.....

.....

Tutum əlindən – Yadigar Təvəkgül

Tutum əlindən – Yadigar Təvəkgül

Sevda tilsimi

Gözlərində bəzən ümid arayıb,
Baxışından bəzən də söz çalarsan.
Alışmağa eşqin yanar oduna
Buza dönmüş könlündən köz çalarsan.

Gah sözündən ev tikərsən hər addım,
Gah dağıdıb uçurarsan əlində.
Bir arzunun qanadların sındırar,
Bir arzunu qaçırarsan əlindən.

Gah ürəyin qərar tutmaz yerində,
Gah könlünü alışdırar eşq simi.
İnciyəndə qəlbindəki adamdan
Ovsunlayar səni sevda tilsimi.

O anlamaz həsrətinin ağrısın,
Sən umsan da dodağından bir mədəd.
Günü-gündən körpələşər xəyallar,
Uşaq edər ruhu böyük məhəbbət.

Tanış olaq

Bənd olub bir şirin sözə,
Xəyal adlı tanış izə,
Yenə gələndə üz-üzə,
Bəlkə bir də görüşüb,
Bəlkə bir də tanış olaq.

Bürün sevda baxışına,
Rəng qat rəngli naxışına,
Qoşul bulud axışına,
Yağan yağışa dönüşüb,
Bəlkə bir də tanış olaq.

Kəndimizin ətəyində,
Bitən gülün ləçəyindən,
Dəstə düzəlt çiçəyindən,
Gəl bərabər danışıb,
Bəlkə bir də tanış olaq.

Çayı səndən, qəndi məndən,
Sözü məndən, bəndi səndən,
Eşq adlı sərhədi məndən,
Misralara doluşub,
Bəlkə bir də tanış olaq.

Sevdan edib qəlbi dəli,
Salıb eşqin saça dəni.
Yəqin tanımadın məni,
Bir süfrəyə qarışıb,
Bəlkə bir də tanış olaq.

İtirməyib düz ilqarı,
Gözlərimdə qur xəyalı.
İncitmə gəl Yadigarı,
Bəlkə yenə uşaq olub,
Bəlkə bir də tanış olaq.

Sənsizliyin qışı

Kəndimizdə payız idi çıxanda,
Gəldim, şəhər qış donuna deyinir.
Küləyi də çalır, çapır hər yanı
Göyün üzü qardan libas geyinir.

Zəng edirəm, danışıram ev ilə,
Deyirlər ki, günəş orda görünür.
Axı niyə mən gələndən şəhər də,
Gah yağışa, gah tufana bürünür.

Kəndimizdə payız idi çıxanda,
Yarpaqlar da budağından asılı.
O ağacdan burda da var, amma ki,
Yarpaq yerin qulağında asılı.

Bir vətəndə iki fəsil niyə bəs?
Demə o da mənim kimi naşıdır.
Ya sən uzaq, məsafələr oldürür,
Bu soyuq da sənsizliyin qışıdır.

Külək var

Burda bir külək var, havalı gəzən,
Dalanı, küçəni sərsəm dolaşan.
Burda bir bir külək var, dənizdə üzən,
Ocaqdan od alıb külə qarışan.

Burda bir külək var, sənə oxşayan,
Uzaqdan uzağa “sevirəm” deyən.
Sözümü şad edən, şeirimə dolan,
Məhəbbət bəhərin ömrümə əyən.

Burda bir külək var, başıma dönən,
Boynuma dolanan, əlimdən tutan.
Nəfəsi sən adlı, ətri sən olan,
Burda bir külək var, könlümə yatan.

Burda bir külək var, yuxusu çin-çin,
Arzusu bir ümman, ümidi bitməz.
O mənim bitməyən sən adlı eşqim,
Azad səmamızda süzən göyərçin.

Tutum əlindən

Dünyanı içimə çəkib durmuşam,
Özümə sən boyda dünya qurmuşam.
Elə yorulmuşam, elə dolmuşam,
Uzat əllərini, tutum əlindən.

Ruhuma min ağrı çöküb aparır,
Canımdan can alır, söküb aparır,
Bir boşluq içinə çəkib aparır,
Uzat əllərini, tutum əlindən.

Buludun yükünə yoldaş oluram,
Yağışla bir anlıq sirdaş oluram,
Torpağın bağrında bir daş oluram,
Uzat əllərini, tutum əlindən.

Tükənir taqətim, tükənir sözüm,
Qırılır iradəm, qırılır dözüm.
Çeşməyə çevrilib yolunda gözüm,
Uzat əllərini, tutum əlindən.

Silərsənmi gözlərimin yaşını?
Ovudarsan ürəyimin daşını?
Qatarsanmı məhəbbətə başımı?
Uzat əllərini, tutum əlindən.