ÜRKƏK BAXIŞ
Bal kimi şirindir suların səsi,
Yanına səsləyir çeşmə hər kəsi.
Yolçunun sonadək dözdü nəfəsi,
Yamanlıq sərt üzlü yoxuşa qaldı.
Sevgiyə möhtacdır ürək də, can da,
Tanrının hökmüdür sel də, tufan da.
Torpağın sinəsi çat-çat olanda
Deyirik, ta ümid yağışa qaldı.
Mənim sevinc payım Kürdür, Arazdır,
Öyüncək nadanlar yolunu azdı.
Qələmim könlümdən keçəni yazdı,
Son söz nə payıza, nə qışa qaldı.
Zay çıxdı çiynimə götürdüklərim,
Soldu əllərimlə bitirdiklərim,
Geriyə dönmədi itirdiklərim,
Həsrətim mənimlə baş-başa qaldı.
Tükənməz sərvətdir hər qiymət-qədir,
Kim deyər, həyatın mənası nədir?
Payız səhv yozumdur, qış bəhanədir,
Məhəbbət bir ürkək baxışa qaldı.
XƏYALLARA DALIB
Görən niyə axı, üzü gülməyir,
Həsrəti hesaba-saya gəlməyir,
Hələ də axtarıb tapa bilməyir,
Bəxtini əlindən salıb bu gözəl.
Qəfil bir tufana, yelə dönəcək,
Həsrəti aya yox, ilə dönəcək,
Dindirsəm, leysana, selə dönəcək,
Kövrək bulud kimi dolub bu gözəl.
Abırı, həyası boğubdur səsin,
Minnətin götürən deyil heç kəsin.
Əgər bilən varsa, mənə də desin,
Niyə yana-yana qalıb bu gözəl?!
Gözləri dikilib cığıra, yola,
Allah, onu qoyma saralıb sola.
Nazı, işvəsilə can ala-ala
Yenə xəyallara dalıb bu gözəl!
BƏLKƏLƏRLƏ SEVİM SƏNİ
Bəlkə bu gün, bəlkə sabah,
Bəlkə gəldim, bəlkə də yox.
Güvəndiyim uca Allah,
Arzu sonsuz, diləklər çox.
“Bəlkə”lərə düzüm səni
Hərdən gözmuncuğu kimi.
Gizli-aşkar süzüm səni
İzah edəndə sevgimi.
Qəlbəyatan musiqitək
Məhəbbəti birgə bölək,
Bəlkə deyək, bəlkə gülək,
“Bəlkə”lərlə sevim səni?
Bəlkə, bəlkə susum elə,
Danışmayaq, ta dinməyək?
Bəlkə elə qalaq belə,
Bəlkə heç vaxt görüşməyək?
Bəlkə yad planetliyəm,
Harayım çatmır heç kəsə.
Gərəksə heç dönüb baxma,
Sızlasam da gələn səsə.
Riyazi test toplusunda
Ayrılıqlar qoy olmasın.
Vüsal hicrana güc gəlsin,
Gözümüz yaşla dolmasın.
“Bəlkə”lərlə sevim səni,
Axırına çıxaq “heç”in.
Bəlkə, bəlkə… Yenə bəlkə…
Bəlkə ölüm sənin üçün?!
DƏLİ KİMİ SEVDİM
Bir vaxtlar sorağın kimdənsə aldım,
Həsrətindən gah saraldım, gah soldum.
Rastıma çıxanda aşiqi oldum,
Dəli kimi sevdim dəli birini.
Sanki töhfəsiydi ün yetməz göyün,
Baxışı can alan, addımı yeyin.
Bir az şıltaq idi, bir az ərköyün,
Dəli kimi sevdim dəli birini.
Qəlbimin hökmüylə ona vuruldum,
Gözlərində damla-damla duruldum.
Hərdən təngə gəldim, hərdən yoruldum,
Dəli kimi sevdim dəli birini.
Zalım qızı nur saçırdı ay kimi,
Şirin idi Tanrı verən pay kimi.
Hirslənəndə kükrəyirdi çay kimi,
Dəli kimi sevdim dəli birini.
Bir vaxtlar mən ondan düşən kimi gen
Həsrətindən saçlarıma yağdı dən.
Çıxmaq çətin imiş cazibəsindən,
Dəli kimi sevdim dəli birini.
GÖRÜŞƏK
Zənn etmişəm saçlarımda dən səni,
Kimlər saldı görən məndən gen səni?
Heca-heca hərfləyim mən səni,
Varaq-varaq kitablarda görüşək.
Hələ də sönməyib qəlbimdə közün,
Yadımdadır hər addımın, hər izin.
Dil açıb nəğmətək biz həzin-həzin,
Şirin-şəkər dodaqlarda görüşək.
Taledən yan keçmək onsuz da hədər,
Tənhalıq hər kəsi gizlicə didər.
Sevək bir-birini lap sona qədər,
Xəyallarda, duyğularda görüşək.
Təzədən qayıt gəl, verək baş-başa,
Bəxtimiz bir daha dəyməsin daşa.
Həyatda həmişə yol gedək qoşa,
Gərəkdirsə, uzaqlarda görüşək.
Dözərəm, əhdinə sadiq ol barı,
Səni aldatmasın dünyanın varı.
Gündüz görən olar, gəl gecəyarı,
Ay-ulduzlu axşamlarda görüşək.
Seymur Sönməz