Sünbül saçlarını dara,
hörək bu ömrün içinə.
Xırman yeri bilib dən-dən
sərək bu ömrün içinə.
Yubatma, sən canın, tələs,
Artsın gözlərimdə həvəs.
Saçlarınla bir az nəfəs
dərək bu ömrün içinə.
Sözdü, sirdi varaq-varaq,
Olmaz susub belə qalaq.
İkimizdən nəsə salaq
gərək bu ömrün içinə.
Salma məni tənha yola,
Başıma gəlməyim bəla.
Günəş saçlarınla cila
verək bu ömrün içinə.
Qarın yağmamış yoluma,
İnsaf et, acı halıma.
Ay ömrüm, gəl, gir qoluma,
girək bu ömrün içinə.
***
Səndən dönməyə bir yol yox,
sənə də yollar bağlı…
Küləklər elə əsir ki,
ağaclar itirib ağlın.
Boylanıram sağa, sola,
bu yolun sonu sıx meşə.
Nə əvvələ donmək olur,
nə dönmək olur keçmişə.
Bəs məni səsləyən kimdi?
Kimdi o səsin yiyəsi?
Üzümə küləktək dəyən
kim o nəfəsin yiyəsi?
Bəlkə mən dəli olmuşam,
Çaşıb sənsizlikdən ağlım?
De, gözlərin hara baxır,
min illərdi bağlı-bağlı?
Min illərdi yol gəlirəm,
qapına yetişmək olmur.
Bu yollarda bir o səsdən
ayrı heç nə yadda qalmır.
Kim deyir ki, sən dərdsizsən?
deyib, bir özünü ağlar…
Bəlkə yerdə qərar tutub
sinənə çəkilən dağlar…
Bəlkə sənin də sevdiyin,
bu yollarda bir iz salıb?
Sənə qovuşa bilməyən,
o izlərdən bu səs qalıb?
Bəlkə o səs öz səsimdi,
yoldan keçəndə salmışam.
Sən səsimin o üzündə,
mən bu üzündə qalmışam…
SUSMUŞAM
Dindirə bilməyir məni bir duyğu,
çoxdandır gəlməyən səsə susmuşam.
Qəlbinə dəyməyim gəlməyən səsin,
qəlbimə çox dəyən səsə susmuşam.
Şükür, can üstdədi, ölməyib həvəs,
Dərirəm, içimi doğrayır nəfəs.
Qoymayır ağzımı açmağa bir səs,
bir səsçin çox əsə-əsə susmuşam.
Özüm də bilmirəm, bilmirəm niyə
İnsan qırılanda baxmır heç nəyə?
Gəlsə, ürəyimi tez alsın deyə
durmuşam böyründə, kəsə susmuşam.
Çəkilə bilmirəm solundan, neynim?
Yapışa bilmirəm qolundan, neynim?
Eyləyə bilmirəm yolundan, neynim?
çoxdandı çox küsə-küsə susmuşam…
BAŞIMDA HAVASAN, OVCUMDA DUA
“Mənə bu dünya da, o dünya da yad”,
Çəkir məni ruhum hara, bilmirəm.
Sən allah, məni bu yuxudan oyat,
Kimdi məni çəkən dara, bilmirəm.
Ayağım altında kətildi bu yol,
Boynumun kəndiri sənə dartılır…
Bəlkə də mənə son mənzildi bu yol,
Bir qucaq torpaqçün dənə dartılır.
Başımda havasan, ovcumda dua,
Geri qayıdıram bir nida kimi…
Mənə bu başdaşı dayanan yuva
Çıx öyrən, min ildi səsləyir kimi?
Hardayam, özüm də bilmirəm düzü,
Aramızda bu ağ vərəq pərdədi.
Dayanıb çiynimə həsrətin üzü,
Bəxtimin əlləri yad əllərdədi.
Divardan asılmış o xəritədə,
Axtar gör sinəmin dağı hardadı?
Gör meydim tapılıb hansı qitədə,
Mənə saxladığın ağı hardadı?
Çıx dur aramızı vurduğun yerdə,
Bilim bu meşədə ağlayım kimi.
Qəlbimi budaqtək qırdığın yerdə
Səni qucaqlayım bir ağac kimi…
Min ildi, min ildi sənə qaçıram,
Qaçır ayağımın altından bu yol.
Qəlbimi, qəbrimi sənə açıram,
Belinə yol kimi dolansın bu qol…
TALEYİ DƏYİŞƏR
Göyə qanad versəm, uçsa,
Quşun taleyi dəyişər…
Yağar qar saçıma, yazda
Qışın taleyi dəyişər…
Çiçək bitər izlərində…
Əllərində, dizlərində…
Ağlayarsan, gözlərində
Yaşın taleyi dəyişər…
Ayırsan da tükü tükdən,
Bir bel qırılar bu yükdən.
Barmağındakı üzükdə
Qaşın taleyi dəyişər…
Qopar hər riyadan bir daş,
Qopar hər qayadan bir daş,
Hər qəbri oyadar bir daş,
Daşın taleyi dəyişər…