Ürəyimdən gəlməyən
Əlimdən də gəlmir heç,
Həvəssizəm nə vaxtdı.
Ağlıma qarışıq fikirlər gəlir:
Dünyanın ən şirin yuxusu elə
Yatıb oyanmamaqdı…
Bir yarpaq da tərpənmir
Bu sükutun üstünə,
Səssizlik hayana
İtələyir bəs məni?
Bir yolum da yoxdur ki,
Deyim, yolumdan edir
Bu naməlum kəs məni.
Mən hər gecə ruhumu
Asıb Ay işığından,
Qurudub götürürəm.
Götürməzdim, bəlkə də,
Unudub götürürəm.
Tale başıma gələn,
Ya gəlməyəndi?- bilmirəm.
Ən çox kimin sözü keçir,
Kim deyəndi?- bilmirəm.
Hamının bir tayı varsa,
Hansı cütün təkiyəm?
Kimin həyatındakı,
Kimin könlündəkiyəm?..
***
Həyat yolda öyrənilir,
Dayanma, dedim özümə.
Sonra ürəyimi açdım-
Heç kimə yox,
Öz üzümə.
Təklənəndə nə pis olur
Adamların çoxluğu.
Görən, kimə yer eləyər,
Getsəm, mənim yoxluğum?
Gün bozardı,
Axşam düşdü,
Payız başqa fəsildi.
Gecədən yağan gözlərim
Səhərəcən kəsildi.
Bir ruhumun canı çatmır,
Bir əlimin əsası.
Mən də belə qocalıram,
Uzun sözün qısası.
***
Ağır oldu bu günüm,
Yükünü yerə qoydum.
Gözlərimdə cüt damla-
Təkini yerə qoydum,
Gəlmədiyim yoldu bu,
Ondan nabələdəm mən.
Əvvəl bir nəfəriydim,
İndi bir ədədəm mən.
Hardasan, ev yiyəsi,
Bu bədəndə ruh yoxmu?..
İçim-çölüm adamsız,
Qorxuludu! Yuxumu?
Ölməyə könüllülər
Yaşamağa məcbursa.
Həyat nədir ki, guya?
Cəmi bir canı varsa…
***
İndən belə nə mənası,
Az elədin, çox elədin.
Sən də belə sehrbazsan,
Öz-özünü yox elədin.
Gün batdı, Ayam özümə,
Səhvəm, cəzayam özümə.
Gül kimi payam, özümə
Gör kimi qucaq elədim!
And deyilsən, içim səni,
Yol verdin ki, keçim səni.
Saxlamağa gücüm səni
Çatardı, uzaq elədim.
***
Məndə məhəbbət axtarma,
Ay başına dönüm, yoxdu.
Xətrimə elə dəymisən,
Səndən pis heç kimim yoxdu.
Oxuyub çevirdin məni,
Çevirdin astar üzümə.
Sənə içimi göstərdim,
Demədim ki, vur üzümə.
Yanımda kölgədi ruhum,
Özümdən çıxmışam mən də.
Quruca ürəyim qalıb,
O da açılmır sinəmdə.
***
Ürəyimdən olsaydı,
Nə boyda yol yürürdü.
Nolsun ki, sən görmədin,
Allah özü görürdü.
Sonradan anlamışam,
Kim cütüydü, kim təkdi.
Səndən getməyin yolu
Başıaşağı getməkdi.
Mən də yeni öyrəndim,
Ən yaxşısı budur də.
Adam sevib unutmur,
Darıxıb unudur də…
Xəyalə Sevil