.....

.....

Vətən, canından əziz – Sevinc Nuruqızı

Vətən, canından əziz – Sevinc Nuruqızı

Vətən, canından əziz

Qayalara çırpılan
Dalğaların gümüşü…
Ulduzları oyadar
Gecə, körpə gülüşü…
Günəşin necə parlaq
Buludların tərtəmiz.
Mavisində yelləyir
Xatirələri dəniz…
Dünyada nəsə varmı/
Vətən, canından əziz?!

Cığıra işıq salıb
Ay səmada dopdolu.
Yarpaqlarla döşəyib
Meşə getdiyim yolu…
Uçuşan yarpaqların
Gözəlliyi qənirsiz…
Külək əsir, örtülür
Yarpaqlar üstdəki iz…
Dünyada nəsə varmı
Vətən, canından əziz?!

Bacalardan burulan
Tüstün səmaya cığır…
Sakit qış gecəsində
Göydən ulduzlar yağır.
Qar üstündə qaralır
Axşamüstü kölgəmiz.
Hər tərəf parıldayır
Yer bəmbəyaz, tərtəmiz.
Dünyada nəsə varmı
Vətən, canından əziz?!

Tumurcuqdan asılan
Şeh dənəsi bir almaz…
Gecə düşər, Ay çıxar
Nədən hava qaralmaz?!
Küləklərə ətrini
Çiləyər lalə, nərgiz…
Vətən, nə təkrarsızsan
Vətən, necə bənzərsiz…
Dünyada nəsə varmı, 
Söylə, canından əziz?!
Söylə, canından əziz?!