Biz azəriyik, dosta vəfa canımızda, qanımızdadır,
On bir havacat var və onun doqquzu dərmanımızdadır.
Yerdir anamız, gündoğanla günbatanın ortasındayıq,
Sərvət deyilən əfi ilanlar bizim ünvanımızdadır.
Həqqin tərəfin tutmağı əxz eyləmişik şərq qapısında,
Allaha inam, doğruya hörmət!- o da vicdanımızdadır.
Biz xalqları dost, dostu qohum, qonşuları qonşu bilmişik,
Bu adət-ənənə çox uzaqlarda, kök- əcdadımızdadır.
Bundan sora bəlkə, gələlər özlərinə, Gülbala Teymur,
Yatmaq bizə düşməz, qarı düşmən əbədi yanımızdadır.
QARABAĞDA
Düşmənləri qovduq, açılıbdır yenidən dil Qarabağda,
Cəh-cəh vurur, həmd olsun, İlahı, yenə bülbül Qarabağda.
Xoşdur vətən övladına öz yurdunu, öz xalqını sevmək,
İldən ilə növraqlı gəlir, al geyinir il Qarabağda.
Dünyada hünərvər kimi ad qoydu bizim ali komandan,
Ondandı ki,qalib kimi, məğrur yaşayır el Qarabağda.
Qan ilə suvardı bu vətən torpağını ölməz oğullar,
Bu həqdi ki, al çöhrəli, qıpqırmızıdı gül Qarabağda.
Şair, bu vətən torpağına, göstər hünər, yaxşı şeir yaz,
İllərlə axan göz yaşını, Gülbala, gəl, sil Qarabağda.
: Gələcəyəm…
Gələcəyəm, gözlə məni,
Səbr eyləyək, bir az keçsin.
Payız yolsun ağacların tellərini,
Qış ötüşsün, bu yaz keçsin.
Səbr eyləyək, tez açanlar
Tez də solur, xəzəl olur.
Qoy, uzansın həsrərimiz,
Qoy bərkisin möhnətimiz,
Sevgi onda gözəl olur.
***
Kiminə eşqi-məhəbbət, kimə möhnətdi şeir,
Həmdəmin olsa, pıçılda, özgə ləzzətdi şeir.
Yazdılar ləl etdilər həm baqilər, həm fanilər,
Səltənətlər fövqünə vaxtında qiymətdi şeir.
Həm Nizami, həm Füzuli çəkdilər nazın onun,
Həm behüşti-əladır, həm də qiyamətdi şeir.
Canda qandır, qanda candır dərk edən aşiqlərə,
Həqq!-deyib candan keçənlərçün ibadətdi şeir.
Huş edən sübhə kimi, hardan bilər sübh nədir,
Fikr edər, sözdü, fikirdi, bir xəyalətdi şeir.
Umma hər güldən ətir, ey Gülbala, sözdən vəfa,
Sənlə ölsə, heç nədir, qalsa əmanətdi şeir.
Nəvə, nəticədi, oğuldu indi,
Körpəni ovudan noğuldu indi.
Məhəbbət-mənimçün nağıldı indi,
Bağ imiş, bülbülü, gülü olmuşam.
Getdi, uzaqlaşdı ömrümün yazı,
Belə tamamlandı yazılmış yazı.
Nə oldu? Qocaldıq, ay zalım qızı,
Çatdığın ocağın külü olmuşam.
…Dağlardan enirəm, düzə gəlirəm,
Elə bil, dünyaya təzə gəlirəm.
İndi ağıllanıb üzə gəlirəm,
Mən səni sevəndə dəli olmuşam.
Düz adamları…
Öyrən asta-asta, tanı aramla,
Enib ürəyinə, süz, adamları.
Bəzən, sirrlər açır bir kiçik damla,
Tanıdır insana göz, adamları.
Nə görkəmə inan, nə qəmə,aha,
Sığın yaradana, inan Allaha.
Olur, bəzilərin qiymətdən baha,
Satır rəndələnmiş üz, adamları.
Bəzən, yalvarırsan itib- öləsən,
Yatasan, beləcə çıxıb gedəsən.
Necə tanıyasan, necə biləsən,
Ayırıb seçəsən düz adamları?
Bir düz zaman keçir bir yalan olur,
Ruhunda o yalan bir qalan olur.
Sözlərə inanıb aldanan olur,
Nədənsə, həmişə söz adamları.
Ürəyimi bölmüşəm….
Ürəyimi bölmüşəm
neçə-neçə rəfə mən,
Hissimlə boylanıram
neçə min tərəfə mən.
Bir rəfdə şeirlərim,
Bir rəfdə işim-peşəm,
Ən böyük arzulara,
ən kiçik xəyallara
O rəfdə yer vermişəm.
Xoşagəlməz sözləri,
əyri baxan gözləri
Süpürmüşəm,
atmışam,
Mən ürəyin içində
bir arxiv yaratmışam.
Bir lələyəm,
bir şələ.
Bu arxiv bir
lə”limdi.
Məndən sora qalacaq
əməllərim, işlərim,
Bir də şeirlərimdi.