kimi pərvanələr şəmin.
Tutsa əlim əgər əlini kim qınaq edər?
Naməhrəmi deyil axı məhrəm ki məhrəmin.
Verdin bu dərdi canıma, yox eybi, qoy çəkim,
Vəslin qılınca həşr’də kim, canə məlhəmin.
Nola süzüb şərabını, ey saqi, badəmə,
Məstanəlik yaşat mənə eşqin dəmadəmin.
Eşqi-vücudimin gücüdür dərdə tab edən,
Sevda qoyub dizin yerə bir xeyli əkrəmin.
Məhşərdə sənlə üz-üzə gəlsək əgərçi, de:
“Canın verən cəmalıma Ruhanidir həmin” .
***
Nə ölən eşqimə ruh verməyə İsa deyiləm,
Nə səni aldadacaq surəti-dünya deyiləm.
Ol bahar mənzərəli surətini görmək üçün,
Neçə qışdan çıxıban gəlmişəm, ey yar, bu gün.
Neylədim görmədim ancaq sənin əfsanə üzün,
Bəlkə də mən buna heç bəndei-bala deyiləm.
Qəm becərmiş mənitək könlünə qəm dəni əkən,
Mənəm həsrət dibinə əşkini ah ilə tökən.
Görmədən, dinləmədən surətini nəzmə çəkən
Mən Füzuli kimi bir sahibi-dərya deyiləm.
Acizanə baxıram vəslə yetən aşiqə gəl,
Səndə Leyli kimi gen durma, uzat Məcnuna əl.
Nə qədər gəlməyib, ey gül, məni almağə əcəl,
Sən tələs məndə əbədlikdə təmənna deyiləm.
Bir çürük gövdə ilə, söylə, necə bar’ verim?
Bir ürəkdir dilə məndən sənə, ey yar’, verim.
Quru canımdan əziz söylə, nəyim var’ verim?
Mən ki Allahu-təbarək və Təala deyiləm.
Baxıram, seyr edirəm aşiqi-divanələri,
Görürəm eşq ilə bərbad’ olan xanələri.
Seçirəm dərd ilə ta məclisi-meyxanələri,
İçirəm badeyi-qəm, zöhd ilə ə’la deyiləm.
***
Özünü qoymasan mənim yerimə,
Mən nələr çəkirəm bilməzsən axı.
Gündüz bir başqayam, gecə bir başqa,
Sən də həsrət çəksən gülməzsən axı.
Məni məndən yaxşı bir sən bilərsən,
Dərdin qəddar kimi ola bilər, sən,
Sevgimi qəlbindən necə silərsən?
Bilirəm, sevgilim, silməzsən axı.
Tök bu ətəyindən inadın daşın,
Deyil artıq sənin uşaqlıq yaşın,
Müjganın oxuyla bağrımın başın,
İstəsən dələsən, dəlməzsən axı.
Rəvamı yalandan olub ümidvar?
Xar olum aləmə, çəkim sonda ar.
Boş-boş gözləməyin nə mənası var,
Qayıdıb yanıma gəlməzsən axı?
Peşmanlıq keçirdib eyləmə kərəm,
Düşünmə təzədən sevə bilərəm,
Yalandan demə ki, “sənsiz ölərəm”,
Allah istəməsə ölməzsən axı.
***
“Gəlmişəm ilhama dağlıq Qarabağdan yazıram”
Görünür aləmə azadlıq ilə üzdə fərəh,
Sinəmizdən doğulub hər yaranan sözdə fərəh.
Baxıram torpağa qəddimdə qürur, gözdə fərəh
Gah bu dağdan yazıram, gahi o dağdan yazıram
Gəlmişəm ilhama dağlıq Qarabağdan yazıram.
Qarabağ tarixi aşkardır əzəldən bu yana,
Torpağın rəngini düşmən boğaraq lalə qana,
Şuşa, Ağdam, Xocalı, Kəlbəcərə, Zəngilana,
Tər-tərə, Ağ Dərəyə çəkdiyi dağdan yazıram,
Gəlmişəm ilhama dağlıq Qarabağdan yazıram.
Yağı düşman nələri etməyib, Allah, nələri,
Orda görmüş neçə məsumlar həmin zərbələri.
Körpəyə, yaşlıya, qadın, qıza işgəncələri,
Yaşadan bişərəfin, etdiyi çağdan yazıram,
Gəlmişəm ilhama dağlıq Qarabağdan yazıram.
Döndü viranəyə qəm içrə gülüstan bağı,
Atanın sındı məhəbbətlə uzanmış tağı.
Çəkərək sinəsinə ah ilə övlad dağı,
Analar bağladığı ol qara bağdan yazıram.
Gəlmişəm ilhama dağlıq Qarabağdan yazıram.
Xarı bülbül bitirib, laləli çöllər bitirib,
Vətənin hər qarışı bir igid aslan yetirib.
Burda öz arzuların qəmli filimtək itirib,
Qazilər keçdiyi dəhşətli sınaqdan yazıram.
Gəlmişəm ilhama dağlıq Qarabağdan yazıram.
Torpağın hər dərəsi, hər dağını seyr edərək,
Zirvədə dalğalanan bayrağını seyr edərək,
Bu müqəddəs Qarabağ torpağını seyr edərək,
Oturub bir daşın üstündə qıraqdan yazıram.
Gəlmişəm ilhama dağlıq Qarabağdan yazıram.