.....

.....

Vahid Əzizin şeirləri

Vahid Əzizin şeirləri

Daha bir diləyə üzüm gəlmədi…

… daha bir diləyə üzüm gəlmədi;
sordu: “İstəyin nə?”, dedim: “Varlığın!”,
hər kəs öz işini görə bilərdi –
nəyi pisimiş ki, “Çoxallahlığın?”.

Mənim dualarım nəzirlər kimi,
çox yerə paylansa pis olardı ki?
bütlər də olardı nazirlər kimi –
arxasız, dayaqsız kim qalardı ki?

Daha bir diləyə ürək etmədim,
buludlar aranı tuturdu hərdən,
həm də çoxusuna hələ yetmədim;
dil tapa bilmirəm mələkləriynən.

Nəyi pisimiş ki “Çoxallahlığın?”
qulaq çox olardı insan ahına!
hər kəsin, hər işin, hər dolaşığın
dərdi deyilərdi öz Allahına.

Olsun ki, üstümə hücum çəkəcək,
“kafir” bağıracaq din adamları,
Amma ki, Tanrımız əfv eləyəcək –
Tanıyır imanın yandıranları!

İmkan tapacaqmı bir qulaq asa
Qapısın döydüyüm qudurğan, harın,
Bu qədər “Allahlıq edən” vardısa
Nəyi pisimiş ki, “Çoxallahlığın…”!

Yuxumu alanın yuxusu daşdı…

Ona bax, necə də daş kimi yatıb!
yuxumu alanın yuxusu daşdı,
kəkliklər didəndə bayatı dadıb –
yalçın qayaların qoxusu daşdı.
Sürməli – gözünü yaşdan qorusun,
zülfün günəbaxan quşdan qorusun,
başlılar başını daşdan qorusun;
başıdaşlıların qorxusu daşdı!

Əhsən, ocaq daşı! – əyri də, düz də
cumub – qurşağadək oturdu közdə,
gül də atan olar, çiçək də, söz də;
mənə atılanın çoxusu daşdı!

Daşın da bəxtində o tay – bu tay var,
duydunmu sınında – daşda haray var!
“Kəhraba saray” var, “Altun saray” var –
amma hamısının yaxası daşdı.

Tez ol, tikilməyə başdan, evimiz,
dayan yüz illərlə – yaşdan evimiz!
Şuşada uçsa da daşdan evimiz,
qalxacaq, bünövrə soyxası daşdı!

Daş-qaşın özü də daşdan törənər,
həyatı öyrənən – daşdan öyrənər,
ömür, Vahid ƏZİZ, daşa dirənər;
çünki, torpağın da arxası daşdı…

Babam deyən nağıl-köhnə yenilik…

Babam deyən nağıl-köhnə yenilik:
“əyrisi-əyriydi, düzü-düz idi”.
Bəlkə olayları yalnış bilirik –
buralar dünyanın astar üzüdü?!

Xeyli dilək yazıb atdım dənizə,
insandan gileyim harasa üzür.
Əyri də dünyadan gileylənirsə;
yazıq dünyadır ki, bunlara dözür!

Tutaq, qanadlandım, həyana uçum?
nə göydə ulduzam, nə də yarasa.
Sənə bəxt qapısın nə cürə açım,
mən özüm-özümlə bacarmıramsa?

Yellər yerə səpdi sarmaşıqları,
çoxu-çiçək bildi, biçən olmadı.
Xan kimi böyüdü “ev uşaqları”,
“tamah dişlərini” çəkən olmadı!

Etdiyim söhbətin mətləbi nazik;
olmaya Şeytana Allah uduzmuş?!
Tanrı yaratdığın dağıdan bizik,
insan-yırtıcıdan daha quduzmuş!

Babam söylədiyi köhnə yenilik;
“əyrisi-əyriymiş, düzü-düz imiş”,
hərdən bu söhbətə şübhə edirik,
düz olan bu qədər əyilməzimiş…

Qılıncım özünü kəsdi qınında…

“Bizi hara çəkər köçün sarvanı?” –
soruşdu göllərin sonası məndən,
Abıra salardım gidi dünyanı
asılı olsaydı sonrası məndən.

Yenə də köç edib, mehrin salmadı,
bu il də baş alıb getdi, qalmadı –
köçkün dəstəsinə durna almadı,
qorxdu ki, pozular sırası mənnən,

qılıncım özünü kəsdi qınında –
ədalət carçısı haqqı dananda.
nöqsanı abartdım “Eşq qanununda” –
o vaxtdan düzəlmir arası mənnən.

Çeşmədə gəzilməz-qazmağı lildi,
yandıran da odur, yanan da dildi.
Gözümün bəyazı simə çəkildi,
gedər o dünyaya parası mənnən,

El-oba eşqinə həmdərd olan mən,
odlara atılıb haray salan mən.
Qarabağ dərdinə düçar olan mən –
qorxuram qocala yarası mənnən.

Mənim çoxlarından xeylidir fərqim,
qırdıqca, biçdikcə qalxıb cücərdim.
Can nədir? – onu da qurban verərdim
Yurdun bağlı olsa çarası mənnən…

Gözlərin…

Cəhd eləyir yurd-yuvamı dağıda,
Od yağdırır, daş ələyir gözlərin.
Can dalınca gəlmiş kimi – yuxuda,
Tutub məni silkələyir gözlərin.

Bu, nəyimiş? – Görünməyib beləsi,
Ölümdüsə, ölümlüyün eləsi,
Şeytandısa, Şeytan kimi söyləsin,
Adamdısa, nə diləyir gözlərin?

Qurban olum, axı nədir umacaq?
Elə yaxır, nəmənədir od–ocaq!
Zəlil qalsam günah sənin olacaq –
Heç bilirsən nə eləyir gözlərin?!

Leysan gedir, bəlkə yenə ağlayır?
Ağlım itir, bəlkə vaxtı saxlayır?
Kiprikləri elə açıb-bağlayır,
Elə bil ki, gül bələyir gözlərin.

Nəğmələrim gözəllərin dilində,
Namələrim xəzəllərin külündə,
Bir ömrüm var, o da sənin felində,
Daha nəylə hədələyir gözlərin?

Viran etsin, inandığı kardısa,
Atıb-getsin boylandığı kordusa,
Gözlərimə ədavəti vardısa –
Ürəyimə niyə dəyir gözlərin…

Yaman yada saldı
bu gecə səni…

Qəlbimi çəkdiyim həsrət üşüdür,
köksüm isitdikcə şəkillərini,
yoxluğun yandıran olmazdı bu cür,
yaman yada saldı bu gecə səni.

Səni xəyalımda tutub gedirəm,
Özgə kimim var ki, pənah gətirəm?
Qorxuram, özümü elə itirəm;
boynuna sarmanam görüncə səni.

İstəklər kor edib, ümid qırmışam,
şəkil var bozarır, daha yormuşam!
Evin bir küncündə evcik qurmuşam,
tapantək çəkəcəm bu küncə səni!

Yuxuda lal-dinməz keçdin yanımdan,
həyatda dözməzdim havalanmadan,
inan ki, canını dırnaqlarımnan
didərəm, yanımdan gedincə sənin.

Məhəbbət seliymiş, nə cür biləydim?
Apardı, daşlardan-daşlara dəydim,
hərdən düşünürəm: “Bəlkə öləydim,
bu cür heyran olub sevincə səni?..”

Ətrinmi ətrindən, saçınmı bu cür?
Yaman yada saldı bu gecəm səni.
baxma ki, sevgidən gözüm su içmir,
ölüncə yolunu güdəcəm sənin…