.....

.....

Ülviyyə Əbülfəzqızı

Ülviyyə Əbülfəzqızı

Mən indi Yer kürəsinə bənzər masaya əbədi toxam

Əsirliyin tarixi, görüş yeri,
Yer kürəsinə bənzər günah masası.
Dadlı təamlar nəfsin tələsi,
Çəkim gücü cazibə qüvvəsi.
Sən və mən – müvəqqəti Ay tutulması,
Günahlar cəllad səsi, əllər təslim.
Təslim əllər hissləri bəslər,
Unutqanlıq bəşərin ən böyük faciəsi.
Baxışların ildırım sürətilə vücuda çarpılar,
Qırılmaz zəncirlərin sarar çökmüş ruhumu.
Ani qasırğa və oyanan ruhumun mübarizəsi,
Böyük eşq çatar dada qırar polad zəncirləri.
Sənin gücün bitər qundağa büküb Allaha yol alaram,
Ən çox sevdiyimə ən gözəl hədiyyəmi uzadaram.
O da əvəzində mənə ən gözəl hədiyyə bəxş edər,
Mən indi Yer kürəsinə bənzər masaya əbədi toxam!

Xərçəng xəstəliyi

Qızdırmalı xəstənin dodaqlarıtək
çartlayan şoran torpağam,
Yorğun göylərin alın təritək
damlaya çevrilib hopmusan
ta dərinliyinə kimi…

Yarpaqları tərəfindən tərk edilmiş
soyuqdan üşüyən bağdakı tənha nar ağacısan,
Əlçatmaz budaqda bir barı olan od kimi qırmızı
nara həsrət qalanam
ta sağalana kimi…

Sevginin atəşini sala bilməyən həbibin-
ağxalatlı həkimin qara üzündən
oxudum analizin cavablarını,
Sağalmaz sən adlı, məni yeyən
xərçəngtək xəstəliyim var.
Vücüduma aşiq
ta ölənə kimi…

Ölümdən sonra nə var
– niyə tez- tez soruşursan…?
Sarıldığın əsirin dilindəki son
misraları dinlə:- ruhuma hopmusan
əgər sonu varsa,
TA SONUNA KİMİ…

İndi bildim ulduzlar axıb gedirmiş hara

Gizlətmə gözlərini, eşitdim sözlərini,
Gizlətmə gəl özünü görürəm izlərini.
Dondurmağa meyilli buztək saxta baxışın
Yanağıma çilənər yağdırdığın yağışın.

Mahir nəqqaş ləqəbin yaraşdırdın adına,
Qolugüclü pəhləvan, döyüş gəlməz yadına.
Yarışlara girmişdin, ” qalib özüməm”- deyə,
Gözmü dəydi sevginə? Nə oldu bu sevgiyə?

Yasına matəm tutur masadakı külqabı,
Adımı yazdırdığın yaşıl rəngli gülqabı.
Kitabda qurutduğum o əziz nərgizgülü,
Yandırıbdır özünü indi görünür külü.

Məsumboyalı insan, alqış sənin rəsminə,
Bu rəsmini görənlər “Əhsən” deyir isminə.
Yaratdığın bu əsər mismarlanıb divara,
İndi bildim ulduzlar axıb gedirmiş hara!