.....

.....

Ürək baxmır sözümə – Müşviq Dağlaroğlunun şeirləri

Ürək baxmır sözümə – Müşviq Dağlaroğlunun şeirləri

ALLAH – ALLAH

Bu qızdakı işvəyə-
Naza bax, Allah-Allah.
Canı yanmış dediyi-
Sözə bax, Allah-Allah.

Bəs deyil göz süzdüyü..,
Dodağını büzdüyü..,
Sinəm üstə düzdüyü-
Közə bax, Allah-Allah.

Büllur kimi buxağa..,
Bal süzülən dodağa..,
Lalə misal yanağa-
Üzə bax, Allah-Allah.

Ruhuma nurtək axan,
Qəlbimi oda yaxan,
Müşviqə süzgün baxan,
Gözə bax, Allah-Allah.

ÖZÜM TƏLƏSİRDİM SƏNİ GÖRMƏYƏ

Yayda çox istiydin havalar kimi,
Havalar soyudu sən də soyudun.
Yorulub müqəddəs eşqin yolunda,
Yarımçıq arzumtək tezcə uyudun.

Yanımda olanda əlindən tutub,
Gözümü gözünə dikərdim sənin.
Sıxıb qucağıma saf məhəbbətlə,
Qoxunu içimə çəkərdim sənin.

Birlikdə çıxardıq dağlara sarı,
Gül-çiçək dərərdik, çələng hörməyə.
Gül də bəhanəydi, dağ da bəhanə,
Özüm tələsirdim səni görməyə.

Arada səyahət etmək üçün biz,
Yön alıb gedərdik Kür qırağına.
İndi xatirəni əzizləyərək,
Qoymuşam qəlbimin bir qırağına.

GÖRƏN O QIZ NECƏDİ ?

Ürək baxmır sözümə,
Gələmmirəm özümə,
Yuxu getmir gözümə,
Darıxıram, gecədi,
Görən, o qız necədi..?

Bu nə zülmət, bu nə ah,
Dözülməzdi bu vallah.
Dan sökülmür ay Allah,
Baxam saat neçədi,
Görən, o qız necədi..?

Gecə yaman çox uzun,
Qonağıyam ulduzun.
Arzularım o qızın,
Tellərindən incədi,
Görən, o qız necədi..?

DÜNYA BEZİB ƏLİMİZDƏN

Bəşər ilə düz dolanmır,
Dünya bezib əlimizdən.
Ocağında od qalanmır,
Dünya bezib əlimizdən.

Salıb haray, hay, insanlar,
Etməyin ah-vay, insanlar,
Didişməyin, ay insanlar,
Dünya bezib əlimizdən.

Ədavətdən boğulacaq,
Boğazına yığılacaq,
Əvvəl-axır dağılacaq,
Dünya bezib əlimizdən.

Gözlərini sıxacaqdır,
Ulduz olub axacaqdır,
Məhvərindən çıxacaqdır,
Dünya bezib əlimizdən.

Cahillərə verib meydan,
Ortalıqda gəzir şeytan,
Gücü bitib, düşüb heydən,
Dünya bezib əlimizdən.

Yorub yoxuş, düz Müşviqi,
Dağlayıbdı köz Müşviqi,
Qınamayın siz Müşviqi,
Dünya bezib əlimizdən.

KƏM OLUBDU, KƏM

Baxsan gözlərimə dərd olar sənə,
Sevgilim, gözlərim nəm olubdu, nəm.
Yaman təzadlıdı ömrümün yolu,
Dərdlərim yığılıb cəm olubdu, cəm.

Xudam bəxt verəndə kəsir qalıbdı,
Sevincim kədərdə əsir qalıbdı.
Xəyalım göylərdə yesir qalıbdı,
Əzəldən qismətim kəm olubdu, kəm.

Yoxdur gözlərimin yaşını silən,
Nə də ki, ağrımı, acımı bilən.
Məni belə görüb hər gedib-gələn,
Üzümdə həmişə qəm olubdu, qəm.

Bilməzdim bu ağrı qəddimi əyə,
Varlığım kədərdən bir libas geyə.
Müşviqəm, dönmüşəm yaralı neyə,
Zilim yorğun düşüb, bəm olubdu, bəm.