.....

.....

Tanrıma – Orxan Fikrətoğlunun şeirləri

Tanrıma – Orxan Fikrətoğlunun şeirləri

Qara rəngli dar köynəyim vardı, yadında?
Sizin evin qarşısında durardım.
Tünd qıvırcıq, gur saçlarım vardı, yadında?
Bığımı da Koroğlutək burardım.

Bizi bahar tanış etdi, yadında?
Söylədi ki, tez isinən uşaqdı.
Sən əlini mənə tərəf uzatdın,
Mən də necə kəkələdim, yadında?

Sonra sənə üzük aldım, yadında?
Barmağına taxmaq üçün gətirdim.
Sən də məni bir payıza ötürüb,
Çıxıb getdin, dayanmadın, yadında?

Səndən sonra neçə ömür yaşadım,
Səndən sonra dağı dağa daşıdım,
Bir də gördüm, bu dünyayla yaşıdam,
Sən də yoxsan, olmamısan, yadında?

Yadımdadı, sönmüş eşqin ocağı,
Unutmuram o şöləsiz çırağı,
Nə qalıb ki, on, on beş il uzağı,
Məni necə puç elədin, yadında?

Yadımdadı, o qəmzəli baxışın,
Yadımdadı, o şahanə duruşun,
Yadımdadı, külək ilə gəlişin,
Təkcə üzün qalmayıbdı yadımda,
Yadında?

***

Dünya ceyran gözüydü,
Ənbər kimi qoxurdu.
Həyat məni sevirdi,
Dilim nəğmə oxurdu.

Arzularım quş kimi
Göy üzündə süzürdü.
Ömür şirin duş kimi,
Gözümdən süzülürdü.

Qardaşlarım sağ idi,
Atam arxa, dağ idi.
Dünya ağ varağ idi,
Hərflər düzülürdü.

***

Bu gün atamın anım günüdür. Yeddi ildir ki, onunla ürəyimdə danışıram. Atam ürəyimdədir. Qardaşlarım da ordadır. Mən də ora gömüləcəm, ürəyimə. Ürəyim bizim evimizdir.

Səndən sonra havalar soyuq keçir,
Səndən sonra soldu bağçadakı nar.
Səndən sonra anam dovğa bişirmir,
Deyir, atan göylərdədir, umsunar.

Səndən sonra dünya heç dəyişmədi,
Pis adamlar yenə surun sürmədə.
Səndən sonra qardaşımı itirdim,
Tək qalmışam bir adamlıq xeymədə.

Səndən sonra yazı yaza bilmirəm,
Sözlər qulaq asmır, baxmır sözümə.
Sən ordasan, sözün bitdiyi yerdə,
Ordan bir söz göndər, qatım sözümə.

Səndən sonra mən də çıxıb getmişəm,
Qalan mən deyiləm, bir başqasıdı.
O gün tində, qəfil çıxdım qarşıma
Tanımadım gördüm bir başqasıdı.

***

Qəlbimlə zikr etdim səni,
Darlıqda şükr etdim səni
Göylərdə fikr etdim səni,
Könlümdəsənmiş…

Qürbətin yolları duzağ,
Gözümün yaşları sazağ.
Hey axtardım yaxın-uzaq,
Könlümdəsənmiş.

“Ol!” dedin, oldum ya hu.
“Qal!” dedin, qaldım ya hu,
“Bil” dedin, bildim ya hu,
Könlümdəsənmiş.

***

Tanrıma…

Ovcumda bir işıq var,
Vətəndən gətirmişəm.
Bu qürbətə düşəli,
Şöləsin itirmişəm

Qürbətin qapıları
Babi-nəfsdən keçir.
Adamları fanidi,
Baqidə şəri seçir.

Mən Tanrının sirriyəm,
Tanrı mənim sirrimdi.
Keçmişəm ərşi-fərşdən,
Şəffaf mənim ismimdi.

Yaddan çıxmır vətənim,
Ləbbadəmdi bu tənim.
Gəldim, sənə əyilim,
Gəldim, sənə çevrilim.

Əksin aynada şəffaf,
Ha baxıram, görmürəm.
Açıqdı böyük gözüm,
Səni qəlbdən bilirəm.

Susmuşam bu qürbətdə,
Sözüm sözündə susub.
Görmürəm bu qürbəti,
Gözüm gözündə susub.

Fanidi qürbət eli,
Bəndə nöqsansız olmur.
Baqidi könlün dili,
Bilənlər sənsiz olmur.

Bir an sənsiz olmadım,
Unutmadım vətəni.
Ruhu üfürdün mənə,
Cəza verdin bu təni.

Səni zikr etdim, ancaq
Səni tanıdım, səni.
Vətəndə itirmişdim,
Qürbətdə buldum səni.

***

Atlantik okeanın sularında üzdüm,
Əlimi səndən üzmədim..
Alp dağlarına qalxdım,
Ayağa qalxa bilmədim,
Üfüqdən doğan günü gördüm,
Gün görmədim…
Hamını gördüm,
Səni görmədim…
Sən məni gördün?
Mən özümü görmədim…

***

Qızınasan deyə, günlərimi bir-bir
yandırıram xərabət tonqallarında,
Dünyanın sarı simi qırılsa da, kədəri həmindi
indi…
Ölümü görmək istəsən, üzümə bax.
Amma qorxma…
Gözlərim həmindi
İndi!
Çağırsan, gələrəm indi.
Amma qorxma,
qorxma, belə ağır tərpənməyimdən…
Sevgim həmindi.
İndi
Azadlıq istəyən kişilərin çoxu
azadlıqdadı indi.
İt döyürlər Keşlə bazarının arxasındakı
torpaq yollarda…
Tanrı mənə güvənmir daha,
İmtahan etmir.
Daha qarşıma yaxşı adamlar çıxmır,
Başıma pis işlər gəlir…
İndi
Sevdiyim qadınların nazı demodedir,
Köhnədi baxışları.
Dostların yarısı kirə çıxdı,
yarısı pula.
İndi
Ancaq küləklər əskisi kimi gözəl əsirlər,
Havalandırırlar məni.
Ancaq küləkli günlərdə gözlərim ayılır
Görürəm səni
İndi
Sən hardasan indi?
İndi
Mən hardayam, indi?
İndi.