” Qəlbimə əbədi xatirən köçür “
Bu necə görünüş?! Çıxdın qarşıma…
Kimin günahıdır sənin bu halın?!
Baxdın gözlərimə,bir ömür sükut
İçimdə donacaq,əfv et! Sualın…
Sən mənim yadımda dünya gözəli,
Ətrində bihuşluq tapdığım gülüm…
Sən indi olmusan başqa birisi
Susuram,susaram…quruyur dilim.
Qayıtdım gözündə ötən illərə,
Baxışlar küskünlük nəğməsi deyir.
Səni söyləməyə can atır sözüm
Kəlmələr qəlbimin siminə dəyir.
Sən nələr çəkirsən duyduqca könül
Ahımı aparır göyləri sarı.
Qəlbimə əbədi xatirən köçür
Təsəlli… təravət solmaya barı.
Yaz yağışları.
Göylərdən yerlərə nur səpələnir,
Bahar müjdəsidir yaz yağışları.
Təbiət canlanır, çiçəklər açır,
Bar-bəhər gətirir yaz yağışları.
Sıxıb kirpiyini qara buludlar,
Dağlara, daşlara göz yaşı tökür.
Elə toqquşur ki, qara buludlar,
Şimşək qılıncıyla bağrını sökür.
Ələnir göylərdən inci, kəhrəba,
Yuyur saçlarını çəmən, gül, çiçək.
Adım Bahar qızdır, gəldim, mərhaba,
Üzünüz güləcək siz məni görcək.
Ülvi Aydın olub yazın xəstəsi,
Döyür pəncərəsin yazın yağışı.
Qoşur bahar qıza söz şikəstəsi,
Sözündən toxunur yazın naxışı.
Halın necədi?
Payız axşamıydı, bayırda külək
Əsdikcə, budaqlar pıçıldaşırdı.
Baş-başa qalmışdım xəyallarımla,
Ötən xatirələr aşıb daşırdı.
Dərin xəyallardan ayırdı məni,
Astaca döyülən qapının səsi.
Durub yaxınlaşdım qapıya sarı,
Görmədim qapını döyən bir kəsi.
Gözümə sataşdı yerdə bir kağız,
Külək firladırdı o yan bu yana.
Əyilib götürdüm kağızı yerdən
Həyəcan içində keçdim eyvana.
“Bağışla, qapını döyürəm bu vaxt,
Bilirəm tənhasan, təksən gecədi,
Bilmək istəyirdim kefin, əhvalın,
Mənsiz keçirdiyin halın necədi?”
Oxudum naməni dəyişdi halım,
Sıxdı ürəyimi, sarsıtdı qəhər.
Sənə neyləmişdi Ülvi, a zalım,
Qatırsan ömrünə bu qədər zəhər?
Azaruy Alım.
Kəndimizdə ən çox istifadə olunan söz.
Deyirsən istidi qala bilmirəm,
Kəndə dönəcəyəm azaruy alım!
Bulaqlar quruyub, toz çıxıb dizə,
Qırılıb batırıq, azaruy alım!
Mübarək toyların sayı çoxalıb,
Nəmər yazdırmağa manat yox olub.
Ürək tab gətirmey, yaman yuxalıb,
Güclə baş qatırıq, azaruy alım!
Dedilər bir ilə çəkiləcək “qaz”
Yəqin ki, düzələr vəziyyət bi az.
Gəlseydi verərdim mən nəzir-niyaz,
Day qışa çatırıq, azaruy alım!
Subay oğlanların bəxti bağludu.
Başını götürüb qaçey, haxludu.
Yaşamaq zülümdü, vallah doğrudu,
Biz hələ yatırıq, azaruy alım!
Çoxları Ülviyə desə də dəli,
Şükr edib, göylərə açıyam əli,
Ya Allah, Məhəmməd bir də ya Əli,
Gün(ü)-günə satırıq, azaruy alım.
Qapını bağlayıb hara getmisiz?
Yiyəsiz qalıbdı neçə bağça, bağ,
Susuz ağaclardan tökülür yarpaq.
Torpağın bağrına çəkmisiniz dağ,
Qapını bağlayıb hara getmisiz?
Təndirçi nənələr xəmir yoğurmur.
“Ay qonşu” deyibən daha çağırmır,
Kəndin uşaqları tinə yığılmır,
Qapını bağlayıb hara getmisiz?
Çörək bişirilmir, təndirlər yanmır,
Heç kəs fikirləşmir, dərinə varmır.
Bu yanlış yollardan dönmür, dayanmır.
Qapını bağlayıb hara getmisiz?
Atanız-babanız yaşayıb burda,
Əzabla, zülmlə daş qoyub yurda.
Elə bil tapşırıb quzunu qurda,
Qapını bağlayıb hara getmisiz?
Şəfalı suları dağlarda qoyub,
Bülbülü çəmənsiz bağlarda qoyub,
Bəlkə bu cənnətin özündən doyub,-
Qapını bağlayıb hara getmisiz?
Qədir-qiymətini bilin bu elin,
Həsrətin, niskilin qəlbindən silin.
İldə heç olmasa bir dəfə gəlin,
Qapını bağlayıb hara getmisiz?