Daha barmaqlarım qırov bağlamır,
Donuq baxışımın buzu əriyib.
“Sıx bizi köksünə” deyib ağlamır,
Daha xatirələr susub, kiriyib.
Dolabda yas tutmur heç bir asılqan,
Qaralar ağ, yaşıl və ala dönüb.
Gözə işıq gəlib, yanağıma qan,
Yuxu rejimim də normala dönüb.
Ayrılıq gözümə dağ kimi dəymir,
Həsrətin qudurub çıxmır özündən.
Yoxluğun o cəllad libasın geymir,
Daha iraq tutur məni özündən.
Gedişin də daha müəmma deyil,
Artıq bilməcələr çözə bilirəm.
Tüstüyə, dumana etmirəm meyl,
Hər nə ağrı olsa, dözə bilirəm.
Gözümdə zirvəyə qoyduğum adam
Kim idi mənimçün, kimə çevrildi?
Bu gün o son sevgi qırıntısı da
Sərçə dimdiyində yemə çevrildi.
TAPMACA ADAM
Yeni kəşf edilmiş planeti öyrənmək qədər müşküldür səni tanımaq,
Qürurundan hördüyü Çin səddi arxasnnda gizlənən tapmaca adam.
Nə sevdiyin bəlli, nə sevmədiyin,
Sənin gizlənqaç oyununda
yuman tərəf olmaqdan
yorulmuşam.
Həyatımda bir varsan, bir yoxsan,
Bir çoxsan, bir azsan,
Qısacası,
Kvant nəzəriyyəsi qədər çətin və anlaşılmazsan.
Get-gəllərindən
yollar da əzbərləyib addımlarını,
Aristokratlığıni itirib artıq “əlvida”ların.
Salamların hər dəfə xəcalət təri tökur dilinin ucunda.
Savaş meydanını xatırladır indi
sualların hücumuna məruz qalmış beynim,
“Sevir-sevmir”lərimlə bezdirdiyim
çobanyastıqları qürur dərsi keçir mənə.
Çox dəfə “ürəyini bəlkə oxuya bildim” ümidilə gozlərimi gözlərinə dikirəm.
Axı mən xəstəyəm,
Həkim də demişdi,
Sən çatışmazlığından çox ciddi əziyyət çəkirəm…
Hər dəfə balıq səssizliyi ilə susursan,
Hər dəfə lal baxır gözlərin.
Barı qolların danışsın arada,
Barı onlar itirməsin danışmaq vərdişini,
Bərk-bərk sıxsınlar məni köksünə.
Bəlkə heç sabah olmadım
Nə bilmək olar axı həyatın işini…
***
Sədəqə verəcəyəm bütün dilənçilərə,
Bütün quşlara dən səpəcəyəm,
Dönüb-dönüb səni mənə yazan qədərin alnından öpəcəyəm.
Müqəddəs kitab kimi oxuyacağam,
Əzbərləyəcəyəm səni ayə-ayə…
Hər cümləmin başlanğıcı,
dilimin “Əlif”i, “Lam”ı, “Mim”i.
Məni məndən aldın
Çırpılıb qəlbimin sahillərinə
Sunami dalğası kimi.
İman gətirdim eşqinə,
Budur, sən adlı dindəyəm.
Nəfəsinlə isit məni,
Büsbütün iqlimindəyəm.
YORULMUŞAM
Darıxmaqlar adamı misqal-misqal öldürür,
Gəl pozaq bu sükutu, susmaqdan yorulmuşam.
Gecələrin bətnindən doğulan ümidləri
Gündüzlər ipə çəkib asmaqdan yorulmuşam.
İçimdə tüğyan edən dəli fırtınalardan,
Üsyanımın səsini qısmaqdan yorulmuşam.
Hər dəfə darıxanda qürurumu sındırıb
Üstünə ayağımı basmaqdan yorulmuşam.
Bütün müqəddəslərə unutmaqçün and içib
Sonra içdiklərimi qusmaqdan yorulmuşam.
Divardaki təqvimin bəyaz səhifələrini
“Bu gün də yoxsan” deyib cızmaqdan yorulmuşam.
Arsız yenilgilərdən, çarəsiz çarələrdən,
Gözü yaşlı şeirlər yazmaqdan yorulmuşam.
Yorulmuşam, əzizim,
Hər gün özümə məzar qazmaqdan yorulmuşam.
Daha gücüm qalmayıb,
Nə olar ki, əzizim, bu dəfə də sən yorul,
Dilinin ipini çöz, susmağın daşını at,
İnadı hərraca qoy, dəyər-dəyməzinə sat,
Endir o zirvələrdən qürurunu, süngülə,
Bir an belə yubanma!
Bax elə bu dəqiqə nömrəmi yığ, zəng elə…
***
Gah bir nəfəs qədər yaxın olursan,
Gah da aramıza hörürsən divar.
Gündə neçə dəfə dəyişir havan,
Gah xəzri kimisən, gah da gilavar.
Saçım sığalının dadını bilməz,
Nədir hisslərinə kəsilən qənim?
Getsəm, daş ürəyin insafa gəlməz,
Qalsam, de, nə qədər sevgi dilənim?
Bəlkə də bağrına daş bağlamısan,
Bəlkə də bu üzdən duymursan məni.
Saxlayıb qəlbinin astanasında,
Qapıdan içəri qoymursan məni.
Gör neçə müddətdir yola çıxmışam,
Gəlib ürəyinə çata bilmirəm.
Xəyalın fikrimə elə sarmaşıb,
Heç cürə qoparıb ata bilmirəm.
Qədərdə bir eşqə qul olmaq varsa,
Qoy olum hər dəfə ram ürəyimə.
Məncə, bu gedişlə öyrədəcəksən
Yanmağı, bişməyi xam ürəyimə.
Xəyal qırıqlığı
Güvənib başımı söykədim, ancaq
Ağırlıq elədi çiyninə sənin.
Yüz ölçüb bir biçdim, amma yenə də
Sevgim böyük gəldi əyninə sənin.
Adın gör nə qədər müqəddəs idi,
Öpüb saxlayardım gözlərim üstə.
Sevgin qayğısını çəkdiyim uşaq,
Yuxuya gedərdi dizlərim üstə.
Səsindən bir ayrı huzur duyurdum,
Deyirdim, elə bil azan səsidir.
Deyirdim, İlahi, bu səs dünyanın
Yəqin ki, sonuncu möcüzəsidir.
Dünya bir yanaydı, sənsə bir yana,
Mənimçün özəldin, özəl qalaydın.
Cəhənnəm, sevməyi bilmədin deyək,
Bari xatirəmdə gözəl qalaydın.
Dilimdən düşməyən adını indi
Dilə gətirməyə dilim gəlməyir.
Hər gun səni yazan qələmimi də
Ələ götürməyə əlim gəlməyir.
Sevmək ürək istər, cəsarət istər,
Əsla qınamıram qaçdığın üçün.
Əksinə, təşəkkür borcluyam sənə,
Sağ ol, gözlərimi açdığın üçün.
Gec oldu bir azca, amma anladım
Əskik pazlları tapıb düzüncə.
Kəsdim hisslərimin şah damarını,
Sevgimi torpağa verdim az öncə…