Torpağın nəvəsi
Mən ənəlhəqq söyləyən
Nəsiminin diliyəm.
Alov qorxutmaz məni,
Janna Darkın külüyəm.
Səhralar həsrət qalan
Dəryadakı suyam su.
Kimsəsiz adamların
Mənəm övlad arzusu.
Atamdır ulu Adəm,
Torpağın nəvəsiyəm.
Buludların göz yaşı,
Tanrının nəfəsiyəm.
Ürəyindəki edamlar
Öz ömrünü vicdanına həsr etməklə deyil ki,
Ehh, ruhunu buralarda daha təmiz tutan yox.
Üzə gülən adamların daxilində şər yatır,
Hörmət qanan, qədir bilən, xətri əziz tutan yox.
Bir də baxıb görərsən ki, dostlar qeybə çəkilər,
Ümidini qırmaq üçün daş axtarar adamlar.
Uğurların çoxaldıqca düşmənlərin çoxalar,
Günü – gündən təzələnər ürəyində edamlar.
Yaşamağa faydalıymış, ürəyini yormamaq,
“Kim nə deyər, nə danışar? Özü bilsin, bir allah.
Sən görərsən bəndələrin daxilini, üzünü,
Hər adamın qismətini ürəyincə ver, Allah!
Adını silmək olmaz
Mən səni nəfəs-nəfəs, bir az da baxış-baxış,
Sevmişəm ürkək-ürkək ana quzusu kimi.
Bura kimi gəlmişik sanma bura qədərmiş,
Baxa bilsən, görərsən, alın yazısı kimi adını silmək olmaz…
Sənə tərəf gəlmişəm sevdamın arxasınca,
Bu yola həsrətinlə qoşa çıxa bilmərəm.
Ömrün çətin illərin yaşamağı bacardım,
Bir sənin yoxluğunla başa çıxa bilmərəm,
Nə də ki ölmək olmaz.
Bu sevginin fonunda neçə kəskin qış olub,
Elə bilmə, ayrılıq hisslərimi dondurar.
Bir səmimi təbəssüm sevinməyə bəs edər,
Nə vaxt gözümə baxsan, günəş əlindən tutar.
Başqa cür gülmək olmaz.
Ömrü üç günə bölək – dünən, bu gün, sabaha,
Bu üçgünlük həyatı sürməyə dözüm olsun.
Dünən də sən var idin, dünən də mən var idim,
Buraxma əllərimi, bu gün də bizim olsun,
Sabahı bilmək olmaz.
Sağlıq
Sağlığım-səhətim yerində deyil,
Yenə boğuluram, üstünə sağlıq.
Əlini çəkmədin yaydakı oxdan,
Nə gözəl zülümmüş, qəsdinə sağlıq!
Baxışın yayınar gözün içində,
Haqqımı itirdin düzün içində,
İlişib qalmışam közün içində,
Yanıb qovruluram, istinə sağlıq.
Nuranə döndüsə “yad”ına bir gün,
Günahım yazılar adına bir gün.
“İsinə bilmədim oduna bir gün-
Ömrümü bürüyən tüstünə sağlıq.”
Yuxuların yozumu
Qapıların üzümə bağlansa da taybatay,
Tanrım yenə də sənin ətəyindən tutmuşam.
Qismətimə ilanın zəhər sızıb dişindən,
Sanmışam ki, arının pətəyindən tutmuşam.
Sən demə, bu dünyanın ən yorğun bəndəsiyəm,
Adamları oxuyub, özümü bitirmişəm.
Tələsmişəm hər zaman arzuya çatmaq üçün,
Dünənlərə gecikib, sabahı itirmişəm.
Peşimanı olmuşam, istəmişəm toplayım
Zaman adlı ələkdən tökülən toz ömrümü.
Yaşadığım heç sənin yazdığına oxşamır,
Daha hansı yuxuya yozursan, yoz ömrümü.
Nuranə Təbriz