.....

.....

Xəyalə Sevildən yeni şeirlər

Xəyalə Sevildən yeni şeirlər

Mən indi hər şeyi unudum gərək,
Geriyə qayıdım o boyda yolu.
Bu da taleyimin məndən aldığı,
Bu da taleyimin quru sağ olu.

Özümdən yüz dəfə üzr istəyim,
Özümü son dəfə bağışlayımmı?
Mən heç həyatımda bu qədər kinli,
Bu qədər amansız olmadım, amma.

Mənim yerimdimi bu yer, İlahi?
Hər şeyə, hamıya naşı düşmüşəm.
Ah, mənim əvvəlki ağılsızlığım…
Hər şeyi sonradan başa düşmüşəm.


Birdən elə qəribsədim,
Birdən elə tək qaldım.
Çəkdim özümü yoldan
Bir ağacın altına
Düz səhərədək qaldım.
Boynumu asdığım ip
Boyunbağı,
Di gəl mənim
Görkəmimi yoxlamaz.
Bir canı-cəsədi
Yoxdu ki, bunun
Bu ip məni saxlamaz.


Öyrəndim ki, nə ilk, nə son kəs deyil,
Bu dünyada heç nə dözülməz deyil.
Ürəyimi sındırmağın bəs deyil?
Olan, qalan inamın da qaçdısa?..

Mən də səni dağ bilmişdim, eh, çətin,
İlk fürsətdə tükəndi cəsarətin.
Bu bədəni, boy-buxunu nə edim?
Əgər için cılızdısa, boşdusa.

Yarı yolda qırıldı ki ruh bağı,
Uzaq dayan, görünmə heç, ha baxım.
Əl altında saxladım ayrılığı,
Ayrılaq də, sənə necə xoşdusa.