.....

.....

Tanrı hədəfini dəyişməz – Nuranə Təbrizin şeirləri

Tanrı hədəfini dəyişməz – Nuranə Təbrizin şeirləri

Tanrı hədəfini dəyişməz

Elə alışasan gördüklərinə,
İkili sifətlər qərib gəlməyə.
“Soyuq təbəssümə” qaçan adamlar,
İsti göz yaşını görüb, gəlməyə.

Keçməz boğazından bir udum su da,
Bir söz sümüyündən keçdiyi üçün.
Tanrı hədəfini dəyişməz daha,
“Sevimli bəndəsin” seçdiyi üçün.

…Sonra öz tüstündə havan çatmaya,
Dərdiyin hər nəfəs zülümün ola.
Xəstə ürəyini ovcunda tutub
Sıxasan, əlindən ölümün ola.

Gedəsən.
Ümidin çiliklərindən
Getdiyin yoldakı izin danışa.
Bir soyuq yuvanı isitmək üçün
Yanasan-yanasan közün danışa…

El gözü

Bu beş günlük dünyadan
Hərəyə beşi düşmür.
Guya ki, adamların,
Allaha işi düşmür?

Çoxu özünü dartır,
Göyün yeddi qatına.
Ox atmaq öyrənirlər
Ürəyimin çatına.

Yırtılmış vicdanları
Tikməyə dərzi gərək .
El gözü, gözdən düşüb,
Özgə tərəzi gərək.

Hərə bir sözdən tutub
Yüz dərə, düz gəzdirir.
Tanrı da yerə baxmır,
Eləcə göz gəzdirir.

Ağrılar yuvası

Ürəyimi mum etsəm qədrimi kim biləcək?
Nadanların dilində onsuz daş misalıyam.
Yandırsam da özümü, görən olmaz külümü,
Bir “qurunun oduna yanan yaş” misalıyam.

Bəhanəsi çox olan danışmağa söz tapar,
Sükutun da içindən açılmayan sirr yığar.
Tanrı, xəbərin olsun, burda sənin adınla
Bir dil ucu duayla dilənçin nəzir yığar.

Məni üzdən tanıyan adamlar nədən bilsin,
Viranə saray kimi içimdən sökülmüşəm.
Doğmalaşa bilmirəm doğma bildiklərimlə,
Beləcə kədər-kədər gözümdən tökülmüşəm.

Bəxtim də hər fürsətdə elə zülüm yaşadır,
Bilmirəm başlatdığı bəs nəyin davasıymış…
Axı hardan biləydim qapısını açdığım
Ev də evim deyilmiş, ağrılar yuvasıymış…


Zilləyib qaranlığa yorğun baxışlarını
Perik düşən yuxunu gecələrdən soruşma!
“Hər qaranlıq gecənin bir aydın səhəri var”,
Səni içindən yeyən xəyallarla vuruşma.

İndi sonsuz boşluğa sürüklənən taleyin
Verdiyi ağrıların naləsi göyə çatmır.
Eləcə öz-özünə deyinirsən, susursan,
Ən  gözəl duaların  Tanrıya niyə çatmır?

O gün qarşılaşdığın bir qaraçı qızına
sədəqə verəmmədin, bəlkə günahı qalıb?
Ya da ki, xəbərin yox onun göz yaşlarının
Üzündəki gülüşdə min dənə ahı qalıb.

Bu qədər günahların içində azmış kimi
Ürəyindən asırsan  dərdini yenə, adam.
Gözlə, səbr et, bəlkə də istədiyin sevinci
Tanrı özü bir səhər göndərər sənə, adam.


Tüstü- tüstü çəkərsən ruhuna qəm-qəhəri,
İçindəki ağrını dindirməyə halın yox!
Ürəyinin kölgəsi özündən uzaq düşər,
Başına yağan odu söndürməyə əlin yox.

Gülüşlərin buz tutar boğularsan qəhərdən,
Titrəyən gözlərinin dibində yaş yeri var.
Bəzi yaxşılıqların peşmanlıqdır əvəzi,
İndi mələklərin də köksündə daş yeri var.

Qaçıb vicdan adıyla döydüyün qapıların
Açarları tapılmaz, qıfılları pas tutar.
Yenə peşman dönərsən, çiliklənər ümidin,
Ölən sevinclərinə Tanrı özü yas tutar.

Ömrü hesaba çəksən, eyni cavabı verməz,
Yaşayarsan birtəhər dözdüyün günə kimi.
Elə hey varaqlarsan səhfənin sonu gəlməz,
Sən Tanrıdan əlini üzdüyün günə kimi.