.....

.....

Tanrı işığı – Mustafa Mustafalının şeirləri

Tanrı işığı – Mustafa Mustafalının şeirləri

Yağır.

Suya düşən yağış damcısının
çığırtısı kimidi insanın doğuluşu.
Bəlkə, ondandı
qəribsəyirəm yağışda…
…Yağır…
Tutub ucundan çıxıram göyə.
Buludları şarf kimi boynuna dolayan
zirvədə oturmuşam.
Ulduzlar nə yaman qərib baxır üzümə-
bir- neçəsini dərəm…
…Göyə yerdən baxmaq daha gözəldi.
Çiçəklər daha gözəldi budağında.
Balalar daha gözəldi körpəliyində.
yağış pəncərədə daha gözəldi…
…Yağır…
Təkcə Sən…
Təkcə Sən, yanımda daha gözəlsən!-
əlin əlimdə,
üzün üzümdə
və xoşbəxtlik kəpənək kimi qonmuş könlümüzə,
gözlərim yumulmuş-
uçub getməsin deyə…
…Yağır…

Bir gözəl şəkil.

Tutub əlindən bir gözəl şəklin
15 yaşınacan getdim, tapmadım…
Sonra bildim-
O, məni gəzə-gəzə
altmış yaşınacan gedib…
Yaşının cızdığı adam idı elə.
Yaxınlaşa bilmədim-
qıyammadım 15 yaşlı könülə;
qocaman bir ümidlə
elə xoşbəxt idi ki-
saf idilər 15 yaşlı şəkil tək…

Tanrı İşığı.

Yenə könlüm göyə sarı-
Ulduzlar gecələr görünür ancaq.
Könüllər işıqlanır anıldıqca Tanrı,
göy əhli yerə baxır
mən göyə baxdığım tək…

Ehhh…Tanrılı adamlar
işıqlı adamlar- Aydınlar necə,
onları görmək üçün
çökməlimi dünyamıza qaranlıq?

Onlar Tanrı İşığıdı-
görmədikcə işıqlanmaz könüllər.
O İşıqlardan keçir
Tanrıya gedən yollar…

Hər şeyin bədəli var-
gözəl olanın da, pisin də.
AYDINlığın bədəli imtahandı,
pisliyin bədəli cəza;
bəzən imtahan cəzadan ağır olur, amma…

Qoynuma sığınan gecə.

Gecə, qollarımda elə uyuyur,
elə bil, illərin həsrət yorğunu
dəli sevdasının öcünü alır…
Offf…
Bu məsumluq, məhrəmlik
mənə sevdalı…sevdalı…
Əziz,
heç sevdinmi,
görüşə çıxırmış kimi,
gecələr çiçəkləyən küçə fənərlərini?
Gecəni sevdinmi?…
Yoldu gecə, sığınıb ki sinəmə,
O,
bu gecədən keçib, girsin ömrümə-
qaranlıqdan keçir bütün işıqlar…
Ümid doğur
qoynuma sığınan gecə-
işıq dolu qaranlıqlar…

Darıxdım günahlardan.

Məsumluqdan yorulan
qan rəngi boyanmış dodaqlar kimi
darıxırsan və gözləyirsən hələ-
kim öpəcək ki səni, qızılı yarpaq!?
Bəlkə, mələksən elə,
yarpağ olmaq istəmisən Tanrıdan.
Mənsə uçmaq istəmişdim-
bitmədi qanadlarım…
Gecələrin şaxtası, qrovu nə yaman utandırır səni-
beləcə qızarmısan,
heç bilirsən nə çəkir
ayrıla bilmədiyin o budaq, o ağac!?
Günəş arzularının dan yeri açılmaz ki,
yazılan pozulmaz ki-
səndən bir sevgi hekayəsi qalar
və bahar bu hekayəni
təzə tumurcuqlara lay-lay çalar…
…Ömrümmü məndən yapışıb,
ya mən bərk-bərk bu ömürdən yapışmışam!?…
Tanrım…
Tanrım, darıxdım günahlardan…