SEVGİLİM
Gözlərin qaradır məst edir məni
Gözəlliyin mənə sevdirir səni
Səndən başqa sevmərəm bir kimsəni
Niyə məni atdın oda,sevgilim?
Səni görən zaman qəlbim dayanır
Sənə qarşı beynimdə fikir dolanır
Məni sevməyin niyə belə yubanır?
Yarı tək qoyma həyatda,sevgilim
Eşitdim özgəyə nişanlanmısan
Başqa bir insanın yarı olmusan
Zəhərli ox ilə qəlbdən vurmusan
Məni tək qoydun bu yolda,sevgilim
Xoşbəxtlik dilədim sənə həyatda
Amma sən bunları saxla ki yadda
Səni sevən var idi Əmrah adda
Öldü bu eşqin uğrunda,Sevgilim
YAR.
Bayırda yağırdı gözəl bir qar
Hər kəs öz evinə çox tələsirdi
Nədənsə gözümə görünmürdü yar
Onu sevdiyimi axı bilirdi
Qəlbim çox kövrəldi gözlər ağladı
Onunla görüşə gəlmişdim bu gün
Yarsızlıq köksümü yaman dağladı
Bu qarlı havada etdirdi sürgün
Nəhayət naümid qayıtdım geri
Mən onun barədə lap çox düşündüm
Qar dənəsi tamam bürüdü yeri
Çarəsizcə tənhalığa büründüm.
TƏK QOYMA MƏNİ.
Səni düşünürəm hər axşam,səhər
Mənim bu halımı anla birtəhər
Sənsizlik mənimçün ölümdən betər
Nə olar əzizim tək qoyma məni
Allahım yaradıb səni payıma
Sən getsən qaranlıq çökər dünyama
İnan qəsd edərəm mən öz canıma
Nə olar əzizim tək qoyma məni
Gəl o saçlarını qoxlayım sənin
Neyləyim? olmuşam aşiqin,dəlin
Sevirəm söyləsin o şirin dilin
Nə olar əzizim tək qoyma məni
Sənsiz öz dünyama edirəm nifrət
Ver sən mənim bu saf sevgimə qiymət
Çalış sən edəsən Əmrahı xoşbəxt
Nə olar əzizim tək qoyma məni.
UNUDA BİLMİRƏM.
Bu axşam da düşdün mənim yadıma
Nə etsəm səni unuda bilmirəm
Bir ox təki sancılmısan canıma
Nə etsəm səni unuda bilmirəm
Gözəl siman canlanır göz önündə
Sanki durur axan qanım qəlbimdə
Bir anlıq donub qalıram yerimdə
Nə etsəm səni unuda bilmirəm
Silinməz heç baxışların yaddaşdan
Qalıb xatirələr o qarlı qışdan
Qəlb dəmirdən deyil,nə də ki daşdan
Nə etsəm səni unuda bilmirəm
Elə vaxt olur ki,tənha qalıram
Səni düşünürəm dəli oluram
Ömrü bitmiş bir gül kimi soluram
Nə etsəm səni unuda bilmirəm
SƏNSİZLİK.
Dar gəlir dünyanın hər yanı mənə
Yoxluğunda əzab çəkirəm yenə
Məni layiq bilmədin öz sevginə
Sənin üçün ölümə də gedərdim
Hələ də ürəkdə sevirəm səni
Belə gözəl sevmədim bir kimsəni
Buna görə qınasalar da məni
Bil,yenə sevsəydim səni sevərdim
Mənim bu halıma gülmə sən elə
Göz yaşım gözümdə dönübdür selə
Həyatda tək qoyub getsən də belə
Heç kimə baxmadan səni seçərdim
GƏL.
Aşiqlər axtarar eşqin yolunu
Yağışdan duyuram sənin qoxunu
Sənsizlik qəlbimə vurub oxunu
Gəl, gözəl sevgilim bitsin intizar
Sevgidə yaxşıdır olsa sədaqət
Bu işdə olmaz heç nifrət,xəyanət
Arzumuz bu idi biz olaq xoşbəxt
Gəl, gözəl sevgilim bitsin intizar
Əmrahın olmasın bir günü sənsiz
Sevənlər qalmasın heç vaxt sevgisiz
Sənin ürəyin də darıxsa mənsiz
Gəl, gözəl sevgilim bitsin ahu-zar
SEVGİ
Getdiyin o gündən bitmir qəm,kədər
Mənim saf sevgimə vermədin dəyər
Aşiqin halını aşiqlər bilər
Sən hardan biləsən nələr çəkmişəm
Heç bəxtim gətirmir mənim sevgidə
Gözlərim qalmadı səndən özgədə
Sevgi axtarmadım özgə birində
Mən təmiz eşqimi səndə görmüşəm
Qayıtmaz o günlər artıq geriyə
Zamana hökm edir hər bir saniyə
Bundan sonra heç kim girməz ürəyə
Ömürlük bu qəlbə səni əkmişəm.
AYRILIQ
Düşübdür artıq qara saçlara dən
Sən məni tərk edib getdiyin gündən
Sənsiz darıxıram bu boşluqda mən
Olmasın sevgidə heç vaxt ayrılıq
Aylar ötüb keçir dəyişir illər
İllərin içində sənsiz fəsillər
Elə düşür yada o gözəl günlər
Olmasın sevgidə heç vaxt ayrılıq
Hərdən yuxularıma gəlirsən mənim
Daha da çoxalır kədərim,qəmim
Onda çox darıxır vuran ürəyim
Olmasın sevgidə heç vaxt ayrılıq
Qalıbdır gözümdə sevginin qəmi
Ah-naləm bürüyüb bütün aləmi
Sənsizliklə yazdım mən bu şe(i)rimi
Olmasın sevgidə heç vaxt ayrılıq.