QAN QOXUYUR BU YERLƏR…
~ (Xocalının anım gününə…) ~
Qan qoxuyur bu yerlər…
Dözmür düşmən nəfəsinə,
gecə – gündüz dad edir.
Qan qoxuyur gecələr…
Qan qoxuyur səhərlər…
Haray çəkir durmadan, inləyir, fəryad edir.
Qan qoxuyur kəndlərim…
Qan qoxuyur şəhərlər…
Qar altından çiçəklər Xocalını yad edir.
Qan qoxuyur həsrətim…
Qan qoxuyur kədərlər…
Bu həsrətin qoxusu ruhumu bərbad edir.
Əsir hərdən küləklər,
Vətənin ətri gəlir,
Üfunətli nəfəslər
torpağımda kef edir,
torpağımda dincəlir.
Sevinməyir bu torpaq,
açmır güllər, çiçəklər,
oxumayır böcəklər.
Torpağın yuxusu gəlir.
Arabir yağış yağır,
Aman Allah, bu nə iy,
Havadan
qan qoxusu gəlir.
Qan qoxuyur meşələr,
çaylar, göllər, dərələr…
Qan qoxuyur Tanrının yaratdığı əsərlər…
Qan qoxuyur ruhumu parçalayıb hey didən
qələmimdən süzülüb
axıb gələn şeirlər…
Qan qoxuyur bu yerlər…
UNUDULMAYAN QAN YADDAŞI
Yenə anım günün yaxınlaşdı, bax,
Yenə də biz səni gendən anırıq.
Xocalı, həsrətin ürəyimizdə,
Odsuz alovlanıb odsuz yanırıq.
Geniş meşələrin, geniş düzlərin
Düşmən tapdağının altda inləyir.
Səmadan boylanır günahsız ruhlar,
İnləyən torpağı səssiz dinləyir.
Neçə illər keçib, yaran sağalmır,
Sinəndə nə qədər dərin izlər var.
Dondu damarlarda axan qanlar da,
Göylər də, yerlər də etdi ahu-zar.
Qoynundan didərgin düşən körpələr
Böyüyüb yenidən sənə gəldilər.
Hər biri qəzəbli, məğrur aslantək,
Düşmənin bağrını şövqlə dəldilər.