.....

.....

Ürəyimi dəlib keçdi – Nuhəmməd İsrafiloğlunun şeirləri

Ürəyimi dəlib keçdi – Nuhəmməd İsrafiloğlunun şeirləri

Göydən enə, ruh sevinə

Qoşa sözdən şeir yazdım, xoşa gələ,
Ritmi gözəl, dil oynaya, coşa gələ,
Gəzə-gəzə, nəğmə kimi, düşə dilə,
Söz müjdədir,göydən enə, ruh sevinə.

Bəzək vuram, gül çiçəkdən bağça, bağa,
Göz qamaşa, qəlb atlana, dönə dağa.
Yar başına gül ləçəyi yağa-yağa,
Bu “yağmurda” əsən həzin meh sevinə.

Qara gözlər pırıl-pırıl bir lacivərd,
Hər baxanda, uçub gedə kədərlə dərd.
Söz deyəndə, al yanaqlar bir az pörtə,
Tər çiçəyə gecə düşən, şeh sevinə.

Yarın ola, bir baxışdan duya səni,
Eşqi ilə lap qaldıra aya səni,
Saf sevginin tək sultanı saya səni,
Gah nazlana, gah ağlaya, gah sevinə…

Sığın niyyətinə, xeyir arzula

Palıdı qucaqla, palıddan güc al,
O qüvvət, o qeyrət söyüddə yox ki…
Sinəsi tufana, küləyə qarşı,
Palıddakı çürət söyüddə yox ki…

Sığınıb Allahın xoş kölgəsinə,
Haraya tələsir, görən yer üzü?
Ay da karvanında saysız ulduzun,
Təbəssüm paylayır… gülür, hey üzü.

Günəşə boylanıb ruhunu isit,
Əritsin buzunu, həlim nəfəsi.
Gülün budağında aşiq bülbülün,
Oxşasın könlünü, sevgi nəğməsi.

Yalnız məhəbbətdir ruhun qidası,
Ataya, anaya, vətənə sevgi,
Sığın vətəninə sən, anan kimi,
O da bir anadır, doğmadır, çünki…

Cənnət anaların ayağı altda,
Qüvvət ataların qollarındadır.
Başının üstündə olan Tanrının,
Kölgəsi, nəzəri qullarındadır..

Övlad həm niyyətdir, həm də arzudur,
Sığın niyyətinə, xeyir arzula.
İlahi, çin olsun, hətta yuxular,
Hər dəfə yuxular xeyrə yozula!

Cibi boş, ürəyi zəngin biriyəm.

Cibi boş, ürəyi zəngin biriyəm,
Əlçatmaz səmayam, əngin biriyəm.
Elə coş ki, qəlbim, hələ diriyəm,
Vətəni vəsf edim, öz qələmimlə!

Əskərəm, mən bu elin şairiyəm,
Vətən sərhəddinin bir dirəyiyəm.
Kəsməyin səsimi, çətin kiriyəm,
Yaxaram düşməni, söz aləmimlə!

Çıxmışam meydana mərdi-mərdanə,
Kəlməm könüllərdə dönər dərmana.
Yüksək zirvələrə gərək dırmanam,
Sancağa taxdığım öz ələmimlə!

Elə söz deyim ki, şimşəkdən iti,
Sədası, nidası qorxutsun yadı.
Çaxsın İldırım tək qopsun fəryadı,
Məndən də qoy qalsın iz, kəlamımla!

Yağı düşmən qandal assa qolumdan.
Nişan alıb məni vursa
solumdan,
Hamı dönsə , mən dönmərəm yolumdan,
Tanıyır el məni, düz amalımla!..

Ürəyimi dəlib keçdi.

Gözlərimi yumub açdım,
Ömür anmış, gəlib keçdi.
Həsrət oxu yaydan çıxdı,
Ürəyimi dəlib keçdi.

Yolda düşdü cavanlığım,
İtdi…yox ondan sorağım.
İndi payızdır qonağım,
Yarpaqlar da solub, keçdi…

Qarşılaşdım son yazımla,
Xəzəl adlı payızımla.
Axşamları qəm sazımla,
Bulud kimi dolub, keçdim…

Qar yağıbdır, lağım-lağım,
Üşüyür əlim, ayağım,
Əsir ömrün qış sazağı,
Gülşənimi yolub, biçdi.

Gözdən saldı fələk məni,
Bəxt sarıdan verdi kəmi.
Zəhəri bol… piyaləmi,
Qurtum-qurtum, dolu içdim.

Bitib yolumda tək səbir,
Dost azalır, artır qəbir.
Əzrayıl da, bəsdir demir…
Əmin dərdlə, dolu köçdü…

Diriləri kim oyatsın?

Ruhu tənındən ayrılmış,
Sərsəri, dəli kimiyəm.
Sanmayın ki, yaşayıram,
İçimdə ölü kimiyəm…

Lap bu yolun ortasında,
Bir göyərən daşam, bəlkə.
Qaldırsalar yerdən məni,
Gözümdən yaş daşa bəlkə.

Gəl tüpürmə keçmişinə,
Yerdən aya ünün yetməz.
Əl çək adam, ket işinə,
Zaman – qaya… Gücün yetməz!

Toxunmayın, oyatmayın,
Yuxudadır insan hələ.
Bu dünyanı aldatmayın,
Belə dünya, çətin gələ…

Kim “ölübsə” mənim kimi,
İnanmıram rahat yatsın.
Gözüaçıq yatanları,
Diriləri kim oyatsın?